Bu da camaata daha bir ciddi problem gətirən Bakının qarı. Çovğunla müşayiət olunan qarlı hava şəraiti səbəbindən, onlar avtobus dayanacaqlarında əziyyət çəkməli olurlar. Dünən gecədən bir sıra marşrut xətlərində yaranan belə vəziyyətdə nə edəcəklərini bilmirlər.
“Araz”-ın əməkdaşları olaraq, belə narahatlıqların daha çox “Xaliq Faiqoğlu” şirkətinin istismarındakı müasir tipli avtobuslarla təmin olunmuş tanınan marşrut xətlərini əhatə etdiyinə biz də şahidlik edirik. Doğrudan da, bu problemi əsasən hərəkətləri paytaxtın metro stansiyalarından böyük prospekt və küçələr istiqamətində olan müntəzəm 6, 13, 61, 65, 77, 88, 88 A, 96,.. nömrəli marşrutlara buraxılan avtobuslar yaradırlar. Hətta narahat adamlarda belə təsəvvür də yaranır ki, səhərdən axşamadək bu nömrəli avtobuslar fəaliyyətdə olmurlar. Elə, bunun nəticəsidir ki, minlərlə sərnişin belə bir şaxta-sazaqlı hava şəraitində küçələrdə qalmalı olurlar. Yollar qar və buzdan təmizlənsə də, sözügedən avtobusların xəttə buraxılmaması hədsiz narazılıqlar yaradır.

Saysız-hesabsız vətəndaş və media sorğularına cavab verən əlaqədar qurumdan — AYNA-dan isə bildirilir ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hətta qurumdan belə də deyilir ki, AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin) Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb:
“Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buzdan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilib. Sürət həddi hava şəraiti nəzərə alınaraq tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər.
Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik.
Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək. Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik”.
Mövcud durumun AYNA-nın dedikləri ilə həmahənglik təşkil etmədiyi göz qabağındadır. Axı belə olsaydı, avtobus dayanacaqlarındakı sərnişinlər arasında yaranan gərginlik, onların 6 gün davam edəcək güclü qarlı hava qorxusu indidən bu həddə çatmazdı
.
Səməndər QURBANOV, İqbal BƏHRAMOĞLU.
araz.az xəbər portalı.