“Sükan sürücünün əlindədir, nə qədər diqqətli olsalar, qaydalara hörmətli yanaşsalar, o zaman fərdi qaydada qəzaya düşmə riski aşağı olacaq”
2024-cü ilin yanvar-iyun aylarında 681 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 11,8 faiz azalaraq 931 nəfər olub.
Dövlət Statistika Komitəsinin bu haqda məlumatında qeyd olunur ki, onlardan 333-ü həlak olub, 598-i isə yaralanıb. Hadisələrin 42,4 faizi gündüz, 39,2 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 27,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 17,4 faiz azalaraq 242 nəfər, yaralananların sayı isə 13,5 faiz azalaraq 557 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 40,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,5 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Avtoqəzalar qaçılmazdır və bütün dünyada baş verir. Ancaq fərqli cəhət odur ki, Azərbaycanda qəzalarda insan ölümü daha çox qeydə alınır. Bu, avtomobil parkının köhnəliyi ilə əlaqədardır, yoxsa başqa səbəblər var? Yollardakı qüsurlar, dəmir arakəsmələrin ölüm statistikasında rolu varmı?
Elməddin Muradlı
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a danışıb. O bildirib ki, yol-nəqliyyat hadisələrinin, ölüm və xəsarətlərin sayı azalıb. Bu, özü-özlüyündə yaxşı bir göstəricidir, amma bütün hallarda narahatlıq doğurmaya bilməz.
“Əvvəlki illərlə müqayisədə azalma olsa da, 6 ay ərzində 333 nəfərin ölməsi ağır bir məsələdir. Baş verən qəzaların arasında piyadaların vurulması, toqquşmalar, avtomobillərin yoldan çıxaraq aşması daha çoxdur. Statistikada diqqətimi çəkən bir məqam var. O, bir avtomobilin iştirakı ilə baş verən qəzalarla bağlıdır.
Məsələn, sürücü sükan arxasında yorğun və yuxulu olur, gedir qəzaya düşür. Yaxud da sərt döngələrdə sürəti tənzimləmir və nəticədə qəza keçirir. Müxtəlif səbəblərdən mal-qara ilə toqquşur, maşını ağaca çırpır, dərənin dibinə düşür. Bu yaxınlarda belə bir qəza baş verdi. Hazırda qəzada ölmüş 3 nəfərin heç meyiti də tapılmır. Bu cür ağır qəzalar baş verir. Sürücülərin məsuliyyətli olması ən vacib məsələdir. Çünki sükan onların əlindədir, nə qədər diqqətli olsalar, qaydalara hörmətli olsalar, o zaman fərdi qaydada qəzaya düşmə riski aşağı olacaq.
Digər məsələ avtomobillərin parametri məsələsidir. Nəqliyyat vasitələri nə qədər köhnədirsə, qəza, ölüm və xəsarət riski də yüksəkdir. Bunlar zəncirvari olaraq, bir-biri ilə bağlıdır. Köhnə avtomobilin təhlükəsizlik elementləri aşağı səviyyədədir. Avtomobil parkının yenilənməsi ilə bağlı müəyyən addımlar atılmalıdır və atılır. Demək olar ki, son dövrlər kifayət qədər ciddi addımlar atılır. Hibrid avtomobillərə və elektromobillərə edilən güzəştlər bu sahədə artıma gətirib çıxarıb. İstehsal ili 10 ildən yuxarı olan avtomobillərin ölkəyə buraxılmaması kimi məhdudiyyət qoyulub. Bu da yaxşı haldır. Amma alverçilər yenə öz işini görür. Gedib təzə maşının bir hissəsini əzib gömrükdən köhnə maşın adı ilə keçirirlər ki, az pul ödəyib, çox qazansınlar. O maşınlar da əziləndə təbii ki, zədələnir. Təhlükəsizlik yastıqları açılmış vəziyyətdə olur. Sonra onların düzəldilib düzəldilmədiyi, hadisə zamanı effektli olub-olmadığı bəlli deyil. Alverçilər puldan ötrü belə təhlükəli işlərə baş qoşurlar. Bu məsələni Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovla görüşəndə qaldırdım. Bir çox ölkələr qəzalı avtomobilləri öz ölkələrinə buraxmırlar. Yaxşı da edirlər. Biz də bunu tətbiq etməliyik.
Digər məqam isə yol təsərrüfatı və yollarımızın vəziyyəti ilə bağlıdır. Cənab Prezident tərəfindən 5 il bundan öncə Nazirlər Kabinetinin toplantısında göstəriş verildi. Bütün icra orqanlarına, o cümlədən Azərbaycan Avtomobil Yollarına göstəriş verildi ki, küçələri, hətta məhəllədaxili yolları işıqlandırın. Lakin icra hakimiyyətləri buna əməl etmir. Hansı küçədən sakinlər şikayət edirlərsə, oranı düzəldirlər. Gecə saat 12-dən sonra işıqları söndürürlər. Yol nə qədər işıqlı olarsa, sürücü o qədər ayıq və diqqətli olar. Yollarda nişanlanma xətləri xüsusən sərt döngələrdə qaydasında deyil. Hava bir az dumanlı olan kimi sürücü, ümumiyyətlə, yolu tapa bilmir. Dumanlı hava şəraitində o xətt və nişanlar parıldamalı və sürücüyə yol göstərməlidir. Ona görə də sərt döngələrdə maşınlar gedib dərənin dibinə düşür".
Ekspertin sözlərinə görə, sürücülərlə bərabər piyadalar da diqqətli olmalıdırlar: “Yollarda insanlar robot kimi hərəkət edir. Analar yanlarında uşaq olsa da gözü telefonda, qulaqcıq qulaqlarında yol keçirlər.
Piyadaların vurulması Azərbaycanda aşağı səviyyəyə düşsə, biz dünya reytinqində yol hərəkəti təhlükəsizliyi baxımından ən yaxşı ölkələr siyahısında ola bilərik. Amma ola bilmirik. Çünki piyadalar yolun ortasında zombi kimi hərəkət edirlər. Doğrudur, bəzi hallarda onlar üçün normal şərait yaradılmayıb. Bəzən isə şərait var, amma istifadə etmirlər. Piyada keçidindən keçmək istəmirlər.
8 Noyabr prospektində 150 metrdən bir piyada keçidi var. Keçiddən istifadə edənlərin sayı çox azdır. Bakı şəhərində ən çox ölüm hadisəsi həmin ərazidə baş verir. Mən adamlar tanıyıram ki, qadını orada maşın vurub öldürüb. Heç il mərasimi olmamış həyat yoldaşı da məhz həmin yerdə maşın vurması nəticəsində həyatını itirib. İnsanlar həyatlarına laqeyd yanaşırlar".
E.Muradlı bildirib ki, qəzaların qarşısını almaq üçün cərimələr tətbiq olunmalıdır: “Başqa variant yoxdur, bizi ancaq cərimə düzəldəcək. Sözlə çağırışlara, maarifləndirməyə məhəl qoyulmur. Neçə ildir deyilir ki, ikinci cərgədə maşınlar saxlanılmasın. Təhlükəlidir və insanların yolu kəsilir. Hazırda ikinci cərgədə saxlanmaya görə cərimə 80 manatdır. Buna görə də orada maşın saxlamırlar. Deməli, məsələni ancaq bu yolla həll etmək olar.
Piyadaların da cərimələri 50 manat edilsə və polisin nəzarəti altında ödənişi tələb olunsa, keçiddən istifadə edəcəklər".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”