“Müharibədə qalib gələn Azərbaycanda Prezident İlham Əliyevin populyarlığı və reytinqi çox yüksəkdir”.
Bunu ABŞ-da (Vaşinqton) fəaliyyət göstərən Marşal Fondunun analitiki Devid Salvo deyib.
Ekspert Azərbaycanla Ermənistan arasında saxlanılan hərbçilərin mübadiləsinə dair anlaşmanı və bu iki ölkənin birgə bəyanatı ilə bağlı nikbinlik ifadə edərək, baş verənləri “misilsiz” adlandırıb.
Salvonun sözlərinə görə, bu, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması və inamsızlığın azaldılması istiqamətində uzunmüddətli prosesdə ilk addımdır:
“Bu, bir çox cəhətdən tam bir sürpriz oldu. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra iki ölkənin liderləri heç bir vasitəçinin imzası olmadan birgə bəyanat verdilər”.
Amerikalı analitikin fikrincə, bu gün tərəflər sülh sazişinə daha yaxın olsalar da, danışıqlar prosesində həll olunmamış çoxlu problemlər və hələ də aradan qaldırılmalı olan maneələr var. Bununla belə, Salvo qeyd edib ki, sözügedən razılaşma tərəflərin sülhə doğru irəliləmək istəyindən xəbər verən müəyyən göstəricidir.
“Hesab edirəm ki, hər iki ölkədə regionda sülhün bərqərar olmasına, bir-biri ilə normal münasibətlərə meyillilik var”, - analitik əlavə edib.
Salvo Azərbaycanda keçiriləcək erkən prezident seçkilərini sülh prosesi kontekstində qiymətləndirərkən bildirib ki, müharibədə qalib gələn Azərbaycanda Prezident İlham Əliyevin populyarlığı və reytinqi çox yüksəkdir. Amerikalı reytinqi yüksək olan Əliyevin seçkidə rəqibləri üzərində təsiredici qələbə qazanacağına şübhə etmir.
“Təsirli seçki qələbəsi ona (İlham Əliyevə) Ermənistanla sülh müqaviləsi üzrə danışıqlarda siyasi kapital verəcək”, - Salvo vurğulayıb.
Analitik əlavə edib ki, sülhə gedən yolda hər iki tərəfin cəmiyyətləri onilliklər boyu davam edən inamsızlıq, ağrı və qarşılıqlı düşmənçiliyə qalib gəlməlidir. Salvo gələn il bu istiqamətdə irəliləyişlərin olacağına ümid etdiyini söyləyib. (Teleqraf.com)