Elmira Axundova ittihamlara cavab vermək əvəzinə “Yeni Müsavat”ın əməkdaşına “siz düşmənsiniz” deyib, səfir etikasını pozmaqla kifayətlənir
Rusiyanın Ukraynaya qarşı elan etmədiyi, bütün parametrlərinə görə real müharibənin ikinci günündə oradakı postunu buraxıb, Azərbaycana qayıdan Elmira Axundovanın adı yenidən gündəmdədir. Bu dəfə “qaçaq səfir”in və oğlu Həbib Axundovun adını mətbuatın gündəminə daşıyan 8 milyonluq dələduzluq işinə görə həbsdə olan Elnur İbrahimovun əfv istəyidir.
2013-cü ildən başlayaraq Elmira Axundovanın (o zaman deputat idi - E.M.) xeyir-duası və birbaşa himayəçiliyi ilə oğlu Həbib Axundov xeyli insanı ətrafına toplayıb. Elmira Axundova oğlunun biznes qurduğunu, hər kəsi həmin biznesə pul yatırmağa çağırıb. Qeyri-rəsmi məlumatlara görə, 30 milyon, məhkəmə sənədlərinə görə 10 milyon manata yaxın pul toplanıb. İlk dövrlərdə Həbib Axundov biznes adı ilə pul aldığı insanlara divident verib, onlara verdiyi pulları biznesdən gələn gəlir kimi göstərib. Az müddət sonra isə Elmira Axundova oğlunun pul aldığı insanları toplayıb və “biznes ruxnul” deyib.
Elnur İbrahimov - çoxmilyonluq dələduzluq işində “günah keçisi”
Mərəkə də bundan sonra qopub, insanlar pullarını Elmira Axundovadan, onun oğlundan tələb etməyə başlayıblar. Bu vaxt ortaya “günah keçisi” Elnur İbrahimov atılıb.
Həbib Axundov zərərçəkənlərin gözü qarşısında hələ Elnur İbrahimov həbsə alınmazdan əvvəl ona cinayəti boynuna götürməyin qarşılığında aylıq 500 manat boyun olub, özünü isə o zaman Əfv Komissiyasının üzvü olan anası Elmira Axundovanın köməyi ilə cəzadan vaxtından əvvəl azad edəcəyi vədini verib. Bu haqda iş üzrə zərərçəkənlərdən Ziya Fərhad oğlu Vəliyevin də ifadəsində olduqca sensasion məqamlar var.
Ziya Vəliyev ibtidai istintaqa verdiyi, məhkəmədə təsdiqlədiyi həmin ifadəsində Elnur İbrahimovun Həbib Axundovla əlaqələrindən bəhs edir, 8 milyonluq cinayəti boynuna alması üçün verdiyi vəd haqda istintaqı məlumatlandırır. Həbib və Elmira Axundovaya görə Elnur İbrahimova pul verdiyini açıqlayır.
Həmin ifadədən sitat: “Elnurun belə maraqlı təklif etməsinə baxmayaraq mən ona pul vermədim və soruşdum ki, bu işi kiminlə və necə görür? Elnur isə cavabında dedi ki, "Bu iş monopoliyadadır. Mallar ölkəyə gömrüksüz keçirilir və buna görə də ucuz başa gəlir. Biz də yaxşı qazanc götürürük. Bu işlə cəmi 4 nəfər məşğuldur. Mən bu işləri Həbib Axundovla şərikli görürəm". Lakin Elnurun belə böyük biznesi təkbaşına qurması və idarə etməsinə əmin olmadığımdan Həbibdən həqiqətən belə iş görüb-görmədiklərini soruşdum. Həbib də mənə Elnurun dediklərini təsdiq edərək onunla birlikdə bu işi gördüyünü bildirdi. Elnurun təklifinin ciddiliyinə bir qədər inandım. Çünki Həbib Axundovu tanıyırdım, onun Dövlət Gömrük Komitəsində işlədiyini, Milli Məclisin deputatı Elmira Axundovanın oğlu olması və Həbibin özü Elnurun dediklərini təsdiq etməsi məndə Elnura inamı bir qədər də artırdı".
Ziya Vəliyev ifadəsinin davamında isə Həbib Axundovun Elnur İbrahimova verdiyi vəddən bəhs edib.
Sitat: “Həbiblə Elnur öz aralarında nəsə danışdılar və sonra Həbib maşında Elnura deyirdi ki, ”sən polisdə pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən, hər ay sənin ailənə 500 AZN verəcəyəm. Mama (Elmira Axundova) Əfv Komissiyasının üzvüdür, səni “yarım srok”a “içəri”dən çıxartdıracağam"
Elnur İbrahimov qulağı səsdə, gözü türmə qapılarında “yarım srok” vədini gözləyir
2019-cu ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində hökm çıxandan sonra Elnur İbrahimov bir müddət sakit oturub, həbsdə cəzasını çəkməkdə davam edib. Vaxt yetişəndə isə o, müddətdən əvvəl, Həbib Axundovun dediyi kimi, “yarım srok”a həbsdən azad edilməsi üçün barəsindəki hökmdən Ali Məhkəməyə şikayət verib. Məhkəmə onun şikayətini təmin etməyib. O, “içəri”də günlərini, aylarını, illərini saydığı bir vaxtda deputatın, sonradan isə səfirin oğlu öz kefində, ölkələri gəzib istirahətində olub.
Belə görünür ki, Elnur İbrahimovun dözüm limiti tükənib və “yarım srok” vədinin tezliklə yerinə yetirilməsini istəyir, tələb edir. Ali Məhkəmədən əli boşa çıxandan sonra ümid qalır Əfv Komissiyasına.
Tərslikdən Elnur İbrahimov “içəri” yola salınandan sonra Elmira Axundova Əfv Komissiyasından uzaqlaşdırılıb, indi isə formal olaraq səfir postundadır. İndi Axundova Bakıdakı, bir vaxtlar Elnur İbrahimovun da gedib-gəldiyi, günaşırı 5 min manat pul apardığı imarətindədir. Daha komandasının üzvü olduğu həşəmətli Ramiz Mehdiyev də vəzifədə deyil ki, onun əlaqələri üzərindən Elnur İbrahimova verilən “yarım srok” vədi gerçəkləşdirilsin.
Hüquqşünaslar bildirir ki, indi Elnur İbrahimovun bir yolu var. O da “içəri”dən Ali Məhkəməyə bir də müraciət edib boynuna qoyulmuş, yarıxoş-yarızor əsas müttəhim roluna girdiyi 8 milyonluq cinayət işi ilə bağlı həqiqəti açıqlasın. Məhkəmə də yeni hal kimi işə baxıb onun azadlığa gedən yolunu açsın. Elnur İbrahimov müraciət edəcəyi halda yeni məhkəmə qurular, özünü də böyük bir cinayətdən xilas etmiş olar. Əks halda, Elnur İbrahimov məhkum olunduğu 9 illik azadlıqdan məhrumetmə cəzasını günə-gün çəkməlidir. Bunu dələduzluq cinayətləri ilə bağlı məhkəmə praktikası, qanun tələb edir. Dələduzluq etmiş şəxs vurduğu zərəri tam olaraq ödəməsə, o, vaxtından əvvəl məhkum olunduğu cəzadan azad oluna bilməz, qanun belə deyir.
Bundan başqa, 9 illik cəza bitəndən sonra da Elnur İbrahimovun boynunda məhkəmə hökmü ilə təmin olunmuş mülki iddialar var. Həmin mülki iddialar üzrə vurulmuş zərəri ödəmək də onun üzərindədir. Ödəməyəcəksə, azadlığa çıxandan sonra zərərçəkənlərin bir şikayəti ilə yenidən həbsə alınacaq. Bu dəfə də məhkəmə qərarını icra etmədiyinə görə “içəri” getməli olacaq.
Yada salaq ki, bu iş üzrə Elnur İbrahimov uzun müddət axtarışda olub. 2016-cı ilin oktyabrında Rusiyada saxlanılaraq, Azərbaycana gətirilib. Rusiyaya qaçmazdan əvvəl isə Qəbələdə Elmira Axundova ilə görüşüb. Elmira Axundovanın səs yazılarında həmin görüşdə Elnur İbrahimovun ona işlə bağlı “rasklad” verdiyini qeyd edir. Elmira Axundova inkarçılıq mövqeyində dayansa da, bu məsələdən xəbərsiz olduğunu desə də, iş materiallarında Elnur İbrahimovun hər dəfə onun yaşadığı ünvana pul apardığını təsdiq edən telefon yazışmaları, SMS-lər var. Elnur İbrahimov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkum olunub.
Elnur İbrahimovun azad edilməsi üçün ona müraciət edib-etmədiyini öyrənmək, iddialara cavabını almaq üçün səfir Elmira Axundova ilə əlaqə saxladıq. “Yeni Müsavat”dan olduğumuzu eşidər-eşitməz Elmira Axundova “siz düşmənsiz” deyib telefonu qapatdı.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”