"Bu, çox pis hadisədir. Danışılası deyil. Əlbəttə, səbəbləri araşdırmalıdır".
Bu sözləri Bakupost.az-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov 4 minə yaxın müəllimin sertifikasiya imtahanından kəsilməsi haqqında danışarkən deyib.
Sabiq nazir bildirib ki, bununla bağlı mətbuatda yazılanlar və təhsil ekspertlərinin açıqlamaları ilə tanışdır:
"Deyirlər ki, suallar çox asan idi. Asan idisə, niyə belə oldu? Nəticəni araşdırırıq, amma nəticəyə səbəb olanları araşdırmırıq. Ona görə də suallar məsələsi hökmən araşdırılmalıdır. Suallar necə imiş, imtahan hansı şəraitdə aparılıb, kim edib o imtahanı? İstənilən halda 4 min adamın sentyabrda məktəbə getməməsi çox pis haldır. Bəs onların yerinə kim gedəcək?! Gedən adamlar onlardan səviyyəlimi olacaq? Bəs bunlar necə müəllimliyə qəbul olunublar? Bunlara imtahan edib, qiymət verənlər kimlərdir? Bunlar araşdırılmalıdır ki, qarşıda gələn müddətdə belə hallar olmasın".
Sabiq nazir vurğulayıb ki, bu, müəllimi cəmiyyətin, valideyn, şagird və tələbələrin gözündən salmaqdır:
"Bu, bütövlükdə təhsil sisteminə ağır zərbədir. Ümumiyyətlə, hamı bilməlidir ki, istər şagird, istər müəllimin biliyinin qiymətləndirilməsi prosesi təhsilin ayrılmaz bir hissəsidir. İstənilən halda o proses təhsilin inkişafına xidmət etməlidir. Məsələn, biz oxuduğumuz müddətdə tanınmış, ağsaqqal pedaqoqlar bizə sual verəndə sualı elə qururdular ki, sualın cavabının 75 faizi onun içində olurdu. Elə müəllimlər də var idi ki, qəsdən uşağa elə sual verirdi ki, onu həll etmək üçün xüsusi bir əvəzləmə etməli idi. O da əgər yadına düşsə... Yəni belə hallar olub. Amma olmamalıdır. Sertifikasiyanın suallarının necəolduğunu bilmirəm. Amma sual verən də elə verməlidir ki, heç olmasa, imtahana girənin yarısı ondan çıxsın. Əgər ondan çıxa bilməyəcəksə, o imtahandan sənin nə xeyrin oldu?"