Əli İnsanovla Zəlimxan Məmmədlinin yollarının ayrılması gözlənilməz deyil.
Tərəflərin ayrılığının qalmaqallı, söz-söhbəti baş verməsi də təəccüblü olmadı.
Əslində onların bir araya gəlməsi, eyni partiyada təmsil olunması təəccüb doğurmuşdu.
Bu birliyə, birgəliyə görə Zəlimxan Məmmədlini qınayanlar, “gör, haradan hara getdi” deyənlər vardı.
Çünki Zəlimxan Məmmədli hərəkatçı və Elçibəy iqtidarının İH başçısı olmuşdu.
Əli İnsanov isə hərəkatçı olmamışdı və ömrü boyu hərəkatçı-müxalifətçilərə qarşı sərt mövqedə durmuşdu.
Onun səhiyyə naziri olduğu vaxtı xatırlayanlar bilir, demokratikləşmə hərəkatına, o dövrün müxalifətinə qarşı ən sərt ritorika İnsanova məxsus idi.
Parlamentin plenar iclaslarında onun həqarət etmədiyi müxalif lider qalmamışdı. Adam rəsmən bu şəxslərin məhv olunmasını tələb edirdi.
2000-ci illərdə İnsanovun bu cür çıxışlarından, rəhbərlik etdiyi strukturda çalışan müxalifyönlü şəxsləri təqib etməsindən, hətta nazirlik sistemində müxalifət qəzetlərinin oxunmasını yasaqlamasından son dərəcə narazı qalan bir hərəkatçı-müxalifətçi onun barəsəində həcv səciyyəli yazı qələmə alıb redaksiyamıza təqdim etmişdi.
Sonradan tale onların hər ikisinin yolunu həbsxanadan saldı. İnsanov və hərəkatçı müxalif funksioner cəzaçəkmə müəssisəsində rastlaşmış, görüşmüş, uzun-uzadı söhbətlər etmiş, anlaşmışdılar. Hərəkatçı həbsdən daha əvvəl çıxdığından redaksiyamıza yolu düşəndə İnsanov barədə vəcdlə danışırdı: “Son dərəcə prinsipial, qətiyyətli, cəsarətli adamdır. Sağlamlığına, qidalanmasına, idman rejiminə ciddi riayət edir. Biz onu səhv tanımışıq, əsl liderdir. Həbsdən çıxandan sonra onun gerçək kimliyini görəcəksiniz. Perspektiv planları var” və s.
Gün gəldi, İnsanov həbsdən çıxdı. Həm də elə-belə çıxmadı, təmtəraqlı çıxdı, odioz oliqarxlara məxsus sarımtıl qiyafətdə (kostyumu, plaşı, kepkası eyni rəngdəydi) çıxdı. Az sonra o siyasətlə məşğul olacağını bəlli etdi, partiya quruculuğuna başladı. Dönəmin aparıcı müxalif partiyaları İnsanovun simasında daha bir güclü müttəfiq tapdıqlarını zənn etdilər, onu məclislərinin başında oturtdular. İnsanov bu davranışdan çıxış edərək başqa xəyallara düşdü, elə bildi ki, müxalifət onun ətrafında birləşəcək. Amma elə deyildi. Hərənin öz planı vardı.
İnsanovun partiyası dünənə qədər hakimiyyətdə olan, sonra bağlı olduqları yüksək vəzifəli şəxslərlə birlikdə vəzifələrindən kənarlaşdırılan kadrların hesabına şişməyə başladı. Bəziləri güman edirdi ki, bir zamanlar Rəsul Quliyevin yaratdığı partiya siyasi arenada həlledici yerlərə gəldiyi kimi İnsanovun HƏP-i də elə olacaq.
Sadəcə, İnsanovun HƏP-i tezliklə Quliyevin ADP-sinin taleyini yaşadı. Hakimiyyət hərəkətə keçdi, İnsanov faktorunun böyüməsinə imkan vermədi, nə etdilər, nə etmədilərsə, sabiq nazir vaxtilə hansı komandanın üzvü olduğunu, dəhnədən müxalifətçi olmadığını yadına saldı, öz məcrasına qayıtdı. Bir müddət sonra açıq-aşkar hiss olundu ki, artıq İnsanovun elə böyük hədəfləri yoxdur. Bundan sonra onun partiyasında olan və daha böyük hədəfləri, ambisiyaları olan şəxslərin orada fəallıq etməsi mümkün deyildi.
31-35 il öncə xalq hərəkatına qoşulmayan, həmişə hakim komandalarda orta və yüksək vəzifələr tutaraq, bir əli yağda, bir əli balda olan, yüksək mənsəbli məmur olduğu vaxtı zənginləşən, böyük varidat toplayan şəxslərin prinsipial müxalifətçi ola bilmədikləri gerçəkliyi İnsanovun simasında bir daha təsdiqləndi.
Bu, zatən, öncədən bəlliydi.
Ona görə də bu gün Zəlimxan Məmmədlinin açıqlamalarını oxuyanlar məmnunluqla öz-özlərinə deyirlər ki, burada təəccüblü bir şey yoxdur, ilk gündən bilinirdi ki, belə olacaq.
Həbsxanadan qayıdandan sonra İnsanovu tərifləyib göyə qaldıran hərəkatçı dostumuzun da fikri dəyişmiş olar.
Bir də kim hələ də “2005-ci ilin payızındakı layihə baş tutsaydı və Əli İnsanov hakimiyyətə gəlsəydi, hər şey başqa cür ola bilərdi” deyə düşünürsə, çox yanılır. O vaxt elə bir şey olsa, elə bir ciddi dəyişiklik olmayacaqdı, sadəcə, bu gün üzdə olan müxalifətçilərin çoxu yəqin ki, ya hələ də türmədəydilər, ya buraxılmışdılar və yataq xəstəsiydilər, ya da “zon”da ölüb getmişdilər. O, hətta ona dəstək verib hakimiyyətə gətirən qüvvələri də ilk fürsətdə zərərsizləşdirəcəkdi.
Yəni xasiyyəti, mahiyyəti öncədən bilinən adamlar barədə xam xəyallara qapılmamaq lazımdır.