Ölkədə çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, çoxuşaqlı ailə statusu yalnız beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin son illərdə bu tələbin yumşaldılması və 3 uşağı olan ailələrin də çoxuşaqlı hesab edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Mövcud təkliflər üzərində iş aparılır və onların ölkənin demoqrafik inkişafına dair hazırlanacaq dövlət proqramına daxil edilməsi nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, belə bir addım ailələrin sosial rifahına müsbət təsir göstərə bilər və doğum səviyyəsinin artırılmasına töhfə verə bilər.
Statistikaya əsasən, hazırda ölkədə bu kateqoriyaya aid olan 100 mindən çox ailə var. Əgər qanunvericilikdə dəyişiklik edilərsə, həmin ailələr də çoxuşaqlı statusu alacaq və onların uşaqları sosial müavinətlərdən yararlanmaq hüququ əldə edəcəklər. Bu isə daha çox ailənin dövlət dəstəyindən faydalanmasını təmin edəcək.
Məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı news24.az-a açıqlamasında bildirib ki, artıq uzun illərdir Azərbaycanda faktiki olaraq çoxuşaqlı ailə modeli 3 uşaqdan ibarətdir:
"Biz artıq biruşaqlı ailə modelinə keçmişik. Az-az hallarda bəzi ailələrdə 2 uşaq olur. 3 uşaqlı ailə olması artıq maksimum nəticədir və bu, ölkədə çoxuşaqlı ailə sayılır. Baxmayaraq ki, qanunda 5 və daha artıq uşağı olanlara müavinət verilir. Artıq heç bir ailədə 6 uşaq olmur, çox nadir hallarda bu baş verir. 4-5 uşaqlı ailələr ağır vəziyyətdə yaşayır. Bugünkü əməkhaqqı məbləği ilə ailələr maksimum 1-2 uşağı saxlaya bilərlər. 3 uşaq artıq həm psixoloji, həm də sosial baxımdan çoxuşaqlı ailə hesab edilir. Millətin davamlılığı üçün minimum uşaq sayı 3-dür".
Ekspert qeyd edib ki, dünya ölkələrində doğum səviyyəsinin azalmaması üçün müxtəlif sosial proqramlar həyata keçirilir:
"Müxtəlif ölkələrdə bunun qarşısını almaq üçün sosial proqramlar var. Bizdə uzun illərdir bu məsələ müzakirə olunur, lakin hələ ki, heç bir nəticə yoxdur. Heç olmasa, 3 və daha çox uşağı olan ailələrə sosial yardım ayrılmalıdır. Evlənmələrin sayı azalıb, boşanmalar artıb. Uşaqpulunun verilməsi mümkündür, lakin hələ ki, belə bir qərar qəbul olunmur. Cəmiyyət olaraq daha ciddi problemlərin yaşanmaması üçün bunun qarşısı alınmalıdır".
Ekspert bildirib ki, mövcud statistikaya görə, Azərbaycanda 3 və daha çox uşağı olan 100 mindən çox ailə var. Əgər qanunvericilikdə dəyişiklik edilərsə, bu ailələr də çoxuşaqlı statusu alacaq və dövlət dəstəyindən yararlana biləcəklər.