Detektiv ədəbiyyatın unudulmaz siması olan “Qətllər kraliçası” Aqata Kristi əsərləri və şəxsi həyatı ilə dövrünün və bugünün sirli yazıçılarındandır. Cinayətlərin üstünün necə açılmasını ustalıqla oxucularına təqdim edən Aqata 1926-cı ildə olduqca çətin bir dövr yaşayıb. Məşhur yazıçı həmin il dekabrın 3-də qəfildən yoxa çıxıb. Onun 11 gün ərzində harada olduğunu heç kim dəqiqləşdirə bilməyib. Aqatanın yoxa çıxması bütün Londonu silkələyib, onu diri, yaxud ölü tapmaq üçün ölkə daxilində axtarışlar başlayıb.
Bu sirli hadisə yaxın günlərdə tarixçi Lusi Uorsli tərəfindən yenidən gündəmə gətirilib. Bəs 90 il əvvəl Kristinin başına nələr gəlib?
Musavat.com xəbər verir ki, “The Guardian” qəzetində yazıçının sirli həyat hekayəsi ilə bağlı maraqlı yazı dərc olunub.
Məşhur "Qətllər kraliçası"nın 11 günlük sirrini araşdıran tarixçi Uorslinin sözlərinə görə, Aqata ərinin onu aldatması, anasının ölümü kimi ağır travmalar aldıqdan sonra şəhəri tərk etmək üçün qatar stansiyasına gedib.
“Deyilənə görə, Kristi qatarda sakit oturarkən qarşıdakı qadınların əllərində yazdığı kitabları görüb. Onlarla üzbəüz oturan, orta yaşlı müəllifi tanımayan qadınlar onun şəxsi həyatından danışmağa və dünyanın ən məşhur yazıçısının şəxsiyyətini müzakirə etməyə başlayıblar. Kristi təvazökar bir xasiyyətə sahib olduğu üçün qadınlarla söhbətə qoşulub. Onlardan biri yazıçının çox içdiyini deyib. Kristi isə öz kimliyini gizlətməyə və onu üzdən tanımayan qadınlarla dialoq qurmağa başlayıb”. - Uorsli deyib.
Tarixçinin sözlərinə görə, adi görkəmi və iddiasızlığı ilə əsl şəxsiyyətini gizlətməyi bacaran yazıçı, yəqin ki, özünü onlara evdar qadın kimi tanıdıb.
XƏYANƏT VƏ ÖLÜM...
Uorsli Aqatanın yoxa çıxmasının şöhrət qazanmaq üçün olmadığı qənaətindədir.
Müəllifin həyatını tədqiq edən tarixçi deyir ki, həmin dövrdə Aqata Kristi artıq karyerasının zirvəsində olub. O zaman məşhur yazıçı “Rocer Ekroydun qətli” adlı şah əsərini bitirib və bu kitab sayəsində daha da məşhurlaşıb. Aqatanın yeni əsərləri oxucuları tərəfindən səbirsizliklə gözlənib.
Qazandığı uğurlara baxmayaraq, xanım yazıçının şəxsi həyatı təlatümlərlə dolu olub.
1926-cı ilin dekabrında məşhur yazıçının həyat yoldaşı Arçi Kristi ilə münasibəti pisləşib. Uorslinin sözlərinə görə, Aqata dekabr ayında əsəb böhranı keçirib və əri ilə birlikdə Stils adlı 12 otaqlı malikanələrinə köçəndə bu böhran daha da dərinləşib.
Buna səbəb Arçinin Aqataya Nensi Nil adlı gənc qadına aşiq olduğunu etiraf etməsi olub. Bu azmış kimi, boşanma ərəfəsində olan məşhur yazıçının anasının vəfatı ona ağır zərbə vurub. Arçinin dəfn mərasiminə qatılmaması və laqeyd münasibəti gərginliyin nifrətə çevrilməsinə səbəb olub.
"HƏYATIMA SON QOYMAQ İSTƏYİRDİM"
Aqatanın tapıldıqdan sonra “yaddaşımı itirmişdim” sözlərinin həqiqət ola biləcəyini istisna etməyən Uorsli maraqlı bir ehtimala da toxunub. Bəlkə də, yoxa çıxmaq yazıçının öz həyat yoldaşını cəzalandırması üçün qurduğu bir plan olub.
Tarixçi Aqata Kristinin o vaxtlar dediyi sözlərə diqqət çəkib:
“Həyatıma son qoymaq istəyirdim. Bütün gecə maşın sürdüm. Hər şeyi bitirmək barədə qeyri-müəyyən düşüncələrim var idi. Əvvəllər tanıdığım yollardan keçdim və birdən Maidenheddə çayın kənarında dayandım. Özümü çaya atmağı düşünürdüm, amma yaxşı üzgüçü olduğum üçün boğulmayacağımı bilirdim. Sonra maşınıma oturdum. Əvvəlcə Londona, sonra Sanninqdeylə və nəhayət, Nyulend Kornerə getdim”.
Ehtimal edilir ki, hər şey bu səfər zamanı baş verib. Yorğunluq və kədərdən pərişan olan Aqata beynində fırlanan qaranlıq planı həyata keçirmək qərarına gəlib.
Şübhəsiz ki, bədii ədəbiyyat ustası olan məşhur yazıçı üçün öz planını reallaşdırmaq elə də çətin olmayıb…
Aqatanın avtomobili daş karxanası yaxınlığındakı yolda tapılıb. Nəqliyyat vasitəsi yoldan çıxıb, kənardakı hasarı uçurub, qabaq təkərləri çuxura düşmüş vəziyyətdə olub. Qapısı açıq olan maşında Kristidən əsər-əlamət olmayıb.
Aqata özü hadisəni bu sözlərlə təsvir edib:
“Xatırlayıram ki, avtomobil yoldan çıxdı. Qorxunc hadisənin təsirindən sükanı buraxdım və başımdan zərbə aldım”.
Qəza yerini və o zamankı hesabatları araşdıran tarixçi Uorsli məşhur yazıçının hasara dəyməsə, uçurumdan aşacağını, ona görə də son anda həyatda qalmağa çalışdığını bildirir.
Yaşadığı hadisənin şoku ilə maşından düşən Kristi bədənindəki yaralara rəğmən, həmin an sanki yenidən doğulduğunu bildirib.
Kristi dərdlərinin arxada qaldığını və yeni həyata başladığını desə də, insanların çoxu bu hekayəni qənaətbəxş hesab etməyib. Məşhur yazıçının qəzadan sonra yoxa çıxması ailəsini, dostlarını və polisi heyrətə gətirib.
11 GÜNLÜK SİRRİN İKİ FƏRQLİ SSENARİSİ
Aqatanın yoxa çıxmasını araşdıranlar iki ssenari arasında qalıblar.
Birinci ssenariyə görə, məşhur yazıçı, həqiqətən də, qəzada aldığı travma və stress pozğunluğuna görə müvəqqəti amneziya yaşayıb, kim olduğunu unudub.
İkinci ssenariyə görə isə, ortada şüurlu şəkildə qurulmuş bir plan olub. Aqata düşünüb ki, yoxa çıxsa, hər kəs onu aldadan əri Arçini günahlandıracaq və bununla da həyat yoldaşı cəzalandırılacaq.
Bəs hansı ssenari daha realdır?
Kristi polisə verdiyi ifadəsində qəzadan sonra yaddaşını itirdiyini bildirib.
“Böyük bir qatar stansiyasına gəldiyimi xatırlayıram. Əslində, bunun Vaterlo olduğunu biləndə təəccübləndim. Qəribəsi o idi ki, oradakı dəmiryol işçiləri məni tanımırdılar. Çünki palçığa batmışdım və üzüm qan içində idi” - məşhur yazıçı Aqata Kristi deyib.
ÖZÜNÜ YENİDƏN YARADAN AQATA…
Dərin mənəvi-psixoloji böhran dövrü keçirən yazıçı qəzadan sonra özü üçün yeni şəxsiyyət yaradıb. O, guya Cənubi Afrikadan gələn Miss Teresa Nil obrazından istifadə etməyə başlayıb. Aqata ərinin gənc sevgilisinin soyadından istifadə edərək, həyat yoldaşı Arçi ilə yaşaya bilmədiyi xoşbəxtliyə beynində yaratdığı yeni adla çatmağa çalışıb.
"Öz taleyini yaza bilməzsən, amma istədiyin xarakterlə istədiyini edə bilərsən" - Aqata illər sonra bunu etiraf edib.
Tarixçi Uorsli hesab edir ki, Kristi bu yolla dözülməz ağrılarından xilas olmağa cəhd edib.
Teresa Nil kimi yoluna davam edən Kristi əvvəlcə “King's Cross Train Station”a gedib, oradan isə isti bulaqları ilə məşhur olan Harroqeyt şəhərinə yola düşüb.
Uorslinin sözlərinə görə, qatar təsadüfi seçilib, çünki məşhur yazıçı kitablarını anonim otellərdə yazmağa öyrəşib.
“Hydropathic” otelinə daxil olan Aqata Cənubi Afrikadan bu yaxınlarda gəldiyini bildirib və adını qeydiyyata Miss Teresa Nil kimi yazdıraraq öz nömrəsinə gedib.
Aqata oteldə səhər yeməyi yeyib, gəzintiyə çıxmağa hazırlaşdığı bir vaxtda bütün Britaniya təhlükəsizlik qüvvələri onu axtarıb.
Plan məhz bu zaman işə düşüb: məşhur yazıçının həyat yoldaşı Arçi London qəzetlərindən Aqata Kristinin yoxa çıxdığını, onun dirisinin, yaxud ölüsünün tapılmadığını və axtarışların davam etdiyini oxuyub.
Ancaq Uorslinin sözlərinə görə, Arçi həyat yoldaşının yoxa çıxmasından çox da təsirlənməyib. Tarixçi Arçinin həmin gün qarderobunu yeniləmək üçün çölə çıxdığını, dükanları gəzdiyini, yeni papaqlar, paltolar və ayaqqabılar sifariş etdiyini açıqlayıb.
Aqata isə oteldə qaldığı gecə bir neçə dost qazanıb, özünə aldığı yeni paltarları geyinib, əylənib. Bilyard oynayan və yüksək səslə mahnı oxuyan Kristi bir müddət sonra insanlarda şübhə yaratmağa başlayıb.
1926-ci il dekabrın 7-də “Daily Express”in ön səhifəsində böyük ölçülü şəkli dərc olunan yazıçı heç nə olmamış kimi rahat vaxt keçirib. Onu tanıyan ilk insan isə otel müdirinin arvadı olub.
“O, təxminən dörd gün bizim oteldə qaldı. Bir gün həyat yoldaşım yanıma gəlib dedi ki, bu xanım məşhur yazıçı Aqata Kristidir. Mən isə ona bunun cəfəngiyyat olduğunu söylədim” - otel müdiri hadisə ilə bağlı xatirələrini danışıb.
Ertəsi gün “Westminster” qəzeti Surreydə əməliyyatların genişləndirildiyini, məşhur yazıçının cəsədinin axtarışına 300-dən çox polis əməkdaşının və şəxsi detektivin cəlb edildiyini bildirdikdə Aqatanın həyat yoldaşı Arçi panikaya düşüb.
Tarixçi Uorsli Aqatanın Harroqeytdəki günlərini araşdırarkən məlum olub ki, məşhur yazıçı Miss Nil kimi maskalandıqdan sonra bütün ağrılarından xilas olub.
“Mən hər gün Miss Kristinin Harroqeyt şəhərində yoxa çıxması haqqında oxuyuram. Bir otel qonağı onun çox çətin insan olduğunu yazıb. Bu şahidin müşahidələrindən bəzi nəticələr çıxarmağa başladım. Anladığım qədərilə Kristinin psixi problemləri ətrafındakıların diqqətindən yayınmayıb. O, tez-tez əli ilə başını tutub, yaddaşını itirdiyini deyib” - Uorsli bildirir.
ŞÖHRƏT QAZANMAQ İSTƏYİ, YOXSA...?
Aqatanın yoxa çıxması öz bəhrəsini verib. Belə ki, yazıçının həyat yoldaşı Arçinin xəyanəti London mətbuatının gündəminə gəlib.
Diqqəti evlilikdən kənar münasibətdən yayındırmaq istəyən Arçi o vaxtlar “Daily Mail”ə verdiyi açıqlamada həyat yoldaşının qəsdən yoxa çıxdığını ifadə edib:
“Həyat yoldaşım nə vaxt istəsə, yoxa çıxmağa öyrəşib. O, bu cür qaçışları sevir. Şəxsən mən hesab edirəm ki, yenə belə bir vəziyyət yaranıb. Arvadım yoxa çıxmazdan əvvəl onunla mübahisə etdiyim barədə deyilənlər həqiqətə uyğun deyil”.
Arçi özünü müdafiə etməyə çalışsa da, Aqatanın oxucularının əksəriyyəti yazıçının yoxa çıxmasında ərini günahlandırıb.
Bəziləri isə müəllifin öz reputasiyasına sirli abu-hava qatmaq üçün xüsusi plan qurduğunu və özünü itkin kimi göstərdiyini düşünüb.
Ötən əsrdə “Daily Mail”də yayınlanan bir məqalədə Aqatanın qəsdən yoxa çıxdığı ifadə olunub:
“Miss Kristi sağdırsa, bu, pis zarafatdan başqa bir şey deyil. O, yaxınlarına və onu sevənlərə şiddətli ağrı yaşatmaqdan başqa heç nə etməyib. Aqata Kristi ictimaiyyət qarşısında hesab verməli olacaq”.
Lakin daha dəhşətli iddialar da var. Məsələn, 1979-cu ildə çəkilmiş “Christie” bədii filmində yazıçının ərinin gənc sevgilisi Nensi Nili öldürmək üçün yoxa çıxdığı və qüsursuz bir qətl üçün plan qurduğu göstərilib.
Tarixçi Lusi Uorsli isə deyir ki, Aqata Kristinin açıqlamasına əsaslanmaqdan və onun depressiya dövründə yaddaşını itirməsinə inanmaqdan başqa çarə yoxdur.
Tarixçinin sözlərinə görə, məşhur yazıçı öz istəyi ilə üzə çıxmayıb. 11 gündən sonra yazıçının qaldığı otelə gələn polis məmuru ondan şübhələnib və ipuclarını izləyərək Aqatanı tapıb.
Nigar Cəfərli,
Musavat.com