Bir qrup iş adamı Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev barədə redaksiyamıza şikayət göndərib.
Onlar bildirirlər ki, ŞİH-in onlara külli miqadarda borcu var və bu borc qaytarılmır. Bununla bağlı hətta ölkə rəhbərliyinə və Baş Prokurorluğa da müraciət ünvanlanıb.
Bununla bağlı sözügedən sahibkarlar adından Vətəninfo.az-a daxil olan müraciətdə qeyd edilir ki, Sumqayıt ŞİH başçısı Zakir Fərəcov və Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetində baş müəllim Gündüz Əliyev iş adamlarının uzun illərdir Sumqayıt şəhərinin quruculuğu istiqamətində görülmüş işlərin qarşılığı olaraq 2 milyon 900 min manatlıq borcu qaytarmırlar.
“Sumqayıtın Yeni Bulvar Kompleksini yüksək səviyyədə qurduq. Zakir Fərəcov söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəz, sizə hər cür şərait yaradacağıq. Onun vədlərinə və yalan uydurmalarına qanaraq işlərin gedəcəyi əraziyə birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Zakir Fərəcov şəhərin Bakı – Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını da bizə tapşırmışdı, bu barədə də orada razılığa gəldik. Bundan sonra 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızla işə başladıq. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyimiz kimi, yüksək səviyyədə, tam təhvil verdik. Lakin gördüyümüz işlərin qarşılığı olaraq – halal pullarımız bu günədək çalışdığımız MMC-nin hesabına tam şəkildə ödənilməyib”.
Sahibkarlar Gündüz Əliyevin əməlləri ilə bağlı bir faktı da qeyd ediblər. Bildirilib ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı artıq yekunlaşıb. İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib. Cinayət işi hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.
“Bütün bunlara rəğmən, G.Əliyev hələ də vəzifələrinin başındadır və qeyd etdiyimiz kimi, Sumqayıt Dövlət Universitetində baş müəllim kimi də çalışır. Bizə maraqlıdır, görəsən universitetdə nədən dərs deyir, korrupsiyadan?! Bunlar azmış kimi, adam barəsində açıq cinayət işi olduğu təqdirdə istədiyi vaxt xarici ölkələrə gedib gələ bilir”, – deyə iş adamları vurğulayırlar.
“Artıq Zakir Fərəcovun uydurma və yalanlarından bezmişik. Axı, biz də bilirik ki, Yeni Bulvar Kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün büdcədən lazımi məbləğdə vəsait ayrılmışdır. Həmin pullar hara xərcləndi, bu, hələ də bizə məlum deyil. Deyir ki, borcu qaytarmağa imkanı yoxdur. İmkanı yoxdursa, son 5 ayda 4 dəfə xarici ölkələrə necə gedib-gəlib? Z.Fərəcov yanvar ayından bəri, hər birində bir həftə – 10 gün olmaqla, düz 4 dəfə xarici ölkədə olub. Hal-hazırda da xaricdə olduğu bildirilir.
Müraciəti imzalayan iş adamları aşağıdakılardır:
İsrail İsayev, İskəndər Ələkbərov, Hümmət Qasımov, Müqayis Verdiyev, İslam İsayev, Fərman Məmmədov, Saatxan Həmidov, Vilayət Qacarov, İbrahim Məmmədov, Azad Süleymanov, Taleh Seyidov, İlham Məmmədov, Çingiz Mənsurov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vüqar Abbaszadə, Şahin Cəfərov, İmran Şirinov, Miribrahim Məmmədov, Vəli Kərimov, Məzahir Quliyev, Həbib Əhmədov, Şirin Həsənov, Elnur Həsənov, Yaşar Ağakişiyev, Aydın Allahverdiyev, Elçin Qarayev, Ramil Paşayev, Anar Məlikov, Abbas Orucov, Abdulla Cəfərov, İlqar Cəfərov, Anar Həsənli, Tofiq Qurbanov, Novruz Aslanov, Mirhüseyin Məmmədov, Şükür Mirzəyev, İslam Əliyev, Zamiq Qasımov, İskəndər Ələkbərov, Kamran Əkbərov, Vüqar Abbaszadə, Vüsal Qədirov, Murad Nəsibov, Məzahir Quliyev və Əkbər Abbasov.