Bakıda səfərdə olan fransalı qonaqlar müxtəlif, amma nisbətən müstəqil sahələri-elm, hüquq sahəsini təmsil edirlər. Onların çıxışlarında narrativlərdən uzaq, praqmatik düşüncə tərzini gördük. Bəzi hallarda konstruktiv fikirlər söyləyirdilər. Onlar yaranmış vəziyyətin heç də xoş təəssürat yaratmadığını gizlətmirlər.
Bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov Musavat.com-a Fransa-Azərbaycan əlaqələrini şərh edərkən bildirib.
Deputat qeyd edib ki, Fransa cəmiyyətində anti-Azərbaycan ritorikası yalnız müəyyən siyasi dairələrdə müşahidə olunur: “Ola bilər ki, Fransa cəmiyyətinin alt qatlarında anti-Türkiyə əhval-ruhiyyəsi bu və ya digər formada özünü büruzə verir, amma bu bütövlükdə Fransa cəmiyyətində belə mövqeyin kəskin şəkil almasına gətirib çıxarmır. Müəyyən dairələr var ki, bu mövzu üzərində spekulyativ fəaliyyət həyata keçirirlər. Aydındır ki, bu gün Fransanın Cənubi Qafqazla bağlı siyasi kursunu müəyyən edən Emmanuel Makron administrasiyasıdır. Onun müəyyən dairələrlə bilavasitə təmasda olduğunu, yaxud o dairələrin siyasi sifarişini yerinə yetirən tərəf olduğunu nəzərə alsaq, görərik ki, bu, yaxın perspektivə hesablanmasa da, müəyyən mənada münasibətlərə xələl gətirə biləcək vəziyyət yaradır. Makron praqmatik düşüncəyə sahib olsaydı, Cənubi Qafqazda, xüsusilə Azərbaycanla bağlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olardı. Nəyə görə Ermənistan heç nə vermək iqtidarında olmadığı halda onu dəstəkləyir? Makron hakimiyyətə gələndə Azərbaycanın hərbi gücü aşkar idi, Azərbaycan Qarabağ məsələsini sülh yolu ilə etmək istəyən tərəf idi, Ermənistan isə təxribatlar törədirdi. Fransa kimi dövlətlər Ermənistanın arxasında durmasa idi, Azərbaycan məsələni sülh yolu ilə həll edə bilərdi. Ermənistanla Fransanın siyasi dairələri arasında müəyyən əlaqələr var. Melkonyan kimi terrorçular, onun yanında vuruşanlar Fransa vətəndaşları idi. Bu, Makronun xarici kursunda Cənubi Qafqazla bağlı olan yanaşmasında Azərbaycanı heç də tərəfdaş və ya müttəfiq kimi görmədiyini göstərir”.
O ki qaldı Azərbaycanın Fransanın xarici siyasət kursu ilə bağlı yanaşmasına, deputatın fikrincə, Azərbaycan qətiyyən Fransanı hədəfə almır:
“Fransada anti-Azərbaycan ritorikasını gücləndirməyə çalışırlar, amma Azərbaycanın hədəfi Fransa deyil. Azərbaycan Qoşulmama Hərəkatı müstəvisində beynəlxalq hüququn təmin olunması istiqamətində çox böyük işlər görüb. Azərbaycan beynəlxalq hüququn təməl prinsiplərini müdafiə edən tərəf qismində çıxış edir. Bu gün Fransa, Hollandiya, Danimarka yeni müstəmləkəçilik siyasəti yürüdür. Bu Fransada daha qabarıq görünür. 23 dənizaşırı ölkəsi Fransanın koloniyasına daxildirsə və orada insanlığa qarşı olan cinayətlərin spesifikasına nəzər salsaq, hətta 20-ci əsrdə buna bənzər heç nə olmayıb. Bu baxımdan hədəf Fransa xalqı, mədəniyyəti, tarixi və s. deyil. Azərbaycan beynəlxalq hüququn təmin edilməməsinin qurbanı olub. Buna görə də diskriminasiyaya məruz qalan ölkələri çox yaxşı başa düşürük. Bu gün biz onları müdafiə edirik. Əsas məsələ mütərəqqi qüvvələrin səfərbərliyinə, beynəlxalq hüququn təməl prinsiplərinin təmin olunmasına nail olmaqdır. 21-ci əsrdə orta əsrlərdəki kimi köləliyin yaşanması yolverilməzdir. Fransanın daxilində bu vəziyyəti dəyərləndirə bilən qüvvələr var. Fransa konstruktiv dialoqun pozulmasına gətirib çıxaracaq hərəkətlərindən vaz keçməli və birtərəfli mövqe tutmamalıdır. Xüsusilə, Cənubi Qafqazda sülh danışıqlarını müzakirə ediriksə, Frnasa qətiyyən bunun əleyhinə çıxa biləcək, yaxud sülhün əldə olunmasına zərər verəcək addımlar atmamalıdır”.