Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
Həyatımızda üzümüzü güldürən, könlümüzün xiffətini silən adamlar həmişə az olur. Xüsusən də, indiki vaxtda. Həmin təbəssüm saçan, ürəksıyıran kədərlərdən bizləri xilas edən insanlar arasında elələri də var ki, onlar bizim uşaqlıq, gənclik çağlarımızın parlaq qəhrəmanlarıdır. Bu cür qəhrəmanlardan biri isə özü gülərkən bizi də qəhqəhələrə qərq edən, Türkiyənin gülüş ustası, görkəmli kino-aktyor, çoxlarımızın Şaban kimi tanıdığımız Kamal Sunaldır.
“Qafqazinfo” olaraq budəfəki həmsöhbətimiz isə Kamal Sunalın həyat yoldaşı Gül Sunaldır.
Xatırladım ki, Gül Sunal taleyini bağladığı insan haqqında həm “Kamal, gəl bir qəhvə içək” adlı dəyərli bir kitab yazıb, həm də bir-birindən maraqlı, qəribə faktlarla zəngin çoxsaylı video-verilişlər hazırlayıb. Mən həmin kitabı diqqətlə oxumuş, videolara isə vaxtaşırı baxmışam deyə ondan alacağım müsahibənin suallarını elə şəkildə tərtib etmişdim ki, söhbətimizdə bu günəcən danışılmayanlardan söz açaq, yaxud kitabda üstündən ötəri keçilən məsələlərə daha geniş müstəvidə işıq salaq. Elə planlaşdırdığım kimi də oldu…
Gül xanımla vədələşdiyimiz kimi qızının rəhbərlik etdiyi “Ezo Sunal uşaq bağçası”nda görüşdük. Həmin gün – 24 noyabr Türkiyədə müəllimlər günü idi və valideynlər Gül xanıma, həmçinin orada çalışan işçilərə qucaq-qucaq gül gətirmişdilər. Söz oyunu xəstəliyindən əziyyət çəkən oxucuların təşnə ürəklərinə su səpmək üçün gərək belə deyim: Gülə gül bağışlayırdılar...
Mən isə ona güllər əvəzinə ünvanladığım hər sualla günlər bağışlayırdım – Kamal Sunallı günlər. Bu halda gülə qəti ehtiyac qalmırdı. Bəlkə də qeyri-ixtiyari bu vəziyyətdən duyuq düşən Gül xanım söhbətimizin axarında işçiləri, müəllimləri çağırdıb tapşırdı ki, stolun üstündəki, pəncərənin kənarındakı, şkafların yan-yörəsindəki gülləri aparıb orada çalışan xanımlara paylasınlar. Biz isə söhbət zamanı yaşadığımız gündən çıxıb olmuşduq yarım əsr qabağın, bir qərinə əvvəlin sakinləri…
– Gül xanım, ömür-gün yoldaşınız, məşhur aktyor Kamal Sunal haqqında kitabınızı oxudum, ilk təəssüratım bu oldu ki, mətn bir az qaçaraq, sanki iki daşın arasında yazılıb. Elə bil, bir xatirəni hövlnak bitirib, durmadan o birinə doğru yol almısınız ki, deyə biləcəklərinizin hamısını yazıya gətirəsiniz, ürəyinizdə sözünüz qalmasın. Müşahidələrimlə razısınızmı?
- Əlbəttə, razıyam, sanki kitab qələmə alanda yanımda olmusan. Doğrudan da, kitabı yazanda yaman tələsirdim, elə bilirdim, bitirə bilməyəcəm. Ona görə də tələsik xatirədən xatirəyə qaçırdım. Mən peşəkar yazıçı deyiləm. Bu səbəbdən icazə vermədim ki, kimsə yazdığımı redaktə eləsin, fikirlərimə əl gəzdirsin, kitabı necə qələmə almışdımsa, elə də çapa verdirdim. O vaxta qədər müxtəlif insanlar mənə Kamal Sunalla bağlı çoxsaylı suallar verirdilər, soruşurdular ki, o nə yeyirdi, nə içirdi, necə geyinirdi, nələrə gülürdü, evdə nə təhər adam idi, övladlarına qarşı tövü necəydi və sair. Həmin kitabı yazarkən çalışmışam ki, mənə onunla bağlı ən çox ünvanlanan sualları cavablandırım.
- Kamal Sunal həyatı boyunca öz şəxsi həyatını medianın mövzu burulğanlarından uzaq tutmağı bacaran, ancaq ərsəyə gətirdiyi ekran əsərləri ilə meydanda olmağa çalışan sənətkar idi. Sizin kitabınızda bir zamanlar jurnalistlərin Kamal Sunaldan cavabını almaq üçün onun başına pərvanətək fırlandığı suallara da aydınlıq gətirib. Sizcə, mərhum sənətkar sağ olsaydı, özünün cavab verməkdən yayındığı məsələləri açıqlamağınızı necə qarşılayardı?
- Mənə verdiyin bu sualı özüm-özümə düz 14 il ərzində daim vermişəm. Fikirləşmişəm ki, görəsən, belə bir kitab yazım, yoxsa yox? Kamal sağ olsaydı, bu kitabı oxuyub nə deyərdi? Bəli, siz dəqiq buyurursunuz ki, o, şəxsi həyatını mətbuat səhifələrini mövzularına çevirməyi xoşlamırdı. Kamal vəfat edəndə qəzet-jurnallarda çoxsaylı insanlar yazırdılar ki, “unutmadıq, unutmayacağıq və unudulmağa imkan verməyəcəyik”. Aradan 14 il sovuşdu, bu illər ərzində şahid oldum ki, Kamalı sevənlər onun ölümündən sonra verdikləri sözlərinin üstündə durdular. Bu gün də əksər televiziya kanalları onun baş qəhrəmanı olduğu filmləri nümayiş etdirirlər, ildönümlərində kütləvi şəkildə anılır, ona qarşı sevgi hər ötən gün daha da artmaqdadır. Bütün bunları görəndən sonra özümə dedim ki, bəli, deməli, Kamal Sunal artıq xalqın övladıdır, sadəcə mənə və övladlarına aid bir insan deyil. Sonra xalqın Kamalı barədə biliklərimi yazmaq vaxtının gəlib çatdığını yəqinləşdirdim. Təbii, həmin kitabda onunla bağlı bütün sirləri, gizlinləri sonacan açmamışam, xalqın Kamalına bəs edəcək qədər məlumatlar əks etdirməyə çalışmışam. Əgər xatirələrimdə hər şey deşifrə olunsaydı, onun bütün gizlinləri gün işığına çıxsaydı, yaxud ailə dostlarımızın hamısı barədə kitabda ətraflı bəhs edilsəydi, onda nəşrin həcmi indikindən qat-qat böyük olardı. Əminliklə deyə bilərəm ki, əgər o, bu kitabı oxusaydı, çox bəyənərdi.
- Qələmə aldığınız kitabda üstündən böyük zaman keçən hadisələr, yaxud internetdən kimliyinin dəqiqləşdirilməsi müşkül olan adamlar barədə müfəssəl məlumatlar verməmisiniz. Sanki kitabı ümumi oxucular üçün yox, sizi şəxsən tanıyan, yaxud o dövrün şahidi olan insanlar üçün yazmısınız.
- Az qala, o kitabın çapından 10 il keçir, inan, heç orada nə yazdığımı düz-əməlli xatırlamıram. Görünür, sənin diqqətini çəkən həmin məqam mənim peşəkar yazıçı olmamağımla bağlı problemdir. Mən o xatirələrimi yazdım, sonra isə təkrar qayıdıb oxumadım, çünki bilirdim ki, kitaba bir də nəzər salsam, çox şeyi qurdalayıb işin içindən iş, sözün içindən söz çıxaracağam.
- Kamal Sunalın filmlərinə baxarkən bir anlıq güldüyü kadrları dayandıranda, gözlərindəki qüssə aydın nəzərə çarpır. Siz bu kədərli baxışları gündəlik həyatınızda müşahidə edirdinizmi?
- Mən onun gözlərinin dərinliyindəki kədərin çox sonralar fərqinə vardım. Onun gözləri heç zaman tam şuxluğu ilə gülmürdü. Onun gülüşü güldürməkdən daha çox, insanları gülüşə inandırmağa yönəlik idi. Yəni onun filmlərinə baxanlar onun güldüyü situasiyalara, insanlara inanaraq gülürdülər. Qəribə olan başqa bir hal isə bu idi ki, eyni anda üzündə təzahür edən gülüşlə, gözlərində işıqlanan kədərin heç biri qurama, yapma deyildi. Bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən gülüş və kədər onun çöhrəsində həqiqi harmoniyasını tapırdılar. Bundan başqa, çəkildiyi filmlərdə Kamalın özündən, üz cizgilərindən daha çox düşdüyü vəziyyətlər komik idi. Kamal vəziyyətlərin, hadisələrin gülüş ustası idi. Vəziyyətin özünü komik hala salmaq, hadisələri o yerə gətirib çıxarmaq isə aktyordan böyük hünər, ustalıq tələb edir. Məncə, Kamalın aktyorluq gücünün, sənətkarlıq qüdrətinin sirri məhz bunda idi.
- Bəs o gülüşündəki inandırıcılıq real həyatdakı etibarlılığı ilə tən gəlirdimi?
- Əlbəttə. Biz 1973-cü ilin payızında Ankarada tanış olmuşduq. Onda o sadə bir teatr aktyoru idi, bircə “Tatlı dilim” filmində rol almışdı, “Yalançı yarım” kinosuna isə çəkilmək ərəfəsində idi. Sonra da Tarık Akanla “Oh olsun” filmi ilə ekrana çıxdı. Onda onun nə şöhrəti var idi, nə də pulu. Sonra düz iki il yarım məktublaşdıq. O illərdə artıq “Hababam sinifi”ndə çəkilmişdi, həm kifayət qədər tanınırdı, həm də cibində bəs qədər pulu var idi. Fəqət o şöhrətə əli yetəndən sonra mənə olan fikrini dəyişmədi. Çünki Kamal istəsəydi, həmin illərdə bir çox qadınlarla yaşaya, evlənə və tamam başqa bir dünyanın insanına çevrilə bilərdi, amma o, yenə də məni seçdi və biz ailə qurduq. Aktyorların, sənət adamlarının çoxu tanınandan sonra anlayırlar ki, şöhrət onları başqa istiqamətə çəkir və onlar da, adətən, həmin yönə uça-uça gedirlər. O, həyatı boyu mənə nə söz veribsə edib, çünki sabit xarakteri var idi. Kamal heç zaman bahalı maşınların qapısını açıb üstünə baxaraq lovğa şəkillər çəkdirmədi, halbuki bunu eləməyə hamıdan artıq imkanı çatırdı. Məsələn, son maşını “Jaguar” idi, bir nəfər ona dedi ki, sən Kamal Sunalsan, bahalı maşın sürməlisən. Cavabında Kamal “neynirəm od qiymətinə olan maşını, onun əvəzinə uşaqların təhsilinə pul ayıraram dedi. Amma oğlumuz Əli israr etdi ki, ata, “Jaguar” al, indi də o cür maşın minməyib, bəs haçan minəcəksən? Axır ki,” Jaguar” aldı. Bizim pulumuz başımızdan aşanda da o, heç vaxt özünü itirmədi. Nə acı ki, bir sıra hallarda insanlar külli miqdarda pulu qazanırlar, amma onun əvəzində özlərini, həqiqi kimliklərini, şəxsiyyətlərini itirirlər. Bu, çox dəhşətli, ağrılı bir aqibətdir. Bu, faciəvi və misilsiz bir itkidir. Kamal isə necə sadə bir malatyalı ailənin uşağı kimi dünyaya göz açmışdısa, eynən də dünyaya sadə bir insan kimi gözlərini yumdu.
- Əgər o epistolyar irs it-bat olmayıbsa, iki il yarım məktublaşmısınız, həmin yazışmaları da bir kitabda toplamaq yaxşı olmazdımı?
- İndi İstanbulda Göztəpə parkında Kamal Sunalın muzeyi qurulur. Həmin məktubları o muzeyə verəcəyəm. O məktub cavablaşmalarını kitab şəklində çap etdirmək üçün gərək orda haqqında danışılan söhbətlərə əlavə şərhlər yazam. Mənim isə o işləri görməyə daha ömrüm və gücüm qalmayıb. Yaşlanmışam... Hətta onun filmlərini seyr eləməyə belə taqətim yoxdur. Üz-gözümü boyayıb, kosmetikalanıb burada oturmağıma baxma. Ömür gedib...
Başqa bir məsələ də odur ki, mən 23 ildir ona yas saxlayıram, hələ də özümə gələ və bu itkini tam qəbul edə bilməmişəm. Bu yaşdan sonra həmin məktublara baş qoşsam, keçmişdə baş verən çox hadisələri xatırlayacam, çox şey gözlərimin önündən gəlib keçəcək. Daha o həyəcanlara tablaya bilmərəm. Bu günəcən nə ola bilərdisə, o da olub.
Mən bu kitabı yazarkən əlyazmaları götürüb bağ evimizə gedirdim ki, orda yazam. Eşitmişdim ki, yazıçılar əsərlərini bağda yazmağı xoşlayırlar. Amma əlyazmaları ora necə aparırdımsa, elə də geri qaytarırdım, yaza bilmirdim. Çünki tək yaşadığım evimdəki tənhalıqda Kamalla, onun ruhu ilə dönə-dönə rastlaşmaq, üzləşmək istəmirdim, Beləcə bu kitabı ancaq bu uşaq bağçasındakı iş otağımda qələmə aldım.
- Xatirələrinizdə yazırsınız ki, çox danışdığınıza görə sizə pul verirmiş ki, bir hovur susasınız...
- Hə, olub belə şeylər (gülür). Deyirdi ki, ay qadın, onca dəqiqə sus da, götür bu pulu, amma mumla, yuxuda da danışırsan e. Pul da pul deyirəm e sənə, əməlli-başlı ciddi məbləğ. Qəribədir adam susanda ağlına o qədər fikirlər gəlir ki, bəzən o düşüncələri dilə gətirməkdən ötrü verdiyi puldan imtina edib ürəyim istəyən qədər danışırdım. (gülürük)
- Ən çox hansı xarakterini sevirdiniz?
- Adamı dinləməyini. Ondan soruşulası o qədər çox suallarım var ki. Təəssüf ki, daha insanlar suallara özlərinə sərf edən kimi, yaxud sənin gözündə ucalmaq üçün kələklə cavab verirlər, amma o, elə deyildi. Yaxşı yolgöstərən idi. Ondan sonra mən çox çapalayıram, eynən üzməyi bacarmayan bir adamın suda çırpınması kimi. Bu dünyada öyrəşməkdən, alışmaqdan böyük arsızlıq yoxdur. Zamanla insan çox şeyə öyrəşir və başlayırsan özün başına çarə qılmağa. O, sağ olanda mən sadə bir ev qadını idim, amma 23 ildir həyatla sinə-döş olmuşam, onun haqqı tapdanan bir sıra yerlərdə bivec adamlarla üz-üzə gəlmişəm, bir sözlə, çox sular axıb, çox arxlar bulanıb, oğlum.
- Kamal Sunal evdə çox sadə, sizin təbirinizcə desək “şöhrətini evə gətirməyən bir adam imiş”. Bəs siz onun şöhrətinə necə yanaşırdınız, bir-birindən gözəl, dövrünün sənət ilahələri sayılan xanımlar ilə filmlərə çəkiləndə ərinizi qısqanırdınız?
- Mən heç vaxt ondan xəyanət gözləməzdim. Əksər kişilər kimi o da gözəllik aşiqi, surətpərəst idi. Bəzən mən yanında olanda hansısa qızı göstərib “bax gör nə gözəl, necə incə qızdır” kimi sözlər işlədərdi. Amma mən onu qısqanmırdım, çünki onun evindəki, həyatındakı əsas qadın mən idim. Məsələn, bir ay müddətində Müjda Ar kimi dünya gözəli bir xanım ilə “Kübar Feyzo” filmində çəkildilər. Bütün günü çəkiliş meydanında oldular. O vaxt Müjda Ar ailəli deyildi, amma ağlıma heç bir şübhəli fikir gəlmirdi. Bəzən Kamal çöldə, orada-burada aktrisalarla görüşürdü, mən də onunla birgə gedirdim, amma aktrisalarla aralarında hansısa münasibətin olduğunu hiss etmirdim. Nəsə eləyibsə də, halal-halal xoşu olsun.
- Ona bu qədər güvənməyinizin nüvəsində hansı xarakter göstəriciləri dayanırdı?
- Qadınlar ona çox böyük hörmətlə yanaşırdılar. Mən isə gözəl qadın deyildim, makiyajla, bəzək-düzəklə filan birtəhər babat görünürdüm. Heç vaxt baxanı “canıyanmış nə gözəl”dir deməyə vadar edən bir xanım olmamışam. Kamal Serfil Çakmak, Perihan Savaş, Ahu Tuba kimi bir-birindən gözəl xanımlarla filmlərə çəkilib. Biz Kamalla həmin aktrisaların da qatıldığı məclislərə gedirdik. Deyək ki, onlarla filmlərə çəkilən başqa kişi aktyorlar da həmin məclisdə iştirak edirdilər. Onlar tərəf müqabilləri qadınlarla rastlaşanda kübarca salamlaşır, şübhə doğuracaq qədər ehtiramla hal-əhval tuturdular, Kamalsa onları görəndə “nətərsən, ay qız, nə var nə yox, salamatlıqdır?” soruşub sonra yanaqlarından yüngülcə bir çimdik götürürdü. Məsələn, əgər ərim də digər kişilər kimi bir ay çəkiliş meydanında qaldığı, min bir zarafatlar elədiyi qadınla sonradan həyat yoldaşının yanında o qədər kübarca görüşsəydi, onda şübhələnərdim. Məndə sual yaranardı ki, bir ay boyunca çəkiliş meydanında da bir-birinizlə belə “necəsinizlə”mi danışdınız? Barmağımı dişləyərdim ki, hə, deməli, aralarında gizlədiləsi hansısa münasibət var. Kamalın tərəf müqabilləri ilə səmimiyyəti isə icazə vermirdi onu qısqanım. Özü də o vaxtlar filmlərinin premyeralarına bütün aktyorlar gedirdi, indi isə o cür tədbirlərə ancaq təqdim edilən kinoda oynayan sənət adamları dəvət alırlar. Ona görə də həmin vaxt bütün aktyorları daim bir yerdə görə və lazımı qədər müşahidə edə bilirdik.
- İki övladınız da var, – Ezo və Əli. Onların hansı əlamətləri, yaxud xarakter göstəriciləri atalarını sizə daha çox xatırladır?
- Ezo xaraktercə atasına çox oxşayır. Qızım çox anlayışlı, insanın dərdini dinləməyi bacaran bir insandır. Əli-ayağı, dırnaqları da atasına çox bənzəyir, elə bil ondan kəsib buna yapışdırmısan. Əli də dürüstlüyünə görə atasına çəkib, düşündüyünü ürəyində saxlamır, o saat dilə gətirir. Atası sağ olanda, Əli çox şən bir insan idi, ondan sonra xasiyyəti ağırlaşdı.
- Adətən, sənətkarların əksəri məşğul olduqları sahənin çətinliyini bildiklərinə görə çox zaman istəmirlər ki, övladları onların yolunu davam etdirsin. Bəs oğlunuz Əli Sunal aktyor olmaq istəyəndə atasının reaksiyası necə olmuşdu?
- Əlbəttə, Kamal da istəmirdi ki, oğlu aktyor olsun. Çünki Kamal sənət mühitinin hər üzünü görmüşdü, sadəcə özü güclü insan idi deyə onu cırmaqlasalar da, pəncələyə bilmirdilər, amma düşünürdü ki, ona edə bilmədiklərinin heyfini haçansa oğlundan alacaqlar. Əlinin aktyor olmaq qərarının ciddiyyətini biləndə tapşırdı ki, əvvəlcə oxuduğun universitetini bitir, sonra filmlərə çəkilərsən. Elə də oldu. Qəribədir ki, Kamal Sunalı filmlərə çəkən, onunla əməkdaşlıq edən heç kəs oğlumuz Əliyə rol vermədi, onu heç zaman şəxsi əlaqəmiz olmayan, tanımadığımız adamlar filmlərə dəvət elədilər.
- Kamal Sunal müxtəlif teleseriallara çəkilirmiş və həmin ekran əsərləri televiziya kanalında göstərilərkən, başqa beş-altı məşhur kanalda da Şabanın ən sevilən filmlərini göstərilirmiş. Təbii ki, yeni çəkildiyi teleserial da bu səbəbdən reytinq qazana bilmir deyə bəzən çəkilişlər dayanır, yaxud da başqa problemlər meydana çıxırmış. Bir sözlə, belə demək mümkündürsə, Kamal Sunalın əvvəlki filmləri yenilərə qənim kəsilirmiş. Beləcə o, uzun müddət heç bir ekran əsərində oynamır və nəticədə pul sarıdan korluq çəkirmiş. Gül xanım, ona münasibətdə bu sayaq düşmənliyin, namərdliyin kökündə hansı səbəb dayanırdı, niyə qüdrətli gülüş ustasını hiyləli oyunlarla pisikdirməyə, sənət meydanından çəkilməyə vadar edirdilər?
- Bu cür hadisələrin mayasında şəxsi düşmənlikdən savayı, kanal rəhbərlərinin pul qazanmaq iştahası da dayanırdı, çünki onlar yaxşı bilirdilər ki, Kamal Sunal yeni filmə çəkilsə və o əsər ekrana çıxsa, həmin vaxt onlar kanallarında nə göstərirlərsə, göstərsinlər, tamaşaçı Kamal Sunalın oynadığı təzə ekran əsərinə baxacaq. Ona görə namərdcəsinə onun yeni işini elə öz filmləri ilə vururdular. O, şəxsiyyətli, qürurlu sənətkar idi deyə bu cür hallarda heç kəsə ağız açmır, onlarla mübarizə aparmağa çalışmırdı.
- Sadəcə bu, özgə səbəb yox idi?
- Başqa səbəblər də vardı. Məsələn, bəzi rejissorlar istəyirdilər ki, o, otuz yaşında necə oynayıbsa, əlli yaşında da o cür oynasın. O isə, bundan imtina edirdi, deyirdi, mən bu yaşımda özümü 30 il əvvəlki vəziyyətlərimə sala bilmərəm. Düz də deyirdi. Amma yenə də rejissorlar asana pul qazanmaq üçün onu “Şaban əsgərlikdə”, “Şaban və Şirin” adlı teleseriallara çəkdilər. O teleseriallarda bircə Kamala pul verdilər, ortada nə düz-əməlli ssenari, nə də rejissor işi var idi. Fikir verin ki, belə həvəskar işlərin qarşısına 15-20 il öncəki peşəkar filmlərini çıxarırdılar və “bu qeyri-bərabər döyüşdə” cavan Şabanın filmləri yaşa dolmuş Şabanın teleseriallarına reytinq meydanında “qalib gəlirdi”. Kamalı özünü-özünə rəqib edərək əzməyə çalışır, çörəklə imtahana çəkirdilər.
- Bəs Kamal bəy müxtəlif kanallarda göstərilən reytinqli filmlərindən müəlliflik hüququ əsasında qonorar almırdımı?
- Almırdı, xeyr, ala bilmirdi. Bizim ölkəmizdə, təəssüf ki, müəlliflik hüququ, onun əsasında qonorar ödəmək mədəniyyəti çox aşağı səviyyədədir. Özü deyirdi ki, əvvəlki filmlərimə görə qonorar alsaydım, heç bu mənasız teleseriallara çəkilməzdim. O teleseriallarda çəkildiyinə görə çox peşman idi.
- Bəs televiziya kanalları, kino-teatrlar hansı səbəbləri əsas gətirərək ona qonorar vermirdilər, bu problemin mövcud hüquqi proseduralarla həlli yolları yox idimi?
- Biz bu qonorar, müəlliflik hüquqi məsələsi ilə bağlı çox məhkəmələrə müraciət edib, çox qapılara ayaq döymüşük, amma nəticəsi olmayıb. Özü də təkcə bu problem bizim ailəyə aid bir məsələ deyil, başqa şöhrətli sənətkarların da ailələri bu sayaq qanunsuzluqlardan hələ də əziyyət çəkirlər. Türkiyədə, adətən, filmlərə görə qonorar ssenaristlərə və rejissorlara verirlər. Amma mənim vəkilim araşdırma aparıb öyrənib ki, Türkiyədə “icraçı sənətkarlar” adlı bir sənətkarlar qrupu var. Onlar kimlərdir? Türkan Şoray, Tarık Akan, Cüneyt Arkın və sair bu qəbildən məşhurlar. Məsələn, o cür populyar aktyorların filminə baxan heç kəs demir ki, bu kinonun rejissoru filankəsdir. Əvəzində söyləyirlər ki, “Cüney Arkının filmi”, “Türkan Şorayın filmi”. Yəni o səviyyədə tanınmış şəxsiyyətlərin çəkildiyi filmlər birbaşa onların adı ilə bağlıdır. Bizim qanunlarımıza görə, “icraçı sənətkar”ların qonorarı ölümündən sonra ailələrinə ödənilməldir. Amma əfsus ki, biz bu iddia ilə vəsatət qaldıranda məhkəmələrdə udsaq da, sonradan apellyasiyalarda uduzuruq. Bu da ədalətsizliyin bariz təzahürüdür.
Yaxud Kamalın çəkildiyi son ekran əsəri olan “Propoqanda” filminə görə rejissor Sinan Çətinlə müqavilə imzalamışdı. Kamala deyilmişdi ki, 500 dəfə göstərilsə, bu qədər pul verəcəyik, 1000 dəfə göstərilsə, bu qədər. Vermədilər. Kamalın vəfatından sonra gedib onlarla danışdım, dedilər filmə gözlənilən qədər baxılmır, ona görə qonorar ödəyə bilməyəcəyik. Fəqət sonra o filmi bir çox kinoteatrlarda nümayiş etdirdilər, vərəsələrinə isə qara qəpik də ödəmədilər. Onları məhkəməyə verib prosesi uddum. Gör ondan sonra neylədilər? Filmi çəkən şirkəti kağız üzərində guya iflas eləmiş, bağlanmış kimi göstərdilər. Bağlanmış film şirkətindən necə pul almaq olar?
- Kamal Sunalın ona şöhrət gətirən Şaban obrazının adını o qədər də sevməməsinin əsas səbəbi nə idi?
– “Hababam sinifi” filmində İnək Şaban obrazı ilə xalq tərəfindən çox sevildiyinə görə, film istehsalçıları həmin qəhrəmana həddindən artıq maraq göstərirdilər. O vaxt film istehsalçıları tənbəl idi, hazır bir obrazı müxtəlif oxşar mahiyyətli filmlərə çəkib tez-bazar pul qazanırdılar, onların fərqli sənət nümunələri yaratmaq kimi daxili bir yanğıları yox idi. Sadəcə istismarçılıqla məşğul idilər. Kamalın özündən soruşanda ki, hansı filmini daha çox sevirsən, heç vaxt onları bir-birindən ayırmazdı, “hamısı mənim övladımdır” deyərdi. Sonralar isə Şaban obrazından uzaqlaşmaq istəyirdi, çünki əlli yaşını keçmişdi, amma tamaşaçılar ondan hələ də cavanlıq rollarındakı kimi surətlər yaratmasını umurdular. O isə yeni obrazlarla istedadını daha da fərqli meydanlarda açmaq, sənətkarlıq imkanlarını geniş planda nümayiş etdirmək istəyirdi. Bir dəfə də axmağın biri onu məhkəməyə vermişdi ki, dinimizdə Şaban ayı çox müqəddəs bir aydır, amma Şaban obrazı o ayın adını öz gülünc rolları ilə gözdən salır. Həyatımızda belə absurd hadisə də olmuşdu. Təbii ki, məhkəmə o müraciəti icraata götürməmişdi.
- Sənətkar kimi heç bir qruplaşmaya, ortaq maraqlara meyil göstərməməsindən onun sənətinə, özünə nə kimi xətərlər toxunurdu?
- Kamal Sunal heç bir qruplaşmaya, maraq dairələrinə kürəyini söykəməmişdi. Bu dolaşıq dünyada heç kəsin adamı olmamaq qədər çətin bir şey yoxdur. Ona görə də onu necəsə, hansısa yollarla sənət meydanından uzaqlaşdırmağa çalışırdılar. Məsələn, Şener Şen lotereya verilişində loto daşı çıxarmağa gedirdi, onu həmin verilişdə görən adamlar da o proqrama inanıb biletlər alırdılar. Kamal heç zaman belə şeylər eləmirdi, ona görə də Kamal yeni bir filmə çəkiləndə qəzetlər kiçik bir informasiya verməklə yetinirdilər, amma başqası filmə çəkiləndə jurnalistlər palaz-palaz yazılar verir, manşetləri yeni ekran işi ilə bağlı ifrat informasiyalarla doldururdular. “Əl əli yuyar, əl də üzü” prinsipi heç zaman sənətin əsl qiymətini almasına imkan verməyib. Bütün bunlara baxmayaraq, Kamalın şöhrəti azalmır, əksinə gün-gündən daha da artırdı.
- Bəs Kamal Sunal hansı yollarla ona qarşı yönələn hədəflərdən yayınırdı?
- Kamal heç kəsin hegemon idarəçiliyinin qanadları altına sığınmaq istəmirdi. Ancaq onun bu cür müstəqil xarakterini sevməyənlər də, pul qazanmaq xatirinə onunla əməkdaşlıq etməyə məcbur idilər. O vaxt filmləri nümayiş etdirən şirkətlər istehsalçılara sifariş verirdilər ki, məsələn, gələn il mənə iki Türkan Şoray filmi, üç Kadir İnanır filmi, iki Şaban filmi çək. Yəni ölkənin ümumi film ehtiyacının içində o sənətkarların ekrandakı obrazına əhəmiyyətli dərəcədə tələbat var idi. Ona görə də Kamal heç zaman film təkliflərindən kənarda qalmırdı. Əgər onun sənətinə tamaşaçıların tələbatı, böyük marağı olmasaydı, heç kəs onun istedadına görə irəli çəkməzdi. Nə çoxdur istedadlı adam. Bu dünya azmı istedadlının axırına çıxıb, azmı talantlı şəxsiyyətlərin başına gen dünyanı dar eləyiblər?! Xeyr, Kamalın timsalında onlardan biri də çox olardı, nə dəyişəsiydi ki?
- “Yüz nömrəli” adam filmində reklamçılığın fırıldaqçılıq, insanların başını tovlayan bir iş olduğunu öz parlaq rolu ilə cəmiyyətə çatdıran Kamal Sunal sonralar o obrazın mənəvi məsuliyyətinə görəmi reklamlara çəkilmək təkliflərindən imtina etdi?
- Yox, əsl səbəb o deyildi. Kamal söyləyirdi ki, nə vaxt filmdə bir aktyor kimi tükəndiyimi hiss eləsəm, onda reklama çəkilərəm.
- Ən çox hansı sənətkarlarla işləmək onun üçün zövqverici proses idi?
- Zəki Öktən rejissor, Uyur Buqayı ssenarist kimi işləməyi çox bəyənirdi. Xalid Akçıtəpə ilə isə tərəf müqabili olmaq çox könlüncə idi.
- Ozamankı baş nazir Turqut Özal necə oldu ki, oğlunuzun kirvəsi olmağa razılıq verdi və bu “yeni qohumluq” əlaqəsi sonrakı illərdə də davam etdimi?
- Turtut Özal da Kamal Sunal kimi əslən Malatyadan idi. Bir dəfə oğlumuza toy edəcəyimizi eşidən Turqut bəy hansısa məclisdə demişdi ki, Əlinin kirvəsi olmaq istəyir. Kamal o istəyin sorağını alanda Ankaraya gedib onu toya dəvət elədi. O da böyük məmnuniyyətlə dəvətimizi qəbul etdi. Toy günü gəldi, məclisdə ürəklə iştirak elədi, yeyib-içdi, deyib-güldü. Həmin gün başqa bir toya da getməli idi, amma bizim toydakı ab-hava o qədər xoşuna gəldi ki, digər məclisə qatılmaq fikrindən daşındı. Sonra onunla münasibətlərimiz çox da qaynar, get-gəlli olmadı, həyat hərənin başını öz işlərinə qarışdırdı.
- Turtuq Özaldan söz düşmüşkən, Kamal Sunal siyasətlə maraqlanan sənətkar idi?
- Siyasi prosesləri böyük həvəslə izləyirdi. Bir dəfə hansısa jurnalist ona sual vermişdi ki, baş nazir vəzifəsinə namizəd olmaq istəyərsiniz? Kamal cavabında zarafatla demişdi ki, xalq seçsə, niyə də yox. Lakin heç vaxt siyasi əqidəsini açıq bəyan etmədi, çünki hansısa siyasi qüvvənin tərəfini tutmaq onun sənətkar azadlığı ilə uyğun gəlmirdi. Buna görə onu “siyasi rəngsizlik”də günahlandıranlar da tapılırdı.
- Kamal Sunalın ölümdən qorxması haqqında çox danışılıb, çox yazılıb. Siz onun bu qorxusunu gündəlik həyatınızda da hiss edirdinizmi?
- Bəli. Bir dəfə televiziya kanalında Barış Mançonun ölümünə aid canlı reportaja baxırdıq. Ona baxa-baxa gözlərindən yaş sellənirdi. Məncə, o Barış Mançonun ölümünə baxarkən öz cənazəsini təsəvvüründə canlandırırdı.
Söhbətləşdi: Fərid Hüseyn
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 2024 21:01
- XİN: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq
29 oktyabr 2024 10:25
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 2024 10:14
- Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir
29 oktyabr 2024 00:22
- Strateji tərəfdaşlığın yeni istiqaməti
27 oktyabr 2024 16:10
- Sabiq nazir - Gördüm ki, yoldaşım bir qadının qucağında oturub
26 oktyabr 2024 23:32
- Putinin qərarı: azərbaycanlılar QOCA RUSLARLA evlənə bilməyəcəklər
26 oktyabr 2024 20:08
- İlham Əliyev BU ŞƏXSLƏRLƏ bağlı sərəncam imzaladı
25 oktyabr 2024 16:39
- İranda 12 güneyli fəala 88 il həbs cəzası verildi
24 oktyabr 2024 16:31
- Bakıda ŞOK QƏTL: qısqanc qadın ərini çarpayıdan yıxıb öldürdü
24 oktyabr 2024 16:08
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 09:58
- Xurmanın orqanizmimizə faydaları
30 oktyabr 09:34
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 09:14
- Qəfil dedilər ki, məktəbdə qumbara partlayıb, şagirdlər və müəllim ölüb - Misir Mərdanov
30 oktyabr 00:04
- Eldəniz Əzizli dördqat dünya çempionu oldu
29 oktyabr 23:26
- AQTA BİT BAZARI-nda yoxlama apardı - 5 min manatlıq cərimə
29 oktyabr 22:23
- Deyirlər ki, bu başçı Qarabağın torpaqlarını satır...
29 oktyabr 21:54
- Qatığa bir çimdik əlavə edin: Bədəndəki iltihabı və şişi aradan qaldırır
29 oktyabr 21:12
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 21:01
- Həkimin burnuna yumruq vurdu... 6 AY HƏBS
29 oktyabr 18:28
- 59 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib
29 oktyabr 14:48
- Dəmlədiyiniz çay 1 saatdan sonra zəhərə çevrilir - EKSPERT AÇIQLADI
29 oktyabr 13:04
- Yumurta yenidən bahalaşdı
29 oktyabr 11:52
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərdi
29 oktyabr 11:35
- XİN: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq
29 oktyabr 10:25
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 10:14
- Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu – VİDEO
29 oktyabr 09:53
- Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir
29 oktyabr 00:22
- Az əvvəl açıqlandı: Rövşən İskəndərov saxlanıldı
29 oktyabr 00:16
- 1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?
28 oktyabr 23:51
- 100 mindən çox insanın öldüyü adanın sirri (FOTO)
28 oktyabr 23:42
- Tağı Əhmədovun ölümündən əvvəl bu sözləri deyib AĞLAYIB - VİDEO
28 oktyabr 23:22
- Milli Məclisdə yeni təyinat (FOTO)
28 oktyabr 14:46
- Prezident və müxalifət dövlət çevrilişinə hazırlaşır – Şalva Papuaşvili
28 oktyabr 13:07
- ÖZBƏKİSTANDA 5 partiya parlamentə düşdü
28 oktyabr 12:21
- Azərbaycan dünyanın ən güclü ordularının siyahısında: Neçənci yerdəyik?
28 oktyabr 11:12
- Prezident pakistanlı generalı qəbul etdi - FOTO
28 oktyabr 10:43
- Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi HƏBS
28 oktyabr 10:36