Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)
Siyasət8 noyabr 2024 18:54
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.
Sonra Prezident İlham Əliyev meydanda və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlə tanış olub.
Qeyd edək, ki, Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən 2010-cu il noyabrın 9-da açılıb. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Muzeyə gələn qonaqlara hər bir tarixi nümunə haqqında təfsilatlı məlumatlar verilib.
2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində işlər görüb, eksponat sayını 431-ə çatdırıblar.
Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan "Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.
Muzey altı sərgi salonundan ibarətdir.
A Sərgi salonunda ölkəmizin qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar və XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.
B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 1918-ci il dekabrın 7-də asılan Dövlət bayrağı, həmin dövrə aid fotoşəkillər, pul əskinazları, poçt markaları, eləcə də keçmiş Azərbaycan SSR-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunan konstitusiyaları, pul əskinazları və poçt markaları təqdim edilir.
C Sərgi salonundakı eksponatlar isə müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli Lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Prezidentinin ştandartı, dövlətimizin orden və medalları, Azərbaycan Konstitusiyası, eləcə də, Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrinə sancılmış Dövlət bayrağı nümayiş etdirilir. Salonda Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli və "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 2009-cu il 17 noyabr tarixli sərəncamlar, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli Qərarından ibarət stend yerləşdirilib.
Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları isə muzeyin D salonunda sərgilənir.
E və F salonlarında Azərbaycanın hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.
Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar nümayiş olunur.
12.27Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.
Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.
Prezident İlham Əliyevin müraciəti
- Əziz həmvətənlər.
Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm.
Hər birimiz üçün əziz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.
Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.
Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün "Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.
İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.
Müharibə dövründə Ermənistan hərbi cinayətlər törətmişdir, dinc şəhərlərimizi bombalayırdı, "İsgəndər M”, "Toçka U”, "Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi. Əksinə, dağıntılardan öz yaxınlarının meyitlərini çıxaran bizim soydaşlarımız bir amalla yaşayırdı ki, təki müharibə dayanmasın. Biz müharibəni vaxtında dayandırdıq və mən müharibənin ilk günündə demişdim ki, düşmən torpaqlarımızdan çıxmaq cədvəlini bizə verməlidir - nə vaxt hansı bölgədən çıxır, ondan sonra biz müharibəni dayandıracağıq. Ancaq bəzi insanlar, - bu, təbiidir, - hesab edirdilər ki, Azərbaycan rəhbərliyi bu beynəlxalq ermənipərəst qüvvələrin təzyiqinə davam gətirə bilməyə bilər və xalqımız narahat idi ki, işimiz yarımçıq qalacaq. Bu, təbiidir, çünki Azərbaycan o qədər də böyük dövlət deyil. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ona görə, təbii olaraq Azərbaycan vətəndaşlarının bəziləri narahat idi ki, müharibə yarımçıq qalacaq, biz öz istədiyimizə nail ola bilməyəcəyik, bizi kimsə dayandıracaq. Amma mən dedim, yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədaləti bərpa edəcəyik, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistana onun yerini göstərəcəyik.
2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq.
Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi - ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.
Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.
Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar.
Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.
Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!
11.48Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.
11.01Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.
Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Daha sonra dövlət başçısı xalqa müraciət edib.
Oxşar xəbərlər
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- NAR uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
20 noyabr 2024 20:46
- Heydər Əliyevin MÜHAFİZƏÇİSİ NƏLƏR DANIŞDI ...
20 noyabr 2024 19:37
- Pezeşkiandan ŞOK QƏRAR - İranın paytaxtı...
20 noyabr 2024 18:46
- Ağacan Abıyevin vəziyyəti pisləşdi - Xəstəxanaya qaldırıldı
20 noyabr 2024 17:18
- Fransanın səfiri XİN-ə çağırıldı (RƏSMİ)
20 noyabr 2024 15:03
- Ağdamın işğaldan azad olunmasından 4 il ötür
20 noyabr 2024 11:30
- Qarakənd faciəsindən 33 il ötür
20 noyabr 2024 09:41
- Prezident onları hakim təyin etdi - Sərəncam
20 noyabr 2024 09:28
Xəbər lenti
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 21:35
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 21:11
- NAR uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
20 noyabr 20:46
- İmran Xan azadlığa buraxıldı
20 noyabr 20:22
- Heydər Əliyevin MÜHAFİZƏÇİSİ NƏLƏR DANIŞDI ...
20 noyabr 19:37
- Sumqayıt hadisələrinə görə EDAM OLUNAN Əhməd Əhmədovun bacısı DANIŞDI - VİDEO
20 noyabr 19:19
- Pezeşkiandan ŞOK QƏRAR - İranın paytaxtı...
20 noyabr 18:46
- Ağacan Abıyevin vəziyyəti pisləşdi - Xəstəxanaya qaldırıldı
20 noyabr 17:18
- Fransanın səfiri XİN-ə çağırıldı (RƏSMİ)
20 noyabr 15:03
- Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
20 noyabr 13:26
- Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
20 noyabr 13:13
- Ağdamın işğaldan azad olunmasından 4 il ötür
20 noyabr 11:30
- Trampın yüksək vəzifə verdiyi türk həkim KİMDİR... - DOSYE
20 noyabr 10:29
- Qarakənd faciəsindən 33 il ötür
20 noyabr 09:41
- Prezident onları hakim təyin etdi - Sərəncam
20 noyabr 09:28
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 23:35
- General onu rəis təyin etdi - Foto
18 noyabr 22:43
- NAR-ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
18 noyabr 22:32
- Bakı Metropoliteni Holcim şirkətindən 1,8 milyonluq sement alacaq
18 noyabr 21:25
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 19:50
- Qoşqar Təhməzlinin qardaşının şirkətini yüksək məbləğdə cərimə gözləyir
18 noyabr 19:17
- İlham Əliyev bu qanunu təsdiqlədi: 15 IL HƏBS ...
18 noyabr 19:05
- Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı — 400 min manatlıq yeyinti işi
18 noyabr 17:26
- Korrupsiyada adı hallanan vəzifəli şəxsləri GECƏ PALTARINDA xalqın qarşısına çıxardılar - FOTO
18 noyabr 17:15
- Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
18 noyabr 14:21
- Gələn il dəfn üçün ÖLÜ PULU 960 manat olacaq
18 noyabr 14:07
- Gələn il minimum əmək haqqı və pensiya NEÇƏ MANAT OLACAQ ? –Qanun layihəsi
18 noyabr 13:49
- Azərbaycanda bu universitetlərə 27 milyon ayrılır
18 noyabr 12:15
- Prezident Siluanov və Slutski ilə görüşdü - Foto
18 noyabr 11:10
- Biz istərdik ki, Milli Dirçəliş Gününü Azadlıq meydanında qeyd edək...
18 noyabr 10:57
Video & Fotoqalereya
Video
Fotoqalereya