Rusiyalı siyasi ekspert Aleksandr Duqinin qızı Darya Duqinanın ölümünü Milli Respublika Ordusu adlı təşkilatın üzərinə götürdüyü barədə xəbər vermişdik.
Musavat.com bildirir ki, Darya Duqina ilə yaxın olduğunu və birlikdə çalışdıqlarını ifadə edən Avrasiya Yerli Rəhbərliklər Birliyinin sədri Həsən Cengiz hadisə ilə bağlı öz fikirlərini açıqlayıb. Sitat:
"Bu, sıradan bir hadisə deyil. 4 ay əvvəl Duqinlə belə bir sui-qəsd ehtimalı ilə bağlı danışmışdım"...
Hücumdan sonra bütün diqqət Kiyevə yönəlsə də, Ukrayna tərəfi sui-qəsdlə heç bir əlaqəsinin olmadığını rəsmi şəkildə açıqlayıb. Terror hadisəsi ilə bağlı istintaq davam edərkən, "Rusiya Milli Respublika Ordusu"ndan açıqlama verilib.
Rusiya prezidenti Vladimir Putinə qarşı hərəkata başladıqlarını açıqlayan mifik və gizli təşkilat sosial mediada “Rusiya lideri Putini və onun oliqarxlarının taxtdan salınacağını” elan edib. Təşkilat eyni zamanda Darya Duqina və Aleksandr Duqinin bəzi proqramlarda onların Ukraynaya qarşı çağırışlar etdiyini dilə gətirib.
Bəyanatda deyilir:
"Biz prezident Putini hakimiyyəti qəsb edən və Konstitusiyaya dəyişiklik edən, slavyan xalqları arasında qardaş qırğına səbəb olan, rus əsgərlərini mənasız ölümə göndərən hərbi cinayətkar elan edirik. Bəziləri üçün yoxsulluq və tabutlar, bəziləri üçün saraylar onun siyasətinin məğzidir. Biz inanırıq ki, hüquqlarından məhrum edilmiş insanların tiranlara qarşı üsyan etmək hüququ var. Putin bizim tərəfimizdən devriləcək və məhv ediləcək. Məqsədimiz Rusiyanın və onun qonşularının məhvini dayandırmaq, xalqımızın sərvətini əmmiş, bu gün daxildə və xaricdə cinayətlər törədən Kreml iş adamlarının fəaliyyətini dayandırmaqdır. Biz Rusiya hökumət rəsmilərini və vilayət administrasiyalarını qəsbkarın şəriki elan edirik. İstefa verməyənləri bizim tərəfimizdən məhv edəcəyik. Korrupsiyadan, hakimiyyətlə ünsiyyətdən pul qazanan iş adamlarını vətən xaini, qəsbkarların şəriki elan edirik. Bildiririk ki, bu hakimiyyətə və onun savaşına açıq şəkildə qarşı çıxmayanların malları və özləri bizim tərəfimizdən məhv ediləcək".
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin dünən verdiyi açıqlamada, Duqinanın avtomobilinin altına bomba qurğusunun qoyulduğu bildirilib.
"Dərya Duqinanın avtomobilinin sürücü oturacağının altına bomba qoyulduğu müəyyən edilib. Hazırda Rusiya İstintaq Komitəsinin Məhkəmə Ekspertizası Müdirliyinin ekspertlərinin iştirakı ilə hadisə yerində araşdırmaları davam edr. Tamamilə yanmış avtomobil xüsusi dayanacaqa aparılıb. İstintaq üçün fizika, kimya, biologiya və genetika ekspertləri də ayrılıb. Maşının təhlükəsizlik kamerası görüntüləri də araşdırmaya aparılıb. Əldə edilən məlumata görə, hücumun əvvəlcədən planlaşdırıldığı güman edilir. Bunun müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir”, -deyə İstintaq Komistəsindən bidirilib.
Avrasiya Yerli Hakimiyyətlər Birliyinin sədri Həsən Cengiz rusiyalı siyasi ekspert Darya Duqina ilə yaxın olduğunu və ortaq işlər gördüklərini ifadə edərək, açıqlamalar verib: "Dərya ilə çox yaxın idik. O, məni ötən cümə günü Moskvaya dəvət etdi. Əslində hücum planlı idi. Aleksandr Duqin başqa bir proqramda olduğu üçün hücumun hədəfi Darya Duqina oldu. Bu hücum sıradan bir hücum deyil. Mən 4 ay əvvəl Duqinə belə bir sui-qəsdin ola biləcəyini demişdim. Duqin həm də Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını müdafiə edən bir şəxs idi. Bu əməliyyatlarda onun fikir və təklifləri nəzərə alınıb. Ukraynadakı qərbə bağlı terror təşkilatlarının belə bir məqsədi artıq açıq mənbələrdə də yayılıb. Bu xəbərdarlığa baxmayaraq, Duqin bu kəşfiyyat xidmətindən istifadə etməyib, məlumatları ciddiyə almayıb”.
Musavat.com