Uzun illərdir Azərbaycanda müstəqil mətbuatın sistemli inkişafının, daha dəqiq reklam bazarına inteqrasiyanın qarşısının bilərəkdən alınması prossesi davam etməkdədir. Bu vəziyyətə müxalifət "söz azadlığının boğulması", iqtidar "azad mətbuat" deyir. Müstəqil fəaliyyət göstərən 5-10 sayt rəhbəri isə boşuna çabalayır, illərdir heç bir nəticəyə nail olmur. Səbəblər ciddidir - azlıq, gücsüzlük, reklamsızlıq və ən əsası sahibsizlik bu sahədəki müstəqil media adamlarını taqətdən salıb.
Mətbuatı idarə edən "köhnə komanda" uzun illər vəziyyətə nəzarət mexanizmini qoruyub saxlasalar da, sonda bəziləri həbsxanalıq oldu, bir neçəsi biabırçılıqla vəzifəsini itirdi. Burada bir haşiyəyə çıxıb qeyd etmək lazımdır ki, prosessin əsas fiqurlarından olan şəxs və şəxlər müxtəlif yollarla özünü və vəzifəsini qorudu və biz hazırda bu adamların açıq və acıqlı fəsadlarını hiss etməkdəyik. Bu adamların adını asanlıqla çəkmək, onların kimliyini, hansı əməl sahibi olduğunu göstərmək olar. Amma bu yazı kimlərisə hədəf etmək yox, ümumi problemə bir daha nəzər salmaqdır.
Ölkədə bütün sahələrdə aparılan islahatlar və bunun fonunda mətbuatdakı idarəetmə sisteminin dəyişdirilməsi də labüd bilinərək qısa adı MEDİA olan - Media İnkişaf Agentliyi yaradılıb. Bu Agentliyin işi uzun illər fəaliyyət göstərən ələbaxım, məmurların əsiri olan mətbuatı reanimasiyadan çıxarıb ilk öncə palataya, daha sonra cəmiyyət arasına çıxarmaq olmalı idi.
Hər halda ilk aylar belə görüntü yaradılırdı və bu inamlı vəziyyət agentliyin onlayn media subyektlərinə dəstək layihəsi elan edilməsinə qədər davam etdi. Nəticələrin elan olduğu gün MEDİA və rəhbərinin gələcək planları köhnə kilim kimi ortaya sərildi. Şəxsən mənə tam aydın oldu ki, MEDİA əvvəlki komandanın zəlil etdiyi, məlum məmurların əlində ciddi təbliğat maşınına çevirilən mətbuatı və şəxsləri daha fərqli formada - qanun adı altında idarəolunan başqa bir hala, robota çevirmək istəyir. Ardınca peyda olan "Media haqqında" qanun gözləntilərimi tam təsdiqləmiş oldu.
"Media haqqında" qanuna gəlincə məlum maddə və bəndlərin gələcəkdə hansı müsbət və mənfi fəsadlar yaradacağını indidən də söyləmək olar. Qanuna nəzər saldıqda nələrin olacağı göz qarşısındadır. Azərbaycan mətbuatının məlum vəziyyəti, reklamsızlıq şəraitində belə bir qanunun işləməsini gözləmək sadəcə və sadəcə sadəlövlükdür. Əsl problem qanunun qəbulundan sonra olacaq ki, bunun görmək üçün uzun müddət gözləməyə ehtiyac yoxdur. Qısa zamanda hamı bu qanunun yaxşısını da, pisini də görəcək.
Ola bilsin bu fikirlər MEDİA-nın əlində alətə çevrilmiş (hərçənd biz bunun hər gün şahidiyik) "mətbuatçılar"ın xoşuna gəlməyəcək, yaxud qurumun fəaliyyətini aşağılamaq istəyən hansısa qüvvələr "bəh-bəh" deyib yararlanmağa çalışacaq.
Məqsədim nə hansısa qüvvənin xoşuna gəlmək, nə də kimisə özümə düşmən etmək deyil, məlum problemi göstərməkdir. Qanunun ciddi fəsadları isə MEDİA-nın rəhbəri Əhməd İsmayılovun vəzidəfən uzaqlaşdırılmasından sonra daha geniş çərçivədə görünəcək. Bu çox da uzun prosess deyil və artıq müxtəlif məlumatlar gəlməkdədir. Ehtimal ki, qanunun qəbulundan qısa zaman sonra Əhməd İsmayılov başqa bir sahədə işlə təmin olunacaq. O da ola bilsin ki, MEDİA-nın yeni rəhbəri elə agentlikdən kiməsə həvalə olunsun ki, bunun işartıları da görünməkdədir. Kiminsə kənarda qalması, özünü qoruması, susması və sair hallar gələcək təyinatlar üçün hesablanıb. Hə halda bu gün "Azərbaycan mətbuatını sabah nə gözləyir" sualları baş deşir. O suallar ki, qanunun müxtəlif maddə və bəndlərinə nə qədər gec deyil edilən dəyişiklərlə aradan qaldırıla bilər.
Amma qaldırılmayacaq. Komandaların mübarizəsi, bir neçə yeni məmurun bir-birilərinə güc nümayişi, üstəlik müstəqil mətbuatı daha da zəlil etmək üçün yaranmış imkan və sairə... Böyük pullar, böyük güc olmaq şansları, daha uzun illər vəzifələri qorumaq, daha başqa sahələrə inteqrasiya etmək, məmur yerləşdirmək və daha böyük olmaq üçün mətbuat əldə olmalıdır.
Bu günlərdə yazdığım fikir və iradlar zamanı gələn ümumi rəylər, təkliflər, dəvətlər, həmçinin MEDİA-nın və ya onun rəhbərinin ən üstünün yazdırdığı statuslardan, fikir və mülahizələrdən bir daha aydın oldu ki, qanun "nə olur olsun qəbul olunmalıdır" deyənlərlə, "qətiyyən yol vermək olmaz" düşüncəsində olan qüvvələr arasında qırğın gedir. Hər kəs çalışır ki, ətrafına qüvvə toplasın.
Şəxsən mən heç bir tərəfdə deyiləm, mətbuatın inkişafı, qanunun gələcək üçün daha uğurlu işləməsi, reklam bazarının formalaşması, azad və müstəqil redaksiyaların yaranması, cəmiyyət və dövlət arasında körpü rolunu oynaya bilən bir mətbuat şəraitinin qurulmasının tərəfdarıyam. Bilirəm, bu, Azərbaycanda indiki reallıqda qəribə səslənir. Əvvəl də bilirdim, sadəcə "bəlkə düzələr" deyib gözləyirdim. Bəlkələr bu sahədəki illəri 23 ilə gətirib çatdırdı. 23 il əvvəl Azərbaycan mətbuatı indikindən daha müstəqil, daha çevik, daha oxunaqlı, daha da müstəqil idi. Bu gedişlə 20 il sonra da belə düşünəcik... Əgər ömrümüz çatsa...
Mətbuat ələbaxımlıqla, məmur nəzarəti altında, sifarişli statuslarla, trol orduları ilə, məcburiyyət qarşısında heç kimə lazım olmayan yazılarla inkişaf edə bilməz. Yazanların kimliyi, əvvəlki fəaliyyətləri, ümumi savad və təcrübə keyfiyyətləri, davranışları və sairələr inkişafa apara bilməz. Bu adamları cəmiyyət qəbul etmirsə, onların yazdıqları nifrətlə qarşılanırsa, hansı inkişafdan, uğurdan söhbət gedə bilər.
Qaldı ki, "Əhməd İsmayılov bu işin öhdəsindən nə qədər məharətlə gələ biləcək" sualının cavabına, biz yaxın aylarda bunun şahidi olacağıq.
Bizimxeber.az
Baş redaktor Ədil Hüseynli