Mənbənin sözlərinə görə, “Zəfəran”, “Odlar Yurdu” kimi iri aptek şəbəkələrinin sahibi, həmçinin “Avromed” MMC və “Zeytun” aptek şəbəkələrinin, eyni zamanda bir neçə iri özəl klinikanın himayəçisi olan nazir müavini bütün səhiyyə sistemini faktiki nəzarətə alıb. Onun həmçinin dövlət xəstəxanalarını da himayəsinə alması və baş həkimlərin təyinatında birbaşa söz sahibi olması nazirlər münasibətlərini yenidən savaş müstəvisinə gətirib.
Bildirilir ki, “dərman monopoliyası”nın himayəçisinə çevrilən Elsevər Ağayev əlində olan adminstrativ imkanlardan istifadə edərək ayrı-ayrı iş adamlarını bu sahədən uzaqlaşdırmağa nail olub. Hazırda ən iri dərman depoları Elsəvər Ağayevin himayəsində fəaliyyət göstərir. Çünki nazir müavini istədiyi aptekin lisenziyasını ləğv etmək imkanına sahibdir. Hətta nazirə yaxın şəxslərin də bu sahədə problemlə üzləşdiyi iddia olunur.
İlkin hesablamalara görə, illik dövriyyəsi 1 milyard manatdan artıq olan bu sektorda hər iki şəxsə yaxın xeyli sayda tanınmış şəxslər var. Hətta ən yüksək elitada təmsil olunanların da bu sektorda müəyyən paylarınin olduğu iddia edilir. Məhz bu səbəbdəndir ki, vaxtaşırı tərəflər arasında toqquşmalar baş verir və bu toqquşmalar da diqqəti çəkir.
Nazirlikdəki mənbəmiz vurğulayır ki, hazırda səhiyyə nazirliyi beş-altı böyük dərman deposuna və aptek qruplaşmalarına lisenziylar verir və bu şəbəkəni ölkə üzrə genişləndirir. Bunların da başında Elsevər Ağayevə məxsus olan “Zəfəran”, “Odlar yurdu”, “Zeytun” aptekləri və onun himayə etdiyi “Avromed” MMC gəlir. Amma Elsevər Ağayev bununla kifayətlənmir. O artıq rayonlardakı aptek sistemlərini ələ keçirir. Bunun üçünsə sadəcə rayonlarda bir çox apteklərin lisenziyaları ləğv olunur. Onların yerində sözügedən şirkətlərinin filialları açılır. Artıq nəinki Bakıda, rayonlarda da özünə böyük şəbəkə yaradan “Zəfəran”çılar demək olar ki, bütün rayonlarda bu aptekin ən azından bir-iki filialını açıblar. Dərmanların qiymətinin süni olaraq şişirdilməsi də məhz nazir müavininin bu sahəni monopoliyada saxlamasından irəli gəlir.
Məlumatda qeyd olunur ki, Ağayev bir neçə dəfə deputat Cavanşir Feyziyevin rəhbəri olduğu və özünün də himayə etdiyi “Avromed” MMC-nin fəaliyyətinə də məhdudiyyət qoymaq istəyib. Bu da yeni gündəmə gələn “Zeytun” şəbəkəsinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Feyziyevi zərərsizləşdirməkdə məqsədi isə bu şəbəkəni tam himayəsinə almaq istəyi olub və bunu qismən bacarıb. Hətta bu şəbəkəni öz nəzarətində saxlamaq üçün yuxarı dairələrdə Feyziyevin “bacarıqsız” obrazını da yaratmağa cəhdlər edib.
Bəs nazirə meydan oxuyan müavini bu gücü haradan alır?
Nazir müavini ilə bağlı xeyli ilginc məlumata sahib olduğunu bildirən mənbənin sözlərinə görə, o, dəfələrlə prezidentin əmisi Cəlal Əliyevlə qohum olduğu deyib. Amma bəzi hallarda E.Ağayev özünü Paşayevlərə də yaxın şəxs kimi təqdim edir. Onun hətta sabiq MTN şefi Eldar Mahmudovla əlaqələri barədə də məlumatlar yayılıb. Hətta onun bu ərəfələrdə “vurulması” da gündəmdə olub, amma bu məsələ hansısa səbəbdən hələ də gerçəkləşməyib. Bəs əslində, necədir? “Elsevər Ağayev bu gücü kimdən alır” sualına isə növbəti yazımızda aydınlıq gətirəcəyik. Öncə nazir müavininin kimliyi haqqında məlumatla tanış olaq:
– Elsevər Ağayev 1965-ci noyabrın 11-də Naxçıvan Muxtar Respublikasında anadan olub. 1988-ci ildə ATİ-nin əczaçılıq fakultəsini fərqlənmə diplomu ilə bitirərək provizor ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1988-90-cı illərdə ATU-nun “Dərman Formalarının Texnologiyası” kafedrasında baş laborant kimi başlayaraq, 1990-93-cü illərdə Leninqrad Kimya-Əczaçılıq İnstitutunda aspirant olmuş, 1993-cü ildə SPKƏİ-də dissertasiya müdafiə edərək əczaçılıq elmləri namizədi alimlik dərəcəsi alıb.
1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda YAP-ın Nəsimi rayon təşkilatının sədr müavinidir.
1994-96-cı illərdə Səhiyyə Nazirliyinin “Farmakologiya və Xalq Təbabəti” EİB-də baş mütəxəssis, şöbə müdiri, 1996-97-ci illərdə Səhiyyə Nazirliyinin “Azərfarmsənaye” EİB-nin baş direktoru, 1997-98-ci illərdə Səhiyyə Nazirliyinin “Əczaçılıq və Tibb Sənayesi birliyi”nin baş direktoru vəzifələrində çalışıb. 1999-cu ilin fevral ayından Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsinə təyin olunub. 2007-ci ildən Ə. Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılığın Təşkili və İqtisadiyyatı kafedrasının müdiri, həmçinin Səhiyyə Nazirliyinin nəzdində Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Araşdırmalarımız davam edir.