33 il bundan əvvəl Azərbaycanda Qarabağ münaqişəsinə Sovet rəhbərliyinin qərəzli və ermənipərəst mövqeyinə etiraz edən milyonlarla vətəndaş meydanlara çıxaraq Kremlə ədalətli yanaşma tələb edirdi.
Mixail Qorbaçov və onun siyasi məsuliyyətini və simasını itirmiş komandasının problemi dinc yolla çözmək, insanları dinləmək əvəzinə ənənvi sovet taktikasına üstünlük verərək ordunun “dili” ilə danışması xalqımızı növbəti fəlakətə gətirib çıxardı. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun və muzdlu başkəsənlərdən ibarət dəstələr Bakıda dinc əhaliyə divan tutdu.
Bu qərarın verilməsində və icra edilməsində məsuliyyəti olan şəxslərin içərisində Yevgeni Primakovun adı xüsusi çəkilir. Məhz o, Bakıda vəziyyəti öyrənmək və son qərarı vermək üçün Mixail Qorbaçov tərəfindən Azərbaycana göndərilmişdi. Y. Primakovun Azərbyacan Kommunist rəhbərliyi, Xalq Cəbhəsi və ölkə ziyalıları, dini rəhbərləri ilə görüşlərində dedikləri və ulitmatum dilində danışması vəziyyəti pisləşdirən əsas amillərdən olub.
“Qanlı ezamiyyət”
20 yanvar ərəfəsində Azərbaycanda ciddi hakimiyyət böhranı yaranmışdı. Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun iflasa uğramış idarəçilik siyasəti respublikada siyasi vəziyyəti dalana dirəmişdi. Bakıda siyasi gərginlik getdikcə pik nöqtəsinə çatırdı. Yanvarın 10-dan sonra SSRİ rəhbərliyinin nümayəndələri və güc qurumlarının nazir müavinləri Bakıya gəlməyə başladılar. SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko, müdafiə naziri, marşal Yazov Mixail Qorbaçov tərəfindən Bakıya ezam edilmişdi.
Təsadüfi deyil ki, Y. Primakov və A. Girenko 20 yanvar hərbi əməliyyatı başa çatandan sonra -21 yanvarda Moskvaya qayıtdılar. 13 yanvardan başlayan hadisələr 20 yanvar azərbaycanlı qırğınına qədər hər şey bilavasitə onların rəhbəriiyi ilə həyata keçirilmişdi.
14-15 yanvar 1990-cı il tarixdə SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y. Primakov və Sov.İKP MK katibi A. Girenkonun iştirakı ilə keçirilən Azərbaycan KP MK Bürosunun iclasında Y. Primakovun təklifi ilə respublikada fövqəladə vəziyyət tətbiq etmək məsələsi müzakirə olunur. Mövcud qanunçuluğa görə fövqəladə vəziyyət ancaq respublika Ali Sovetinin qərarı ilə tətbiq edilə bilərdi. Y. Primakovun təzyiqi ilə Azərbaycan SSR AS Rəyasət Heyətinin iclası çağrılıb yetərsay olmadan DQMV, zəruri halda isə ona bitişik rayonlarda və sərhəd boyu ərazilərdə fövqəladə vəziyyət elan olunması haqqında qərar qəbul etdirildi. İttifaq orqanlarından “xahiş olunurdu” ki, bu qərarın icrasında respublikaya lazımi köməklik göstərilsin. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 yanvar 1990-cı il tarixdə təzyiq altında yetərsay olmadan qəbul edilmiş saxta qərarını “əsas” tutan SSRİ AS Rəyasət Heyəti “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət tətbiq olunması haqqında” həmin tarixdə fərman verdi. Fərmanda Bakı və Gəncə şəhərlərində ictimai asayişin pozulduğu bildirilir, Respublika AS RH-yə tövsiyə olunurdu ki, yuxarıda adı çəkilən şəhərlərdə və digər yaşayış məntəqələrində komendant saatı tətbiq ediisin.
Professor Cəmil Həsənli bu barədə yazır ki, yanvarın 14-də bazar günü Primakovun və digər Moskva nümayəndələrinin iştirakı ilə respublika rəhbərliyinin toplantısı keçirildi. Vəzirov vəziyyət haqqında məlumat verdi. Primakov şəhərdəki erməni talanları ilə maraqlandıqda “Azərinform”un sədr müavini S.Perets öldürülən ermənilərin sayı barədə məlumat verib və əlavə etdi ki, “hələ Xalq Cəbhəsinə çox sağ ol deyin ki, öz xalqının simasını qoruyub saxlayaraq, ermənilərin bərəylə təxliyyəsini təşkil edib. Yeri gəlmişkən, sizin yerinizə… Yoxsa, öldürülənləri onlarla deyil, yüzlərlə sayardınız”. Bu sözləri eşidəndə Primakov əsəbi formada dedi ki, “bəsdir!” və əlavə etdi ki, “bizdə belə bir təəssürat yarandı ki, respublika partiya orqanlarının nəzarəti altından çıxıb. Hərbi hissələr bloklanıb, şəhərdə erməni qırğını gedir… Siyasi Büro Bakıdakı vəziyyətdən ciddi şəkildə narahatdır. Vəziyyəti dəyərləndirməsək, respublikaya ağır zərbə endirəcək və təkcə respublikaya deyil, bütünlükdə ölkəyə. Operativ qərargah yaratmağı, hansısa təcili tədbirlər görməyi təklif edirəm”.
Tanınmış jurnalist Nadejda İsmayılova həmin günlərdə siyasi rəhbərliyin çarəsizliyini öz yazılarında qeyd edib. N.İsmayılova yazır ki, 14 yanvarda Ə.Vəzirov Mərkəzi Komitənin iclasını çağırdı. Axşama yaxın ikinci iclas Moskvadan gəlmiş Primakovun iştirakı ilə keçirildi. Primakov kəskin suallardan qaçaraq çıxış edənlərin sözünü kobud formada kəsirdi. Ali Sovetin sədri Elmira Qafarova bildirirdi ki, vəziyyət çox kritikdir. Spiker deyirdi ki, Xalq Dağlıq Qarabağ probleminin həllini tələb edir. Bu problem həll edilsə, qarşılqıı anlaşma əldə olunacaq. Primakov isə cavabında “Dağlıq Qarabağdan danışmayın! Deyin görək Bakıdakı ekstremistlərlə nə edək?” soruşurdu. İclasda Büro üzvləri Primakova deyiblər ki, meydana çıxan xalqın yalnız bir tələbi var: Qarabağda vəziyyətin normallaşdırmaq. Primakov isə qəzəbli halda etiraz edib: “Onlar hakimiyyəti deviriblər. Nə üçün buna göz yumursunuz?”.
Həmin günlərdə (14-16 yanvar) Xalq Cəbhəsi rəhbərliyi ilə Primakov 4 görüş keçirdi. Əsas müzakirə mövzusu hərbi obyektlərin və hərbi hissələrin, yolların blokadasının götürülməsindən ibarət idi. Primakov Bakı qırğınından sonra keçirilən ilk plenumda çıxışında demişdi ki, “biz onlara deyirdik ki, ordu ilə zarafat etmək olmaz. Ordu necə olursa olsun, blokadanı yaracaq”.
MK-dakı toplantıdan bir gün sonra Bakı şəhər partiya komitəsinin fövqəladə plenumu keçirildi və orada da Xalq Cəbhəsi nümayəndələri ilə danışıqların nəticələri müzakirə edildi. Bütün danışıqlarda cəbhəçilərin bilavasitə iki tələbi var idi: “Qarabağ məsələsinin həlli, Vəzirovun istefası”. Cəbhəçilərin bu tələbinə qarşı Girenko açıq şəkildə bildirmişdi ki, respublika rəhbərliyini Sov.İKP MK-nin deyil, kütlənin dəyişməsi yolverilməzdir. Xalq Cəbhəsi nümayəndələri ilə görüşdə Primakov hərəkatın lideri Əbülfəz Elçibəyə belə bir sual verdi: “Sizin məqsədiniz nədir?” Elçibəy cavab verdi ki, “demokratik seçkilərdə qələbə çalmaq”. Onda Primakov dedi ki, “bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır”.
AXC İdarə Heyətinin üzvü Etibar Məmmədovun sözlərinə görə, 18 yanvar 1990-cı ildəki görüş zamanı onlara bildirilib: “Ordu ona görə lazımdır ki, biz Azərbaycanın SSRİ-dən ayrılmasının qarşısını alaq”.
Buradan aydın görünür ki, Moskvadan göndərilənlər yerli hakimyyətlə situasiyanı müzakirə etməyə, çıxış yolu tapmağa yox, öz qanlı niyyətlərini həyata keçirmək üçün gəliblər.
Primakov Allahşükür Paşazadəyə hakimiyyəti nə üçün götürməyi təklif etmişdi?
17 yanvar 1990 –cı ildə SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko partiya rəhbərləri, AXC nümayəndələri və ziyalılarla görüşürlər. Onlar görüşdə qoşunların şəhərə girməyəcəyi barədə vədlər verirdilər.
Mərkəz paralel şəkildə başqa vasitələrə də al atırdı. Sovet rəhbərliyi dünya birliyini çaşdırmaq üçün Azərbaycanda islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirməsi haqda məlumat yayırdı. Yanvar ayından etibarən mərkəzi sovet mətbuatında azərbaycanlıların islam fundamentalizminə yuvarlandıqları barədə materiallar dərc olunmağa başladı.
Bu baxımdan Primakovun QMİ sədri Allahşükür Paşazadəyə respublikada hakmiyyəti ələ alması təklifi də bu təxribatların tərkib hissəsi idi: “Primakov mənə belə bir təklif etdi ki, biz Qorbaçovla danışmışıq, məsləhət eləmişik, ançaq bir şərtlə biz bura girməyə bilərik. Əgər sən respublikaya rəhbərliyi öz üstünə götürsən, onda biz söz verirk ki, hər cəhətdən həm sizə dövlətinizi saxlamaq üçün köməklik edərik, həm də qoşunlar bura girməyəcək”, – deyə Şeyxülislam illər sonra verdiyi müsahibəsində qeyd etmişdi.
Allahşükür Paşazadə Primakovun bu təkilfini sərt şəkildə rədd cavabı verib: “Mən sizin məqsədinizi anladım, ona görə qəti deməliyəm ki, təklif etdiyiniz vəzifəni tuta bilməyəcəyəm. Mənim 2 rükət namazım sizin təklif etdiyiniz hakimiyyətdən qat–qat üstündür! Mən Buxaradakı Mir-Ərəb mədrəsəsinə daxil olmuşam, Moskvadakı Ali Komsomol məktəbinə yox!”.
Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə “Respublika” qəzetinə verdiyi müsahibədə həmin görüş barədə ətraflı danışıb: “Bir qrup ziyalı – rəhmətlik İsmayıl Şıxlı, mən, Nurəddin Rzayev, Şeyxülislam Allahşükür Paşazadə və Həsən Həsənov yanvarın 17-də Əbdürrəhman Vəzirovun yanına getdik. Kabinetə girəndə Primakovla Girenkonu da orada gördük. Mən dərhal Primakovun üstünə hücum çəkdim ki, bizdən nə istəyirsiz, niyə əl çəkmirsiz? Sizə nə pisliyimiz keçib?
Bunu görən Vəzirov qalxıb məni qucaqlayıb sakitləşdirməyə çalışdı. Bu zaman Allahşükür Paşazadə məndən də kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə “xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?” dedi. Onlar bizi sakitləşdirməyə çalışdılar ki, qırğın olmayacaq. Amma Vəzirov bilirdi ki, şəhərə hücum olacaq. Bunu biz də hiss etdiyimiz üçün kabinetdən çıxanda Həsən Həsənov dedi ki, qırğın olacaq. Şeyx də o fikirdə olduğunu bildirdi”.
Yanvarın 18-də Moskvadan gələn nümayəndələr başda olmaqla rəhbərlik Mərkəzi Komitənin qarşısında keçirilən mitinqə gəlib və Primakov mitinqçilər qarşısında çıxış edərək deyib ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi müdirinin müavini V.Mixaylov respublika televiziyası ilə çıxışında təkrar edib.
Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı. Bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət üçün start vəziyyətdə idi.
Etibar Məmmədov yazır ki, yanvarın 18-də təxminən saat 3-də MK-nın binası qarşısında Y. Primakov xalq qarşısında çıxış edib Bakıda fövqəladə vəziyyətin olmayacağına zəmanət verirdi: “Sonra Vəzirovun da camaat qarşısında çıxış etmək istədiyi haqqında məlumat aldım. Mən tez zəng eləyib köməkçisinə dedim ki, Vəzirov belə hərəkət etməsin, çünki vəziyyət təhlükəlidir, camaatın arasında onun çıxışı pis nəticə verə bilər. Vəzirov çağırdı çıxdım yuxarı, özü ilə təklikdə görüşdüm. Soruşdu ki, nə məsələdir? Dedim ki, çıxış etmək istəsəniz vəziyyət yaxşı qurtarmaya bilər. Soruşdu ki, bəs vəziyyətdən çıxış yolu nədədir? Bildirdim ki, bu saat xalqın bir tələbi var: Respublika rəhbərliyi istefaya çıxmalıdır. Ona bildirdim ki, televiziya ilə çıxış eləsin və elan etsin ki, istefa verir. Dedi ki, əgər çıxış yoly bundadırsa, mən buna razıyam. Hətta məsləhətləşdi ki, istefaya nə ad qoyaq?” İstefanın formasını, tapdıq, dedi ki, “mənim artıq ərizəm hazırdır çıxış yolu bundadırsa, mən bunu eləyəcəyəm”. Bu vaxt o birisi otaqdan Primakovla Girenko gəldilər”. E. Məmmədov onlara bildirir ki, Vəzirov istefa verməlidir, həmin vaxt onlar da çıxış edib Bakıda fövqəladə vəziyyə tin olmayacağına təminat verməlidir. Girenko bildirir ki, “Vəzirovun getmesi məsələsi artıq həll olunub – 18-də. Ancaq biz heç cür yol verə bilmərik ki, istefa xalqın təsiri altında olsun. Bu ancaq bizim qərarımızla olacaq. Yəni, mitinqlər dayanandan sonra, sakitləşəndən sonra deyəcəyik ki, Vəzirov getdi. Biz heç cür imkan verə bilmərik ki, xalqda belə təəssürat yaransın ki, xalqın təzyiqi altında respublika rəhbərliyi istefa verdi. Primakov da dedi ki, əgər yollar açılmasa, Yazovun əmri var, atəş açılmalıdır… Siyasi büronun üzvü və İttifaq Sovetinin sədri kimi sizə təminat verirəm, ancaq bir tələbimiz var ki, tətil dayandırılsın və MK qabağındakı mitinq dağıdılsın”.
Söhbət 18 yanvar saat 4-də olur.
Primalkovun şifahi tapşırığı ilə respublikaya rəhbərlik V. Polyaniçkoya həvalə edilmişdi. Bunu MK-nın yuxarı eşalonu bilsələr də, xalqdan gizlətmişdilər. Ə. Vəzirovun vəzifəsindən azad edilməsindən xəbərsiz kütlə israrla istefa tələbini davam etdirirdi.
M.Qorbaçov artıq Azərbaycan rəhbərliyinə namizəd axtarırdı. Yanvar ayının 16-da o, Azərbaycan SSR Nazirlər Soveti yanında KQB-nin sədri Vaqif Hüseynova zəng edərək respublika partiya təşkilatına rəhbərlik etməyi ona təklif edir. Onun ardınca SSRİ KQB-nin sədri V.Kryuçkov Hüseynova zəng edib vəziyyət haqqında məlumat alır. V.Hüseynov deyir: “Vladimir Aleksandroviç, nə baş verir? Minlərlə insan Ermənistandan Azərbaycana köçürülür. İndi Bakıda insanları öldürürlər, paralel olaraq saatlarca davam edən müşavirələr, Moskvaya məruzələr. Orada isə çoxmənalı gözlənti. Heç kim heç nə etmək istəmir. Bunların arxasında nə durur?”. Kryuçkov cavabında deyir ki, “bilirsiniz ki, bizdə qərarlar, təəssüf ki, ya gec qəbul edilir, ya da ümumiyyətlə qəbul edilmir. Primakov Bakıya göndərilib. Onun geniş səlahiyyətləri var. Qorbaçovla daim əlaqə saxlayır. Vəziyyətlə bağlı Primakovu məlumatlandırın. Sonra o, Qorbaçovla söhbətinə toxunaraq əlavə etdi ki, “yeni böyük işə hazırlaşın”. Yanvarın 18-dən isə Vəzirovun kabinetində və onun stolunda Primakov oturur, respublikadakı proseslərə biləvasitə o, rəhbərlik edirdi.
“Tayfun” əməliyyatı
E.Məmmədov məlumat verir ki, yanvarın 19-da MK-ya getdim. Saat 6-ya 20 dəqiqə işləmişdi. Polyaniçko ilə görüşdüm. Polyaniçko dedi ki səhərdən səni gəzirdim, səhər nəyi isə həll etmək olardı, indi gecdir. Dedi yox, sizin cəmi 2 saat vaxtınız qalıb. E Məmmədov “2 saat vaxtınız qalıb”, deyəndə nəyi nəzərdə tutduğunu öyrənməyə çalışsa da, fikrini açıqlamır, deyir: “Mən deyirəm “konets demokratiya”. Söhbət 19 yanvarda saat 6-da olur. E. Məmmədov bildirir ki, MK-nın binasında 300-dən artıq silahlı əsgər vardı, onlar atəş nöqtələrini tutmuşdular. “Polyaniçko Girenkoya zəng vurdu. Girenko və Primakov hərbi qərargahda idi. Məlum oldı ki, Yazov və Bakatin də oraya gəliblər. Poiyaniçko Girenkoya E. Məmmədovun onunla görüşmək istədiyini bildirir, əvvəlcə gözləməyini məsləhət bilsə də, az sonra görüşmək istəmədiklərini bildirdilər”.
Yanvarın 19-na qədər AKP MK-dan Moskvaya gedən məlumatlarda “vəziyyətə biz nəzarət edirik, hərbi vəziyyət elan edilməsinə ehtiyac yoxdur”, “DTK-dan gedən məlumatlarda isə göstərilirdi ki, Bakıda dövlət çevrilişi hazırlanır və silahlı yolla hakimiyyəti ələ almağa cəhd olacaq, bunun qarşısını almaq üçün bir vasitə var, o da şəhərə qoşun yerləşdirilməsi və fövqəladə vəziyyət elan edilməsidir”.
E.Məmmədov elə yanvarın 19-da öyrənir ki, “Vəzirov DTK-nın binasında gizlədilib. Həmin gün Primakov və Girenko hərbi qərargahda idilər, Vəzirovu isə guya onun təhlükəsizliyini qorumaq üçün artıq DTK-nın binasında gizlətmişdilər və ona heç bir yerlə əlaqə saxlamağa icazə vermirdilər.”
“SSRİ-nin bu ali qanunverici, icraedici və siyasi hakimiyyətinin ən ali nümayəndələri Bakıda ictimaiyyətin nümayəndələri ilə görüşüb fövqəladə vəziyyətin tətbiq edilməyəcəyini vəd etdikləri 16-19 yanvar müddətində Bakını müharibə paliqonuna çevirəcək qədər hərbi hissələr toplamışdılar. Bakı ətrafına Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş ordu hissələrinin 50 minlik operativ qruplaşması cəmləşmişdi. Qruplaşmanın tərkibinə 295-ci motoatıcı diviziyası, 76, 104 və 106-cı qvardiya hava desant diviziyasının üç polku, xüsusi təyinatlı 22-ci briqada, Qara dəniz donanmasının 882-ci dəniz piyadaları batalyonu, DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu və s. hərbi hissələr daxil idi. Bakı buxtası Xəzər hərbi donanmasının gəmiləri tərəfindən blokadaya alınmış, Bakı qarnizonunun azərbaycanlı zabit və əsgərləri, eləcə də respublikanın DİN və DTK orqanları tabe silahlarının inventarizasiyası bəhanəsi ilə tərkisilah edilmişdilər”-deyə C.Həsənli araşdırmasında yazır.
Yanvarın 19-da günorta Moskvadan gələn güc nazirləri 4-cü ordunun qəragahında son əməliyyat müşavirəsi keçirdilər. Bu zaman artıq kompartiyanın birinci katbi Vəzirov da KQB-dən ora gətirlilmişdi. Primakov və geniralitetlə qısa müşavirdən sonra Yazov Vəzirovu yanına çağıraraq dedi ki, o, Siyasi Büronun tapşırığını yerinə yetirir. Siyasi Büro Azərbaycandakı vəziyyəti həddindən artıq mürəkkəb hesab edir və ona möhürlənmiş paket verib. Orada qısaca olaraq məlumat verilirdi ki, “o, Sov.İKP MK Siyasi Bürosunun sərəncamına cağırılır”. Həmin axşamı 4-cü ordunun qərargahında gecələyən Vəzirov yanvarın 20-si səhər tezdən Binə aerodromundan hərbi təyyarə ilə Moskvaya göndərildi.
Azərbaycan KP MK bürosunun üzvləri yanvarın 19-da Yazovla görüşüb Bakıya hücum əməliyyatını sabaha qədər təxirə salmağı xahiş etsələr də Yazov deyir ki, “biz sizə kifayət qədər vaxt verdik”. Respublika rəhbərliyi SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovla əlaqəyə girib dedilər: “sizə yalvarırıq, xahiş edirik Yazova tədbirləri səhərə qədər dayandırmağı əmr edin. Səhər Büronu toplayıb bütün məsələləri həll edəcəyik”. Onlar Rıjkova xəbərdarlıq etdilər ki, respublikada çoxlu rus əhalisi yaşayır və “onları çətin vəziyyətə qoyursunuz. Qoşunların yeridilməsi onlara qarşı nifrət hissi oyada bilər. Bunu etmək lazım deyil. Bizə səhərə qədər bu problemi həll etmək imkanı verin”. Lakin Moskvanı öz qərarından döndərmək mümkün olmadı. SSRİ DTK-nın “Alfa” qrupunun yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatması ilə Bakının işğalı əməliyyatı başladı, respublikada televiziya verilişləri dayandırıldı.
SSRİ Müdafiə naziri D. Yazovun rəhbərliyi ilə hazırlanan və həyata keçirilən ‘Tayfun” adlı hərbi əməliyyat telestudiyanın enerji blokunun partladılması 19 yanvar saat 19.27 dəqiqədə başladı. Bunun ardınca rus qoşunları saat 21.00-da Türkan və Qala hərbi hissələrindən çıxıb Bakı şəhərində doğru gəlməyə başladılar. Yalnız qanlı qırğından sonra -20 yanvar səhər saat 7.00-da Bakı şəhərinin komendantı təyin olunmuş general-leytenant Dubniyak radio ilə çıxış edərək SSRİ AS RH-nin 19 yanvar saat 00-dan Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verildiyini elan edir.
Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyət elan olunana qədər Sovet ordusunun müdaxiləsi nəticəsində artıq 102 nəfər dinc vətəndaş öldürülmüşdü. Bu faciəni təhqiq edən Azərbaycan Respublikası Ali Soveti Komissiyasının rəyində göstərilirdi ki, şəhərin tutulması əməliyyatı nəticəsində 131 nəfər həlak olmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-ı rus, 3-ü yəhudi, 3-ü tatar idi. Onların 124 nəfəri kişi, 7 nəfəri qadın, 7 nəfəri isə yetkinlik yaşına çatmamış uşaqlar idi. İki nəfər “təcili tibbi yardım” işçisi həmin gecə öz xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdu. Bundan əlavə hərbi əməliyyatın gedişində 744 insan yaralanmış, dörd nəfər itkin düşmüşdü, 400 nəfər həbs edilmişdi.
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başlamışdı.
Ordunun Bakıya qeyri-qanuni daxil olmasında Bakıya ezam olunmuş Sovet rəhbərliyinin avanturist qərarları əsas rollardan birini oynamışdı. Onlara isə SSRİ İttifaq Sovetinin sədri Yevgeni Primakov rəhbərlik edirdi.
Azpost.info