Dərc edilib: 11-05-2017

https://www.nuh.az/10716-.html

Quba məzarlığındakı insan sümükləri dəfn olunmalıdır

11.05.2017 11:27:38

Cəmiyyət

 

NUH.az-ın baş redaktoru Kamran  Məhərrəmli  Prezident İlham Əliyevə və  Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib.

 

Möhtərəm Prezident!


Bir neçə gün əvvəl hörmətli  deputatımız Vahid Əhmədov Quba məzarlığının uçulub dağılmasının, məzarlıqdakı insan sümüklərinin çürüməsinin qarşısını almaq, erməni vəhşiliyinin canlı sübutu olan məzarlığın xüsusi qorunmasına ( şüşə örtüklə örtülməsinə ) köməklik göstərilməsi üçün Sizə müraciət etmişdi.

Çox sağ olun ki, deputatın qaldırdığı məsələyə  dərhal müsbət reaksiya verdiniz.

 

Cənab Prezident!

 

Quba məzarlığı ilə bağlı təxminən 7-8 il öncə hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva da parlamentdə həyəcan siqnalı çalmışdı: “Quba məzarlığında insan sümükləri çürüyür. Bu prosesin qarşısını almaq üçün kimyəvi maddələrə ehtiyac var.  Sümüklər soyqırımı sübut etmək üçün çox vacibdir. Quba məzarlığı önəmli tariximizdir və bu tarixin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərimizi sürətləndirməli, dünyaya göstərməliyik ki, ermənilər hansı vəhşilikləri törədiblər”.

Cənab Prezident!

Siz həmin vaxt, yəni Qənirə xanımın müraciətindən dərhal sonra da Quba məzarlığının qorunması üçün göstərişlər verdiniz və xeyli işlər görüldü.

Bütün bunlar üçün çox sağ olun.

Amma mənə elə gəlir ki, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş günahsız körpələrin, qadınların, qocaların sümüklərini  müqəddəs dinimizə, adət-ənənəmizə uyğun olaraq  dəfn etməyin zamanı çatıb.

Mən  deputatlarımızın həyəcanını, həmin məzarlığın tarixi əhəmiyyətini anlayıram. Məqsəd erməni vəhşiliyini dünya ictimaiyyətinə göstərməkdir. Axı, bunun üçün normal-sivil yollar var, indi XXI əsrdir.

Ona görə də, dünyanın bir neçə tanınmış informasiya agentliyini, telekanallarını dəvət edib, soyqırım faktlarını, insan sümüklərini dünya ictimaiyyətinə nümayiş etdirib, mərhumları  dəfn etmək  olar.

Onsuz da bu mərhumlar erməni daşnakları tərəfindən görünməmiş vəhşiliklə qətlə yetiriliblər. Bizim onları yağışın-qarın altında, lap şüşə örtükdə  dünyaya nümayiş etdirməyimizi nə Allah, nə də mərhumların ruhu bizə bağışlayar.

Həm də unutmamalıyıq ki, bu şəxslər bizim atalarımız, analarımız, bacı-qardaşlarımızdır. Bir anlığa hər birimiz öz atamızı, anamızı, doğmalarımızı, lap özümüzü  gəlib-gedənə nümayiş etdirilən sümüklərin sahibinin yerində hiss edək. Yəni məsələnin bir  insani tərəfi də var.

 

Cənab Prezident!

 

Əvvəlcədən  bilirəm ki, mənim bu təklifim birmənalı qarşılanmayacq, amma yenə  o fikirdəyəm ki, Quba məzarlığı ilə bağlı qərar verməyin zamanı çatıb və Quba məzarlığındakı insan sümükləri  dəfn olunmalıdır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib