İslam necə nifrət dininə çevrildi? - Fəxri Uğurlu

Kulis.az Fəxri Uğurlunun "Yazılanın yozulanı" adlı yeni yazısını təqdim edir.
Müəllim, filosof, peyğəmbər öz təliminin yanlış yozulmasına, təhrif olunmasına görə məsuliyyət daşıyırmı? Tarixin, o cümlədən fikir tarixinin ən qəliz suallarından biri də budur.
İsa peyğəmbər İncildə insanı qətlə yetirməyi birmənalı şəkildə, istisnasız qadağan eləyir, yek kəlmə “öldürmə” deyir. Di gəl, onun bayrağı altında nə qədər qırğınlar törədilib, səlib yürüşləri təşkil olunub. Lev Tolstoyu rus pravoslav kilsəsinə qarşı çıxmağa vadar eləyən başlıca səbəb də elə İsa təliminin təhrifə uğradılmasıydı. Yazıçını qəzəbləndirən buydu ki, məktəblərdə tədris olunan din dərslərində İncilin ana ehkamı təshih olunur, bu yasağın savaş meydanında düşməni öldürməyə, yaxud da edam cəzasına layiq görülmüş cinayətkarları qətlə yetirməyə aid olmadığı uşaqların beyninə yeridilirdi. Tolstoy bunu Əhdi-cədiddən Əhdi-ətiqə – İncildən Tövrata doğru geriyə addım, Musa ehkamlarının İsa dininə calanması saydığına görə lənətləyirdi, müharibələri, qırğınları Tanrı, İsa, din adından törədən riyakar çar rejimini şiddətlə qınayırdı. Elə bu səbəbdən kilsə də onu – tarixin ən şöhrətli, ən böyük rusunu lənətləyib çıxdaş elədi.
Yeri gəlmişkən, kilsə İsa peyğəmbərin obrazını xeyli təhrifə uğradıb – dörd incildən ən azı ikisini oxumuş hər kəs bunu aydın görə bilər. Xristian məbədlərindəki rəsmlərə baxanda adamın təsəvvüründə Məryəm oğlunun çox aciz, məzlum, miskin surəti canlanır, halbuki İncildə danışılan rəvayətlərdən yola çıxsaq, İsa peyğəmbər çox cəsarətli, qorxmaz, hətta bir qədər də təşəxxüslü şəxs olub. Ölümün gözünə dik baxan, amansız ruhanilərin mühakiməsindən çəkinməyən, məbədi bazara çevirənlərin piştaxtalarını uçuran, çarmıxda belə haqdan dönməyən bir mənəviyyat bahadırını necə miskin qiyafədə təqdim eləmək olar?
Ata-oğul məsələsi də yüz illərdir yanlış yozulur, hətta Dostoyevski kimi dahilər belə xürafata qapılıb bu məsələni hərfi mənada, primitivcəsinə qəbul eləyiblər. Ata-oğul məsələsinə (ümumilikdə bütün dini mətnlərə) rəmzi yanaşmayan, onları ədəbi-fəlsəfi əsərlər kimi incələməyən hər kəs mövhumat girdabına yuvarlanmağa məhkumdur. Məryəm oğlu İncildə açıq-aşkar deyir ki, ruh ruhdan, bədən bədəndən törəyir; yəni mənim cismim dülgər Yusifin, ruhum Tanrının oğludur. Həm də İsa öz tanrısını monopoliyaya almır, onu cəmi bəşəriyyətin atası sayır. Sufizmin “Allah – günəş, cəmi məxluqat onun zərrələridir” konsepsiyası bu baxışdan, demək olar, fərqlənmir. Hamısının da kökü gedib platonizmə dayanır.
Məryəm ananın müqəddəsləşdirilməsi də İncil məntiqinə ziddir. Matfeyin incilində belə bir məqam var: gizli məkanda xalqa moizə oxuyan Müəllimə bir nəfər xəbər verir ki, anan, qardaşların eşikdə durublar, səni görmək istəyirlər. İsa cavabında əlini şagirdlərinə uzadıb deyir: “Kimdir anam, kimdir mənim qardaşım? Mənim anam da, qardaşlarım da bunlardır. Kim göydəki Atamızın yolunu saxlasa, mənim anam da, qardaşım da, bacım da odur”.
“Antixrist” əsərində Fridrix Nitsşe xristian dinini qınamağa apostol Paveldən başlayır. Filosofun fikrincə, başda Pavel olmaqla İsanın şagirdləri onun təlimini təhrif eləyiblər, odur ki, yazır: “Birinci-sonuncu xristian çarmıxda ölüb”.
Elə Nitsşenin özünü götürək, alman qasırğasının yer üzündə dağıntılar törətməsində bir mənəviyyat sinoptiki kimi onun payı nə qədərdir? Əlbəttə, çoxları bu fikirdədir ki, Nitsşe Hitleri nəinki bəyənməzdi, hətta bir az da artıq, ona nifrətlə, ikrahla yanaşardı. Ancaq bu ehtimal böyük filosofu məsuliyyətdən azad eləyirmi? “Qoy bütün acizlər, şikəstlər məhv olsunlar – bizim insansevərliyimizin ana bəndi bax budur. Onlara gəbərməkdə yardımçı olmaq lazımdır” deyən antipeyğəmbər nə qədər rəmzi-işarəli danışsa da, bu hökmün, bu ehkamın nələrə başa gələ biləcəyini heçmi xəyalına gətirməmişdi? Qətiyyən təsadüf deyil ki, faşizm ideoloqları böyük həvəslə onu özlərinə peyğəmbər seçdilər. Nəticədə XX əsrin mənəvi ərazisini dönə-dönə silkələmiş bir təlim soyuqqanlı cəlladların, qatillərin əlində bəraət kağızı, edam fətvası kimi istifadə olundu.
Kürəyini böyük fikir dağlarına söykəmək istəyən başqa bir siyasət dəllalı Mussolini Hegelin fəlsəfəsini istismar elədi, bolşeviklər öz düşmənlərini siyasi səhnədən atmaq yolunda marksizmi alətə çevirdilər. Ədalət naminə desək, Hegelin də, Marksın da təlimində belə qaranlıq, şər niyyətlərin işinə yarayası yetərincə ayaqyeri var. Hərçənd belə söyləyirlər ki, Lenini, Stalini görmüş olsaydı, Marks onlara heç salam da verməzdi. Tutalım bu, həqiqətdir; bunun həqiqət olmağı Karl Marksı kommunizm bayrağı altında baş vermiş fəlakətlərin məsuliyyətindən qurtarırmı?
Yaxşı, Hegel də, Marks da insan azadlığına yer qoymamışdı. Nitsşedən ötrüsə insan heyvanı fövqəlinsana calayan kəndirdən başqa bir nəmənə deyildi. Hegelin Mütləq Ruhun iki qüdrət barmağı arasında kukla kimi oynadılan tanrısevər insanı, Marksın kütlələrin sağ əliylə sol əli arasında Prometey zəncirinə vurulmuş əməksevər insanı, Nitsşenin qalın meşələrlə Alp dağlarının çılpaq zirvələri arasında kanatdan asılı qalmış şöhrətsevər insanı bu gün də azadlıq üzünə həsrətdir. Bunlar bir yana, İsa peyğəmbər ki insanı Tanrının oğlu ucalığına qaldırmışdı, onun həyatını toxunulmaz, onun bədənini məbəd elan eləmişdi. Bəs eləysə necə oldu ki, belə bir peyğəmbərin bayrağı altında yüz illər uzunu baş kəsildi, qan töküldü? Yəni şərin əlində vasitəyə çevrilməsi mümkün olmayan bir təlim yaratmaq heçmi mümkün deyil? O qanların axıdılmasında birmənalı şəkildə “qan tökmə” deyən peyğəmbərin də suç payı varmı? Varsa, o payın çəkisi nə qədərdir?..
Mətnin yanlış yozumundan, mənaların təhrif olunmasından islam dini də çox zərər çəkib. Mövlana Cəlaləddin Rumi deyirdi ki, biz dinin məğzini götürdük, qabığını atdıq köpəklərə. Ürfanın bütün dünyaya daddırıb sevdirdiyi bir cənnət meyvəsinin qabığıyla əlləşənlər yüz illərdir ümumbəşəri, universal təlimi özlərinin qaranlıq, şübhəli lokal niyyətlərinin ideoloji bazasına çevirmək cəhdlərindən əl çəkmirlər. Onlar din pərdəsinə bürünüb, “ənəlhəq” deyə insanı ilahi mərtəbəyə ucaldan Həllac Mənsuru dara çəkdilər. Özünü Allahda fəna eləyən Bayəzid Bəstamini sağdan-soldan zərbəyə tutub küfrdə qınadılar. Həzrət Əli haqqında əsər yazdığına görə Şeyx Fəridəddin Əttarı vətəni Nişapurdan sürgün elədilər.
Sufizmin bir nömrəli ideoloqu, filosofu Mühyiddin ibn Ərəbi onun gizlində şiə məzhəbini qəbul elədiyi barədə şayiə yayanlardan gileylənib and içirdi ki, vallah mən məzhəb etibarilə dədəm-babamtək sünniyəm, heç kimi də buna inandıra bilmirəm.
Onlar Mövlana Rumini gizli şiə, hətta xristian olmaqda suçladılar, bu gün də bu ittihamlardan sallaşıb qalıblar. Onlar beş-on quruş təqaüddən ötrü övqaf idarəsinə ayaq döyən qoca Füzulini ələ saldılar. Onlar Həzrət Əli adına döyüş andı içib Çaldıranda Əli aşiqlərini topa tutdular. Onlar nəhəng sufi şeyxlərinə hər fürsətdə divan tutdular – Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi… hansını deyim?
İslamı sevgi, mərhəmət dinindən nifrət, küdurət dininə, Həzrət Əli, İmam Hüseyn dinindən Müaviyə, Yezid dininə çevirənlərin son iyirmi-otuz ildə dinə verdiyi “töhfələr” bütün dünyaya bəllidir. Hansı dinə, inanca mənsub olur olsun, gerçək dindar başqalarına qarşı cəbhə açmalı deyil, əsl dindar bütün bəşəriyyətə qucaq açmalıdır. Mövlana deyir: “Biz dünyaya ayırmaq üçün yox, birləşdirmək üçün gəlmişik”.
Hər şey deyilən sözdən çox o sözün yozumundan asılıdır. Bir din, fəlsəfə, təlim insanın ziyanına yozulursa, onun haqqına, azadlığına xətər yetirirsə, demək, bu, doğru yozum deyil. Yox, tərsinə, ümumilikdə insanın, ayrılıqda hər bir fərdin xeyrinə yozulursa, demək, bu yozum haqdır. Məndən ötrü ölçü budur. Bütün dəyərlərin, normaların meyarı insandır. İnsandan başqası yalandır.
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 2025 22:09
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 2025 19:50
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
9 aprel 2025 19:57
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
9 aprel 2025 15:28
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
8 aprel 2025 10:56
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
6 aprel 2025 22:05
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46