Laçın impressionizmi
Laçın azad olunandan sonra ilk gəlişim 2023-cü ilin iyul ayında olub. Heç vaxt unutmaram. Dostum Taleh Şahsuvarovla gəlmişdim. Güləbirdə çatmamış Laçının havasını, Həkərinin təravətini, ətrini duydum. Laçına qədər yolu qarışıq duyğularla, bir az həyəcanla, kədər oyadan xatirələrlə gəldim. Çaydan şəhərə qalxanda qəhər məni boğdu. Göz yaşlarım axmağa başladı. Məkan həmin məkan, amma vaxt başqadır. Doğmalarım, dostlarım yoxdur bu şəhərdə. Onları daha görməyəcəyəm. Hönkürdüm və Talehin əlini biləyimdə hiss etdim. Qolumdan yapışdı. Bu, məni anlayan, duyan bir dost əliydi. Toxtadım. Özümə gəldim. Gecəni Kampda qaldıq. Səhər saat beşdə oyandım və yata bilmədim. Rəsm çəkməyə başladım. Bu, etüd rəsm çəkməkdən daha çox, doğma yurduna qayıdan rəssamın ritualı, ayini idi. Günəş qalxır, ətraf aydınlaşırdı.
Şəhərin harasında olduğumu əvvəlcə anlamadım. Daha sonra başqa insanların söhbətlərindən də məlum oldu ki, yenidən Laçına gələndə məkanı müəyyənləşdirməkdə, orientasiyada çətinlik çəkirlər. Şəhər dağıntıya məruz qalıb və yenidən qurulur. Sənə tanış olan çox yeri ya tanımırsan, ya tapa bilmirsən. Həmin səfərdə Laçında az qaldıq, cəmi 3 gün. Bakıya qayıtdım. Amma rahat deyildim və fikrim Laçındaydı. Yenidən Laçına getdim. Bu dəfə bir qədər qaldım və işlədim. Laçının yeni görüntülərini, mənzərələrini çəkdim. Elə 2023-cü ilin avqust ayında həmin rəsmlərdən bir çoxunu sərgi üçün təqdim etdim. Rəsmlər daha sonra Bakıda 18-19 dekabrda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Mədəni irs forumu çərçivəsindəki rəssamlıq sərgisində nümayiş etdirildi.
Həyatdakı ən böyük arzularımdan birinə çatmışdım. Doğma dağlarımı yenidən gördüm. Onlarla görüşdüm. Arzularımdan biri də torpaqlarımızı işğaldan azad edən, xalqımızı Böyük Zəfərə qovuşduran Ali Baş Komandanın, Böyük Şəxsiyyət, Qarabağ Fatehinin əlini sıxaraq bir laçınlı kimi, bir Azərbaycan vətəndaşı kimi təşəkkür etmək idi. Bu arzuma da çatdım. İyirmi altı avqust 2023-cü il tarixdə Laçın şəhəri günü keçirilirdi. Rəssamlarımızın bu mövzuda sərgisi təşkil olunmuşdu. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgiyə baxmağa gəlmişdilər və onlarla görüşdüm, bir laçınlı olaraq təşəkkürlərimi, minnətdarlığımı bildirdim.
Bir Azərbaycan vətəndaşı olaraq hörmətli Prezidentimizi çox yüksək qiymətləndirirəm. Cənab Prezident həm bir dövlət başçısı, siyasətçi, həm də bir insan kimi ən yüksək qiymətə layiqdir. Hər şeydən əvvəl cənab Prezidentin sadəliyinə, səmimiliyinə və vətənpərvərliyinə heyranam. Bir insan olaraq onu çox gözəl başa düşürəm. İstər Cəbrayılda çinara toxunaraq onu qucaqlayanda, istər Həkərini görərkən emosionallıqla “Nə gözəl çaydır” deyərkən, istər Zəngilanda ayaqlarını soyunaraq suya girərkən. İstər Laçınım mahnısına qulaq asarkən təsirlənərkən. Laçında sərgidəki görüşümüzdə “Kəlbəcəri də çəkin, Kəlbəcər - çox gözəldir” dedi. O qədər misal çəkmək olar ki. Bütün bunlar cənab Prezidentin Vətən sevgisinin, vətənpərvərliyinin ifadəsidir. Mən Vətən həsrətinin və Vətənə qovuşmağın nə olduğunu gözəl bilirəm. Cənab Prezidentin vətənpərvərliyi hər bir azərbaycanlıya örnək ola biləcək yüksək ideyalara, vətən sevgisinə əsaslanır. Azərbaycanın torpaqlarını işğaldan azad edərək Böyük Zəfər əldə etməsində, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında, ordu quruculuğunda, çox düzgün mükəmməl xarici siyasət həyata keçirərək siyasi hüquqi diplomatik sahədə ölkəmizin mövqeyinin möhkəmləndirilməsində bu, həlledici rol oynadı. Azərbaycanın torpaqlarının işğaldan azad olunması bizə böyük sevinc, sonsuz bir ruh yüksəkliyi bəxş etdi və məğlub xalq sindromundan qurtardı. İşğaldan azad edilmiş torpaqlarda böyük bərpa və quruculuq işlərinin başlanması və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, məskunlaşdırılması da cənab Prezidentin ölkəmiz, xalqımız üçün son dərəcə əhəmiyyətli vacib siyasətinin həyata keçirilməsidir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizə Tanrıdan rəhmət diləyirik. Onların ruhları qarşısında baş əyirik. Qazilərimizə, əsgər və zabitlərimizə təşəkkürlərimizi bildiririk.
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi, daha sonra uğurla tamamlanan antiterror əməliyyatları, Qarabağın bütünlüklə separatçılardan, terrorçulardan təmizlənməsi, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tamamilə bərpa olunması böyük sevinc və fərəh hissi ilə bərabər, bir rəssam kimi mənə coşqun yaradıcılıq motivasiyası verdi.
2021-ci ilin 1 dekabrında Bakıda Muzey Mərkəzində Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə mənim “Can Laçın” adlı fərdi sərgim açıldı. Sərgi Laçın şəhərinin və rayonunun işğaldan azad olunmasının 1 illiyinə həsr olunmuşdu. Sərginin təşəbbüskarı mərhum millət vəkili Qənirə xanım Paşayevanın xatirəsini hörmətlə anıram. Həmin sərgidə işğaldan əvvəl çəkdiyim əsərlər və sonrakı rəsmlər yer almışdı. Amma onda hələ azad olunmuş Laçına getməmişdim. Laçına ilk səfərim 2023-cü ilin iyul ayında baş tutdu. Elə bu səfər mənim azad Laçına həsr olunmuş yeni rəsmlər silsiləsinin başlanğıcı oldu. 2024-cü ilin mayında Laçına qısa bir neçə günlük, iyulda isə daha bir səfərim oldu. Laçında qısa bir müddət ərzində 40 rəsm çəkdim. Beləliklə, işğaldan sonra Laçına səfərlərim nəticəsində təxminən 70-ə yaxın rəsm çəkmişəm. Məncə, məsələ sayda deyil. Bu rəsmlər mənim üçün çox qiymətlidir və əhəmiyyətlidir. Mən onları hansı şəraitdə və necə işləmişəm. Laçında mənim evim yoxdur, dağıdılıb. Ancaq etüdlər, eskizlər, qaralamalar çəkə bilirəm. Laçına gedərkən ilk dəfə kampda qalmışam. Sonra dövlət xətti il getdiyimizdən bizi yerləşdirmişdilər. İndi artıq laçınlılar köçüb və orada qohumlarım var. Sağ olsunlar, məni çox xoş qarşılayır və qonaqpərvərliklərini əsirgəmirlər. Laçında mənim mənzilim vardı. Minlərlə rəsmlərim və digər kolleksiyalarım, kitablarım, fotolarım hamısı bu mənzildə idi. Laçın işğal olunan zaman hər şey bir anda məhv oldu. Məni ən çox yandıran rəsmlərimdir. Onların sayı bir neçə mini keçir. Bilirəm, daha o rəsmləri heç zaman görməyəcəyəm. Ona görə də yeni rəsmlərim mənim üçün bu qədər əhəmiyyət daşıyır. Laçın saysız-hesabsız gözəlliklər diyarıdır. Təbiət bu yurddan heç nə əsirgəməyib. Maraqlısı da odur ki, bu gözəlliklərin heç biri digərini təkrar etmir. Laçın şəhəri xarabalıqlardan dirçələrək yenidən qurulur. Evlər bərpa olunur və sakinlər köçürülür. Bu, yeni bir Laçındır. Yeni evlər, parklar, yollar, küçələr. Laçın şəhərinin özündə o qədər maraqlı motivlər, panoramlar və mənzərlər tapmaq mümkündür ki. Mən əsasən bu istiqamətdə çalışmışam. Bu, hələ başlanğıcdır.
Etüdlər çəkmək rəssamın işində, yaradıcılığında çox vacibdir. İşləyərkən seçdiyin mənzərənin sənə təsirini etüddə əks elətdirmək istəyirsən. Hər rəssamın özünün bir seçimi ola bilər. Çəkdiyi rəsmdə nəyi ifadə etmək istəyir. Mənzərədə ona təsir edən nədir və s. Etüdlərimi çəkərkən heç zaman fotoqrafik, real dəqiqliklə mənzərəni köçürməyə çalışmıram. Bu, mənim məqsədim deyil. Mənə görə əsas olan təsirlənmək və bu təsiri etüdündə əks etdirməkdir. Laçında avqust ayında etüdlərimi işlərkən tez-tez impressionizmi və postimpressionizmi xatırlayırdım. Hesab edirəm ki, bu, normaldır. Daha çox Van Qoqu tez-tez xatırlayırdım. Etüdlərimi izləyən dostum Taleh Şahsuvarov yüksək jurnalist professionallığı ilə bu məqamı çox gözəl tutub.
Yusifin əsərlərində ekspressionistlərə xas sərbəst və təsirli toxunuşlar var. Bu toxunuşlar sənətkarın duyğularını və daxili aləmini ifadə etməyə yönəlir. Yusifin əsərlərində impressionistlərə xas işıq və rəng dəyişkənliyinin təsviri üçün istifadə olunan qısa və sürətli fırça zərbələri var. Sənətkar tablolarının müxtəlif parçalarında əsrarəngiz tonlar yaradır. Nəticədə sanki təbiət gözlərimizin önündə hərəkət edir, sərbəst bir şüur axını kimi azadlığa qovuşur. Bəzən rənglər o qədər güclü, ziddiyyətli və qeyri-dəqiq olur ki, sənətkarı aparıb fovistlərin cərgəsinə qoymaq istəyirsən. Bəzən də kompozisiyalar elə simmetrik strukturlaşdırılır ki, post-impressionizmin havası adamı bir nöqtəyə kilidləyir.
Deyim ki, Taleh tamamilə haqlıdır. İstər ekspressionizm haqqında, istərsə imperessionizm haqqında. Hələ yaradıcılığımın işğaldan əvvəlki Laçın dövründə etüdlər edirdim və bu etüdlərdə impressionizm köməyə çatırdı. Onların biri xüsusilə yadımdadır. Balaca bir kənd motivi idi. Həmin etüd indi məndə deyil. Şəxsi kolleksiyaların birindədir. Ekspresionizm mənə yad deyil. Son bir neçə ildə rəsmlərimdə ekspressionizm elementlərindən və metodlarından istifadə etməyə başladım və bu cəhdlər uğurlu oldu. Pollokun yaradıcılığı ilə maraqlanmışam. Əsərlərini gözdən keçirmişəm. Yeri gəlmişkən, ekspressionizm təkcə Pollok deyil. Ekspressionizm bir metod kimi maraqlıdır. Rəsmlərə həyat, nəbz, nəfəs, ritm, dinamika vermək baxımından yerinə düşür. Eyni zamanda rəssamın, yaradıcı şəxsin fikir və düşüncələrini, hiss və həyəcanlarını, bir sözlə, daxili dünyasını ifadə etməyə kömək edir.
Dərin psixoloji gərginlik və ciddi travma var bu tabloda. Hamımız bu vəziyyətdə deyilikmi? İntəhası, Yusif üzə vurur öz hiddətini, rənglərdən və formalardan dinamik və qeyri-sabit istifadə edərək 30 illik həsrət və məcburi köçkünlük həyatının izlərini əks etdirir kətanda. Fırça keçmişdə yaşanan travmaları və bu travmaların yaratdığı qayğıları rəssamın şüuraltından dartıb çıxarır. Qələbə ilə bitən mübarizə belədir, cəsarət verir, cəsarətlə keçmişlə üzləşir və gələcəyə ümidlə baxırsan.
Haqlısan Dostum, haqlısan. Eyni hissləri, eyni həsrəti, nostaljini yaşamışıq. Eyni dərdə köklənmişik. Elə ona görə də yaşadığım hissləri, dərdləri, əzabları bu qədər yaxından duyur, anlayırsan.
Bir türkünün sözlərini heç unuda bilmirəm.
Aşan bilir qarlı dağın ardını.
Çəkən bilir ayrılığın dərdini.
Bu ayrılığı çox çəkdik. Bu həsrəti, nisgili yaşadıq. İndi qəlbimizin yaralarını, aldığımız travmaları sağaltmağa, dərdimizi ovutmağa çalışırıq. Mənim missiyam bir rəssam olaraq Laçının və azad olunmuş bütün ərazilərin gözəlliklərini rəsmlərim vasitəsi ilə ifadə etmək, göstərməkdir. Bu, sadəcə mənzərə rəssamlığına olan həvəs və maraq deyil. Eyni zamanda 30 ilə yaxın bir dövrdə məruz qaldığımız haqsızlığa sənət vasitəsiylə bir etirazdır. Məndə işğaldan əvvəl çəkdiyim rəsmlər də var. Bunları müqayisə edərkən yaşadığımız faciəni, həsrəti, nisgili və sonda Böyük Zəfərimizi, Qələbəmizi bütünlüklə anlayırıq.
İşğaldan sonrakı Laçın rəsmlərimi işləyərkən çox şeyi unudaraq yalnız çəkdiyim mənzərə və rəsmlə oluram. Çox şey düşünməyərək rəsm üzərində çalışır, işləyirəm. Rəsmi bitirdikdən sonra onu diqqətlə nəzərdən keçirir, öyrənir, araşdırıram. Nəticədən razı qalıb-qalmamağından asılı olmayaraq bu, artıq işdir və bu şəklidə də davam edirəm. Rəsm üzərində çalışarkən kiminsə mane olmaması üçün səhər erkən işə başlayır, artıq gün qalxanda bitirirdim. Rəsmlərdəki qeyri-adilik yaşadığımız hisslərlə, duyğularla sıx bağlıdır. Düşüncələrimizdən tutmuş hisslərimiz, daxili gərginliyimiz, bir sözlə, hər şey var bu rəsmlərdə. Dostum Taleh Şahsuvarov rəsmlərimdən təsirlənərkən bu fikirlərə gəlməkdə tamamilə haqlıdır. Bu rəsmlərdə xoş bir impressionizm var. Bu, işin peşəkarlıq tərəfidir. Hətta rəsmlərimi çəkərkən Van Qoqu xatırlamağım da təsadüfi deyildi. Mən sənətin mistikasına inanan bir rəssamam. Hətta bir anlığa mən hiss etdim ki, Van Qoq mənimlə bərabərdir. Onun ruhu mənə kömək edir. Sənətdə olur belə şeylər. Ruhsuz və yaxud ruhlarsız sənət, sənət olmazdı. Biz dahi sənətkarlardan, ustadlardan öyrənirik. Demək olar ki, özümüzü nə vaxtsa onların tələbələri kimi hiss edirik. İnsanlığın zəngin mədəni isrini yaşadan və qoruyan elə ən çox bu yanaşmadır. Laçının azadlığından sonra burada başladığım silsilə rəsmləri Laçın impressionizmi deyə müəyyənləşdirdim. Bu rəsmlərin çoxunu oil pastellə və akvarel boya ilə işləmişəm. İstənilən materialla rəsm çəkmək olar. Bunlar etüdlərdir və daha sanballı, bitkin əsərlərin əsasıdır. Sonra kətan üzərində yağlı və akrilik boyalarla işləri davam etdirməyi düşünürəm. Laçın-Şuşa yolu rəsmim kətan üzərində akrilik boya ilə işlənib və Laçın gününə həsr olunmuş sərgidə nümayiş etdirilib. Bu əsər sentyabr ayında daha bir sərgidə nümayiş etdiriləcək. 2024-cü ilin iyul-avqust dövründə akvarellə çəkdiyim bir neçə rəsm artıq bir kolleksiyadadır. Bu rəsmləri sosial şəbəkələrdə paylaşdım. Dərhal rəsmlərə maraq göstərdilər. Həm Azərbaycandan, həm də xarici ölkələrdən. Amma mənim üçün bu işin davamı daha vacibdir. Sənət qeyri-adiliyi və gözlənilməzliyi ilə gözəl və maraqlıdır. Avqust ayında yaşadığım evin həyətindən tapdığım metal və daşlarla bir neçə heykəl düzəltdim. Heykəllər modern stildədir və maraqlı sənətkarlıq xüsusiyyətlərinə malikdir. Bu heykəllərin yaranması mənim özüm üçün belə gözlənilməz oldu. Heykəllərin hazırlanmasında çox bacarıqlı bir usta Cənnət Heydərov mənə kömək etdi. Ona öz təşəkkürlərimi bildirirəm. Heykəllər 26 avqust 2024-cü ildə Laçın şəhəri günü təntənəsinə həsr olunmuş “Laçınım mənim” sərgisində nümayiş etdirildi. Həmin sərgidə 7 rəsm əsəri və həmin 3 heykəllə iştirak etdim. Elə həmin sərgidən sonra həmin heykəlləri Laçın şəhərinə hədiyyə etməyi qərara aldım və bundan çox məmnunam. Avqust ayı başa çatır. Laçın səfərim də çalışmalarım da arxada qaldı. Bir rəssam olaraq nəticələrdən məmnunam. Arzular bitməz, tükənməz. Şübhəsiz ki, yeni rəsmlər əsərlər işləməyə çalışacağam. Yurdumuz doğma Qarabağımız, Zəngəzurumuz yenidən qurulur. Yaralarını sarıyır. Bizim hər birimizin fəaliyyəti bu istiqamətə yönəldilməlidir. Bu, hər birimizin Vətənimiz qarşısındakı borcudur.
Yusif Mirzə
Avqust 2024, Bakı
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
1 noyabr 2024 10:08
- Laçın İcra Hakimiyyəti yarım MİLYONU görün nəyə xərcləyəcək - Bir sıra işlər...
4 oktyabr 2024 16:35
- Bakıda LAÇIN məktəbində kütləvi dava: Şagirdlər himn yerinə söyüşə qulaq asdılar - VİDEO
17 sentyabr 2024 14:51
- Bu gün Laçın Şəhəri Günüdür
26 avqust 2024 10:52
- Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər saxlayıb
28 fevral 2024 17:12
- “Nar” Laçın şəhərində ilk mağazasını açdı!
25 noyabr 2023 12:01
- Badamdarda uçurumun başında Laçın məktəbi- Direktorla sakinlər arasında problem
17 oktyabr 2023 13:24
- Laçın rayon Badamdar orta məktəbin direktoruna XƏBƏRDARLIQ
11 oktyabr 2023 10:54
- David Babayan Azərbaycana KÖNÜLLÜ təslim olur
28 sentyabr 2023 10:56
- Vardanyan Laçın postunda saxlanıldı - Bakıya gətirildi+Foto
27 sentyabr 2023 17:33
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 21:35
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 21:11
- NAR uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
20 noyabr 20:46
- İmran Xan azadlığa buraxıldı
20 noyabr 20:22
- Heydər Əliyevin MÜHAFİZƏÇİSİ NƏLƏR DANIŞDI ...
20 noyabr 19:37
- Sumqayıt hadisələrinə görə EDAM OLUNAN Əhməd Əhmədovun bacısı DANIŞDI - VİDEO
20 noyabr 19:19
- Pezeşkiandan ŞOK QƏRAR - İranın paytaxtı...
20 noyabr 18:46
- Ağacan Abıyevin vəziyyəti pisləşdi - Xəstəxanaya qaldırıldı
20 noyabr 17:18
- Fransanın səfiri XİN-ə çağırıldı (RƏSMİ)
20 noyabr 15:03
- Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
20 noyabr 13:26
- Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
20 noyabr 13:13
- Ağdamın işğaldan azad olunmasından 4 il ötür
20 noyabr 11:30
- Trampın yüksək vəzifə verdiyi türk həkim KİMDİR... - DOSYE
20 noyabr 10:29
- Qarakənd faciəsindən 33 il ötür
20 noyabr 09:41
- Prezident onları hakim təyin etdi - Sərəncam
20 noyabr 09:28
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 23:35
- General onu rəis təyin etdi - Foto
18 noyabr 22:43
- NAR-ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı
18 noyabr 22:32
- Bakı Metropoliteni Holcim şirkətindən 1,8 milyonluq sement alacaq
18 noyabr 21:25
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 19:50
- Qoşqar Təhməzlinin qardaşının şirkətini yüksək məbləğdə cərimə gözləyir
18 noyabr 19:17
- İlham Əliyev bu qanunu təsdiqlədi: 15 IL HƏBS ...
18 noyabr 19:05
- Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı — 400 min manatlıq yeyinti işi
18 noyabr 17:26
- Korrupsiyada adı hallanan vəzifəli şəxsləri GECƏ PALTARINDA xalqın qarşısına çıxardılar - FOTO
18 noyabr 17:15
- Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
18 noyabr 14:21
- Gələn il dəfn üçün ÖLÜ PULU 960 manat olacaq
18 noyabr 14:07
- Gələn il minimum əmək haqqı və pensiya NEÇƏ MANAT OLACAQ ? –Qanun layihəsi
18 noyabr 13:49
- Azərbaycanda bu universitetlərə 27 milyon ayrılır
18 noyabr 12:15
- Prezident Siluanov və Slutski ilə görüşdü - Foto
18 noyabr 11:10
- Biz istərdik ki, Milli Dirçəliş Gününü Azadlıq meydanında qeyd edək...
18 noyabr 10:57