Rusiyada Ukraynaya qarşı aparılan işğalçı savaşın iştirakçıları geri döndükdən sonra mülki əhaliyə qarşı əsl dəhşət saçırlar.
Musavat.com xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Xüsusi hərbi əməliyyat”ın “qəhrəmanları” tərəfindən ən azı 5 uşaq qətlinin törədildiyini müəyyən edib.
Qətllərin əksəriyyəti müharibənin üçüncü ilində baş verib. İndi bu cür ölüm hadisələri demək olar ki, hər ay baş verir.
Bu yaxınlarda 11 yaşlı məktəbli Anastasiya Yakinanın zorlanaraq öldürülməsi bütün ölkəni şoka salıb. Keçmiş “vaqnerçi” Vladimir Aleksandrov Nijni Tagildə həmin qətlə görə həbs edilib. O, uşağın ailəsi ilə eyni yataqxanada yaşayırmış. Bir gün evin böyüklərinin getməsini gözləyib, daha sonra Nastyaya hücum edərək onu zorlayaraq öldürüb.
İstintaq Komitəsinin məlumatına görə, Permdə 7 yaşlı başqa bir qız və anası bu ilin avqust ayında Ukraynada döyüşüb qayıdan Artem Buçin tərəfindən öldürülüb.
Qeyd edək ki, bu quldur Ukraynaya cəzasını çəkdiyi həbsxanadan göndərilib. Həbsxanada isə o, qətl və zorlama hadisəsinə görə yatırmış.
Bu ilin iyun ayında əvvəllər bir neçə dəfə məhkum olunmuş Andrey Bıkov Kemerovo vilayətində 12 yaşlı məktəbli qızı zorlayıb və öldürüb. İstintaq Komitəsinin məlumatına görə, o, ən azı iki dəfə qızın sinə nahiyəsinə bıçaqla zərbə endirib və onu şalvarı ilə boğub.
Bu ilin may ayında Rostov vilayətində Ukraynada savaşan müqaviləli əsgər Ruslan Şingirey 8 yaşlı qızı boğub. İstintaq Komitəsindən məlum olub ki, o, uşağı aldadıb maşına mindirib və kimsəsiz yerə aparıb.
2023-cü ilin oktyabrında Lipetskdən olan “vaqnerçi” Vladimir Vlasov 4 yaşlı qızı öldürüb. O, sərxoş halda həyat yoldaşı ilə mübahisə edərkən xanımının birinci nikahdan olan qızını bir neçə dəfə vurub. Bu ilin iyun ayında məhkəmə ona 14 il azadlıqdan məhrumetmə cəzası verib.
Musavat.com