Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun vəfat etdiyi ilə bağlı təsdiqini tapmayan (hazırda komada olduğu və reanimasiyaya yerləşdirildiyi iddia edilir - red.) məlumatlar yayılıb.
Musavat.com-un xəbərinə görə, Moldovadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib. Daha sonra bildirildi ki, Sürət Hüseynov komaya düşüb. Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
Surət Hüseynovun Kamran adlı kürəkəni də məsələ ilə bağlı açıqlama verərək bunları deyib: "Onun reanimasiyada olduğu bildirilir. Hələ ki, ora gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər komaya düşüb. Vallah bilinmir, qəfil olub deyəsən. Bir ora gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik"
Sürət Hüseynovun İstanbula nə üçün getdiyi də açıqlanıb. Onun İstanbula oradakı biznesi ilə bağlı getdiyi bildirilir. Qeyd edək ki, Surət Hüseynov 2004-cü ildə həbsdən azad edildikdən sonra xarici ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə bizneslə məşğuldur.
Onu da qeyd edək ki, bu gün TV Musavatın efirində çıxış edən məşhur aparıcı Kamran Həsənli də ölüm xəbəri yayılan Surət Hüseynovla bağlı danışıb.
K.Həsənli Surət Hüseynovu Azərbaycanın 30 illik bəlası adlandırıb.
Daha ətraflı videomaterialda izləyə bilərsiniz:
Ölüm xəbəri ilə ölkə gündəmini zəbt edən Surət Hüseynov kimdir və Azərbaycana nələr edib?
Musavat.com Azərbaycanın sabiq baş naziri haqqında məlumatları təqdim edir:
1959-cu ildə Gəncə şəhərində anadan olan Surət Davud oğlu Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991), Azərbaycan Respublikasının baş nazirinin müavini, baş nazir, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri olub.
1977-ci ildən 1979-cu ilə qədər sovet ordusunda xidmət edib. 1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb.
1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışıb. Keçmiş prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilib və Hüseynov korpusun komandanı təyin edilib.
1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisinin 52%-i — Gülüstan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad edilib. Bu xidmətlərinə görə 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Syrət Hüseynov 4 iyun 1993-cü ildə qiyam qaldırıb. Bu qiyamın nəticəsində ölkə vətəndaş müharibəsi Astanasına gəlib, vəziyyətdən çıxmaq üçün Naxçıvan Ali Məslicinin sədri Heydər Əliyev Bakıya dəvət edilib, bunun ardınca Prezident Elçibəy Kələkiyə gedib.
Surət Hüseynovun qiyamı onun baş nazir təyin edilməsi ilə başa çatıb.
“Dövlət içində dövlət olan” Surət Hüseynov 1994-cü ilin oktyabrında yenidən dövlət çevrilişinə cəhd edib. Rusiyanın bəlli dairələrindən idarə edilən Surət Hüseynovun qiyam cəhdinin səbəbinin isə 20 sentyabr 1994-cü ildə Azərbaycanın “Əsrin müqaviləsi” adlanan neft sazişlərini Rusiyanın iradəsi əleyhinə bağlaması və Bakının tam müstəqil siyasət aparmasına qarşı Kremlin cavab tədbirləri hesab edilir.
Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
Həbsdən azad olandan sonra Surət Hüseynov xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olurdu.
Musavat.com