Sakinlərinin həyatına hər an təhlükə yaradan bu acınacaqlı problemin qarşısını almaqda heç vaxt maraqlı olmayan icra başçısının, mövcud olan bu çoxdankı təhlükəyə birdən reaksiyası daha qorxulu oldu
İcra başçısı Zakir Fərəcovun kütləvi şəkildə çoxalaraq, şəhəri basmış sahibsiz itləri zəhərli yeməklərlə məhv etmək barədə göstəriş və tələbələri, mütəxəssislər tərəfindən də, nəinki bütün ev heyvanlarının və quşların, hətta əhalinin həyatı üçün, olduqca qorxulu hal kimi izah olunur
Çoxdandır ki, ölkənin bir sıra media vasitələri öz araşdırma yazılarında, Sumqayıtı qorxulu “itlər vadisi” kimi qələmə alırlar. Lakin şəhərin rəhbər şəxsləri bu yazılanları heç veclərinə də almır, bu barədə həmin məqalələrdə verilən çoxsaylı vətəndaş şikayətlərinə belə məhəl qoymurlar. Görünən odur ki, özlərinə arxayın bu harın məmurların bağışlanmaz günahları ucbatından, nə günbəgün artan sahibsiz itlərin toplanması, nə də ki, onların zərərsizləşdirilməsi problemi uzun zamandır həll edilmir ki, edilmir. Halbuki, bu problemin həlli üçün də, şəhər büdcəsindən hər il ayrılan külli miqdarda dövlət vəsaitlərinin təqdim olunan hesabatlarda əksi var. Belə çıxır və aydın görünür ki, ölkənin bu üçüncü şəhər sakinlərinin həyatları üçün mövcud olan bu qorxulu təhlükənin qarşısını almaq üçün, böyük məbləğdə ayrılan büdcə vəsaitlərini də, icra başçısı və onun əlaltıları hesab olunan yüksək vəzifə sahibi məmurlar, ağına-bozuna baxmadan və qorxub-çəkinmədən mənimsəməkdə mahirdirlər.
Yenicə yola saldığımız fevral ayının son günlərinin birində isə, eşitdik ki, həm paytaxtda, həm də ayrı-ayrı yerlərdə sahibsiz küçə itlərinin sayının durmadan artması, tez-tez vətəndaşların itlərin hücumuna məruz qalması hallarına rast gəlinməsi barədə, artıq, rəsmi xəbərlərin vaxtaşırı yayımlanması, nəhayətdə, Sumqayıtın rəhbər şəxslərini də, hərəkətə gətirib. Qeyd edək ki, bu günlərdə Qaradağ rayonu ərazisindəki “Qobu Park – 3” Yaşayış Kompleksində baş verən sonuncu dəhşət doğuran hadisədən — zərərçəkənlərin əsasən, azyaşlıların olmasından, uşaqların küçə itlərinin daha bir hücumuna məruz qalmasından, bu dəfə də, itlərin azyaşlını parçalamasından sonra isə, şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ev heyvanlarının, quşların, hətta əhalinin həyatları üçün, olduqca qorxulu olan öz qəti göstərişini verib: Sahibsiz küçə itləri, zəhərli yeməklərlə məhv edilsin!
Bu yerdə, bu məlumatı araz.az-a ötürən, indiyədək redaksiyamıza ötürdüyü məlumatlardakı fakt və dəlillərin dəqiqliyinə şübhə etmədiyimiz İcra Hakimiyyətinin məmur komandasının tərkibindəki etibarlı mənbəmiziin dediklərinə diqqət ayırmaq daha maraqlı olardı: “Vətəndaşlarımızı narahat edən bu ciddi məsələnin qanuni həlli yolu şəhər rəhbərliyini, müvafiq dövlət qurumlarının başında duranları heç vaxt maraqlandırmayıb. Onlar tərəfindən, bu ciddi problemə görə narahat olan vəzifə sahiblərinə də, bu yolun tapılmasına imkan verilməyib. Elə, yalandan deyiblər ki, guya, itlərin də, insanlar kimi olması ilə bağlı, ürəkdən gələn fikirlərini ifadə edirlər. Onlara heç nə etmək olmaz. Halbuki, bununla əlaqədar vaxtında müvafiq addımlar atılmalıydı. Konkret olaraq, sahibsiz itlərin insanlara ziyan vurmaması ilə bağlı hərəkətə keçilməliydi. Əsasən, yaşayış ərazilərində olan itlərlə bağlı ölçü götürülməliydi. Açıq-aşkar görünən isə odur ki, Sumqayıtda daha çox itlərin insanlara hücum halları təkrarlanıb. Xüsusən, uşaqlar belə hadisələr zamanı zərərçəkənə çevriliblər.
İndi isə, bu problemin qarşısını almaq üçün, bu qorxulu metoddan istifadə etmək istəyirlər. Bəyəm, onlar bilmirlər ki, küçə, bağ və parklara, ayrı-ayrı yerlərə tökülən bu zəhərli yeməkləri təkcə küçə itləri yeməyəcəklər. Quşlar, ev heyvanları, toyuq-cücələr, pişiklər… belə bu zəhərli qidaların qurbanları olacaqlar. Özünüz də, yaxşı bilirsiniz ki, bu, həm də, sakinlərin həyatı üçün ciddi təhlükəyə çevriləcək. Bu qidalardan az dozada yeyib, hələlik ölməyən ev heyvanlarımız, toyuq-cücələrimiz özümüzü belə, zəhərləyə biləcəklər.
Bu yerdə, onu da demək yerinə düşər ki, bu işin başında, başçının göstərişi ilə, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi, onun bacısı oğlu Hüseyn Həsənov durur. Artıq, icra başçısının təkidli tələbi ilə, şəhərin bir çox ərazilərində, sahibsiz itlərin öldürülməsi üçün, zəhər qarışıqlı ət parçaları qoyulub. Nəticəsinin daha təhlükəli olacağı kimə məlum deyil ki?! Böyük Allahımız sahibsiz itlərlə bərabər, bizi belə təhlükəli dövlət məmurlarından qorusun! Daha nə deyə bilərik ki?!.”.
Deyilənlərlə bağlı, araz.az-ın sorğularını cavablandıran ayrı-ayrı mütəxəssislərin fikir və rəyləri də, yuxarıda qeyd olunanların daha bir təsdiqidir. Mütəxəsislər, bu yerdə həm də xüsusi olaraq bunları vurğulayırlar ki, sakinlərinin həyatı üçün mövcud olan bu qorxulu təhlükənin qarşısını ala bilməyən və ya almaq istəməyən dövlət qurumu rəhbərləri əsas cinayətkarlardır: “Axı, onlar kimə və nə üçün lazımdırlar?! Çoxları deyir ki, durmadan artan küçə itlərinin toplanması və ya zərərsizləşdirilməsi, guya, təmsil etdikləri qurumların səlahiyyətində deyil. O zaman, ortaya belə bir maraqlı sual çıxır: “Onda, bu şəhərdə sahibsiz itlərin həddən artıq çoxalmasından və sakinlər üçün, böyük problem yaratmasından, qorxulu təhlükə mənbəyinə çevrilməsindən durmadan çoxalan vətəndaş şikayətlərinə kimlər cavabdeh olmalıdır?”. Bu suala cavab verilməsi barədə, ölkə mətbuatı kimi, araz.az adından da, şəxsən icra başçısının özünə, dəfələrlə, suallar ünvanlanıb. Əfsuslar ki, nəinki Sumqayıt İcra Hakimiyyətindən, hətta ona tabe olan məsul dövlət qurumlarından belə, indiyədək, sakinləri narahat edən bu suala cavab almaq mümkün olmayıb. Bu da, açıq-aşkar onu deyir ki, şəhər rəhbəri problemi həll etməkdə maraqlı deyil. Konkret desək, ya həll edə bilmir, ya da, bunu istəmir. Elə, buradan belə bir sual yaranır ki, icra hakimiyyəti əgər adi bir ictimai problemi həll edə bilmirsə, şəhərdəki daha ciddi məsələləri necə həll edir?!”.
Qeyd edək ki, təkcə etibarlı mənbə məlumatlarında deyil, mütəxəsis fikir və rəylərində də, bu ciddi məsələ barədə, daha çox qabardılanlar bunlardır: “Hər dəfə bu məsələ media vasitələrində gündəm mövzusuna çevriləndə, Sumqayıt Şəhər İcra Hakimiyyətindən belə bir məzmuna oxşar açıqlama verlilir ki, guya, bu problemlə bağlı artıq vacib olan tapşırıqlar verilib, tədbirlər görülür, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, davamlı olaraq, sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir. Şəhər ərazisində sahibsiz itlərin yarada biləcəyi təhlükə nəzərə alınaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən, aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün, tapşırıqlar verilib. Hətta Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən ciddi şəkildə bildirilir ki, şəhərdə nümunə üçün, bir dənə də olsun küçə iti qalmayacaq. Amma, belə deyil. Reallıq və həqiqət bunu demir. Sanki bu problem rəhbər şəxslərin heç veclərinə də deyil.
Əlbəttə, məmurlar bunu ciddi prooblem saymaya bilər, amma sahibsiz itlərin şəhəri işğal etməsi sakinlərdə böyük narahatçılıqlar doğurursa və faciələrə səbəb olursa, bu, heç də, adi kiçik məsələ sayıla bilməz. Əgər sahibsiz itlər şəhərdə ancaq maşında, cangüdənlə gəzən yüksək vəzifəli məmurlara və onların dərsə, ora-bura gedən uşaqlarına, doğma-yaxınlarına problem yaratsa, onların üstünə hücum etsə və ya dişləsə idi, əlbəttə, onlar tez bir zamanda təcili tədbirlər görərdilər. Di gəl ki, İcra hakimiyyətinin bu qorxulu məsələyə laqeyd münasibəti ucbatından, bu gün şəhərdə minlərlə insan hədsiz narahatçılıq keçiririr, olmazın əziyyətlər çəkirlər. Çünki
küçə itləri, artıq, şəhərdə binaların ətrafını, hətta evlərin bloklarını özlərinə doğma məskən sayırlar. Sahibsiz bu itlər hərəkət edən maşınların, velosipedlərin dalınca aqressiv tərzdə qaçaraq, hürüməklə də, qorxu yaradırlar. Bir sözlə, şəhər
sakinlər səhər tezdən işə rahat gedə, axşamlar isə, həyacan keçirmədən evlərinə qayıda bilmirlər. Hər gün qaranlıq düşən kimi, sürü halında olan küçə itləri, onları, düz öz evlərinin qabağında qarşılayırlar. Əgər əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdusa, artıq, gündüz vaxtı belə, gəlib-gedən sakinlərə durmadan hürüşmələrindən rahatçılıq yoxdur. Ölkənin nüfuzlu mətbu orqanlarının da yazdığı kimi, itlərlə bağlı belə açınacaqlı vəziyyət heç bir dünya ölkəsində yoxdur. Qulağımızın dibindəki Gürcüstanda belə. Sumqayıt, bu baxımdan, müəyyən mənada, yalnız və yalnız, bizdən çox uzaqdakı Hindistanın bir çox tipik şəhərlərini xatırladır. Həm də, bu fərqlə ki, orada toxunulmaz meymun və inəklər hesab olunur, burada isə, küçə itləri”.
Yuxarıda qeyd etdiklərimizin yekunu və yazımızın sonluğu olaraq, mütəxəssislərin bu dediklərini də verməyi vacib bildik: “Hətta onu da demək istəyirik ki, mətbuatda çıxan çoxsaylı vətəndaş şikayətlərində bildirilir ki, əksər şəhər küçələrinin ortasında, məktəblərin həyətlərində itlər, bəzən, çox rahat şəkildə cinsi əlaqəyə girirlər. Halbuki bu itlərə vaxtında peyvənd vurulmalı, bununla da, onların qısırlanması həyata keçirilməli idi. Kömək etmək lazımdır ki, küçədəki sahibsiz itlər qısırlaşdırılsın, onlar yeni balalar doğmasın, küçədə artmasınlar. Bunu həyata keçirmək üçün, syrı-ayrı klinikalar, təşkilatlar var. Endirimli proqramlar edirlər. Hələ, bu da o demək deyil ki, bundan sonra belə, həmin itlər real, potensial qorxulu təhlükə mənbəyi olmayacaqdı. Eyni zamanda, bəzən küçədə itlərin qulağında işarə görürük, bu isə, o deməkdir ki, həmin itlər vaksinlənib. Vaksin isə, sadəcə hansısa xəstəlikdən qoruyur. Amma vaksin yüz faiz qorumur, eyni koronavirusa qarşı tətbiq edilən vaksin kimidir.
Bütün bunlar bir yana, sakinlər uzun illərdir ki, şəhərdəki sahibsiz itlərə nəzarət olunmamasından, məsələnin həlli ilə bağlı, demək olar ki, heç bir ciddi addımın atılmamasından çox narazıdırlar. Sumqayıtda küçə itləri nəinki bütün yaşayış binalarının yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərindəki yolların ortasında, restoranların, kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində, əsas bulvar və parklarda… günün günorta çağı rahatca var-gəl edir, həmin yerlərdə məskən salırlar. Böyük supermarketlərin yanı və yaşıllıqlar isə, sakinlər tərəfindən, küçə itlərinin əsas baş qərərgahlarından sayılır. Son zamanlar balalayib, o qədər çoxalIblar ki, bu ağrılı problem, şəxsi avtomobil sahiblərinin belə baş ağrısına çevrilib. Belə ki, sürücülərin maşınlarının qabağından keçən itləri bilmədən vurması, bununla da, avtomobillərinə ciddi ziyan dəyməsi halları çoxalıb. Dəhşət ondadır ki,
sürü halında mikrorayonlardakı əksər binaların həyətlərində, parklarda, küçələrdə, ictimai yerlərdə məskən salan itlərdən, nəinki azyaşlı məktəblilər, hətta, böyüklər də çəkinirlər. Bu səbəbdən ki, uzun zamandır şəhərin mikrorayonları, həmçinin “Xəzər bağları ” deyilən ərazisi və digər yaşayış yerləri itlər vadisinə çevrilib. Sakinlər gecə vaxtı itlərdən qorunmaq üçün, əllərində daşla gəzməyə məcburdurlar. Buna görə ki, kütləvi şəkildə çoxalan küçə itləri gecə vaxtı sürü halında daha təhlükəli olur, soyuqlar düşdükcə, aqressivlikləri durmadan artır.
Bu yerdə, onu da qeyd etməyimiz yerinə düşər ki, özlərini heyvansevər kimi tanıdanlar, daha çox uşaqlar, yeniyetmələr və gənclər deyirlər ki, heyvanlar da, insanlar kimidir. Əsas məqsədləri də, insanlar arasında heyvan sevgisini təbliğ etmək və küçə itlərinin ev şəraitində saxlanılıb, qorunmasıdır. Sumqayıtlı bir qrup belə gəncin də, dəfələrlə, İcra Hakimiyyətinə müraciətləri olub. Daha doğrusu, bir qrup gəncin, kinoloqların təklifi ilə, kimlərsə tərəfindən döyülüb, öldürülən, işgəncələrə məruz qalan, ya da acından, soyuqdan tələf olan sahibsiz heyvanların müdafiəsi məqsədi ilə, təşkilat yaratmaq üçün, dəfələrlə, İcra Hakimiyyətinə təklifləri olub. Açıq-aşkar deyiblər ki, sahibsiz heyvanlara verilən işgəncələrin qarşısını almaq üçün, küçə itlərinə sahib tapmaq üçün, bu təşkilatı yaradırlar. Lakin bununla bağlı dəfələrlə müvafiq dövlət orqanlarına müraciət olunsa da, indiyədək əməli olaraq, heç bir tədbir görülməyib. Onların bu təkliflərinə də, icra başçısından reaksiya olmayıb. Amma bu təşkilat yaradılsaydı, bunun, sahibsiz küçə itləri probleminin həllinə böyük köməyi dəyərdi. Paytaxt Bakıda mövcud olan sahibsiz itlərlə bağlı yaradılan “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi kimi, bu istiqamətdə alqışalayiq müəyyən işlər görərdi. Ən azından, itlərin və pişiklərin uşaqlar tərəfindən küçələrdə yemlənməsinin qarşısı alınardı. Çünki itləri və pişikləri küçədə yemləmək qəti qadağandır, birbaşa, yolxucu xəstəlik yaradır. Bunun ən sadə yolu budur ki, dövlət buna qadağa qoysun, itləri özü yemləsin.
Digər tərəfdən, bu təşkilat sahibsiz küçə itlərinin işgəncələrə məruz qalmasının qarşısını alardı. Axı, bunun da, xoşagəlməz fəsadları var. Təbii ki, əgər insan itə qarşı amansızlıq edirsə, o, özünü müdafiə edir, qarşısındakı şəxsi dişləməkdən başqa, bir şeyə gücü çatmır. Son günlər, sahibsiz itlərin insanlara hücumlarının artmasının əsas səbəblərindən biri də, elə, budur.
Ən əsası odur ki, ötən illər ərzində, əldə olan inandırıcı qeyri-rəsmi məlumatlara görə, it dişləməsi daha çox Sumqayıtda baş verib. Bu məsələ isə, yalnız ölüm faktı olduqda gündəmə gəlib. Mətbuat da yazıb ki, müraciətlərin ən çox olduğu yerlərdən biri, Sumqayıtdır. Hər gün, orta hesabla, 50-100 nəfər sakinini it dişləyən ölkəmizin bu üçüncü şəhərində, gün ərzində, it dişləməsi səbəbindən, ən azı 2-3 nəfərin, ayrı-ayrı xəstəxanalara müraciətləri olub. Bu faktların heç cüzi hissəsi deyil. Bir daha qeyd edirik ki, qeyri-rəsmi faktlar isə, açıq şəkildə onu deyir ki, sahibsiz itlərin aqressiv hücumuna, cırmaqlamasına, dişləməsinə məruz qalanlar dəfələrlə çoxdur. Sumqayit şəhərində hər gün küçə itlərinin hücumuna məruz qalan sakinlər olur, itlərin insanları dişləməsi hadisəsi baş verir, amma bunun statistikası aparılmır. Çünki böyük təhlükə mənbəyi olan, insanların rahatlığını pozan sahibsiz küçə itləri üçün, burada sığınacaq yoxdur. Amma rəsmilər belə deyirlər ki, guya, sahibsiz itlər tutularaq, burada yerləşən sığınacaqlara yerləşdirilir. Əslində isə, bu qorxulu problemin həlli, sakinlərin təhlükəsizliyi üçün, Sumqayıtda heç bir araşdırma, ictimai müzkirə aparılmır, kinoloqların səmərəli məsləhət və təkliflərinə qulaq asılmır, nə icra hamiyyəti, nə də yerli FHN qurumu, əhali arasında heç bir maarifləndirici tədbir həyata keçirmir. Amma, 5-6 aydan bir, ya primitiv olaraq itlərə görünməmiş tərzdə iynələr vurulur, ya da, uzaqbaşı itlərin 2-3-ü küçələrdən uzaqlaşdırılır. Bunu da, özlərinə yaxın mətbu vasitələrdə yaydırıb, deyirlər ki, bəs, bu istiqamətdə ciddi tədbirlər görülür.
Əslində, hər bir it dişləməsi zamanı baş verən ölüm faktına görə, ümumiyyətlə isə, sakinlərin itlərin hücumuna məruz qalmasıyla bağlı, məsul dövlət məmurları məsuliyyətə cəlb olunmalıdırlar. Buna isə, şəhər rəhbəri tərəfindən imkan verilməyib. Statistikaya görə, hər il dünyanın ayrı-ayrı ölkələrində, təxminən 3,7 milyon insanın itlərin hücumuna məruz qalmasına görə, yüksək səlahiyyətli məsul məmurlar belə, məsuliyyətə cəlb olunurlar. Elə, buna görədir ki, Avropa şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı, məsələləri operativ şəkildə həll edirlər. Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, humanist prinsiplərlə həyata keçirirlər. Nədən, Türkiyə və Gürcüstanın şəhər məhəllələrindəki itlər kimisə dişləmir? Bu xoşagəlməz fobiya, niyə, Azərbaycanda bu qədər yayılıb? Elə, bu suallara cavab tapmaq üçün də, qardaş Türkiyənin və Avropanın digər ölkələrinin təcrübələrindən istifadə etmək mütləq lazımdır.
Onu da diqqətdə saxlamaq lazımdır ki, sahibsiz küçə itləri qorxulu yoluxucu xəstəliklərin mənbəyidir. Onlar psixoloji olaraq da, sakinlərə mənfi təsir göstərir, insanlarda gözlənilməz narahatçılıq doğururlar. Heç təsadüfi deyil ki, Azərbaycanda belə, itdən qorxan 13 yaşlı qız da, vaxtilə öz həyatıyla vidalaşdı. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatlarda da, bu aydın göstərilir. Deyilir ki, it dişləmələri zamanı, müraciət edən şəxslərə dərhal zəruri tibbi yardım göstərilir, onlara, ilk olaraq, quduzluq əleyhinə peyvənd vurulur, sonra isə, digər zəruri tədbirlər həyata keçirilir”.
Sumqayıtın küçələrində və ətraf yaşayış məntəqələri ərazisində küçə itlərinin sayı günbəgün artmaqda davam edir. Daha çox, ictimai-iaşə obyektlərinin yaxınlığında dolaşaraq, qida axtaran sahibsiz it problemi hamının narahatlığına səbəb olur. Bəs, çıxış yolu nədədir? Bu sual da, hər kəsi düşündürür. Çünki küçə itlərinin kütləvi şəkildə çoxalmasını ciddi problem kimi qaldıraraq, sakinlər deyirlər ki, bu, uşaqlar üçün xüsusilə təhlükəlidir, quduzluğa yoluxma riski yüksəkdir. Elə, buna görə də, küçə itlərinin sayı tənzimlənməlidir, yoxsa, bu sürətlə artım nəticəsində, Sumqayıtı itlər tamamailə basacaq.
Əli HÜSEYN,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.