Qaçaq Nəbinin kötücəsi: “Həcər ikinci dəfə ona görə ərə getdi...
Qaçaq Nəbinin kötücəsi: “Həcər ikinci dəfə ona görə ərə getdi ki...” – Müsahibə
Kulis.az Xalq qəhrəmanı Qaçaq Nəbi və Həcərin kötücəsi Həcər Əkbərova ilə müsahibəni təqdim edir.
- Həcər xanım, bu günə qədər hər kəs Qaçaq Nəbi və Həcərin övladının olmadığını bilirdi. Lakin son bir neçə ildə onların övladlarının olması, şəcərənin davam etməsi barədə xəbərlər yayılıb. Siz də Həcərin qızı Zeynəbin nəticəsi olduğunuzu deyirsiniz. Bir az bu barədə danışardınız.
- Hamı, Qubadlı əhalisi, elə biz özümüz də indiyə kimi elə bilirdi ki, Nəbi ilə Həcərin övladı olmayıb. Həcər Nəbidən sonra Həmzə adlı bir kişi ilə qurub və onların Zeynəb adlı qızı olub. Sonradan Türkiyədə Mehmet Elturan adlı bir qan qohumumuz meydana çıxır, araşdırma aparır və öyrənir ki, Qaçaq Nəbi ilə Həcərin övladları olub. Bu təbii ki, bizim üçün qəribə gəlir. Lakin sonradan ortaya arxiv sənədlər çıxdı. O vaxtlar, bildiyiniz kimi, Azərbaycanda sənədləşmə məsələsi bir qədər qeyri-peşəkar olub. Çox adamın nənə və babasının təvəllüd tarixləri bilinmir və ya səhv yazılır. Ancaq Mehmet bəyin aşkara çıxardığı arxiv sənədlərindən məlum olur ki, Qaçaq Nəbinin üç övladı olub: Əhməd, Xəlil və Zeynəb. Sadəcə olaraq, Nəbi öldürüldükdən sonra onun düşmənləri uşaqlarını axtarmağa başlayır. Həcər irs daşıyıcıları olan oğlanlarını qohumlarının vasitəsi ilə Ağrı dağdan Qarsa adladır. Onları ovaxtkı çar hökuməti izləyir, öldürmək, həbs etməyə çalışırlar. Köçəndə hər şeyi özləri ilə apara bilmirlər, bircə Nəbi ilə Həcərdən qalan xalçanı aparırlar.
- Demək, uşaqları o qədər də azyaşlı olmayıb...
- Elədir. Oğlanları böyük olub. Hətta Xəlil əlinə tüfəng alan yaşda imiş. Zeynəb azyaşlı olduğu üçün anasının yanında qalır. Həcər də sonradan Zeynəbi qorumaq üçün qohumu Həmzə ilə ailə qurur. O vaxt qadının, üstəlik, düşməni olan qadının dul qalması qəbul olunmurdu. O, mütləq kiminləsə ailə qurmalı idi. Ona görə də Həcər kənd camaatını yığır, deyir, mənim Nəbiyə sadiq olduğumu bilirlər, amma mən adıma düşmən tərəfdən ləkə yaxılmasın deyə ailə qurmağa məcburam, ancaq mən mənə bacı deyən adama ərə gedəcəm. İlləri hesablasaq, Həcər Həmzə ilə evlənəndə yaşlı olub və dünyaya uşaq gətirmək imkanı olmayıb. Onu da deyim ki, Həcər Nəbidən sonra cəmi bir dəfə ərdə olub. Mənim atamın atası, yəni babam Əliş kişi Zeynəbin oğludur. Babamın doğum tarixi ilə Əhməd və Xəlilin uşaqlarının doğum tarixi eynidir. Yəni, Zeynəblə qardaşlarının doğum tarixi arasında elə böyük fərq yoxdur.
- Bəs sizcə Nəbinin Həcərdən uşağı olmayıb fikri hardan yaranıb?
- Deyim sizə. Bu məsələ sənədlər ortalığa çıxmayana kimi bilinmirdi. Sənədlər indiyə kimi Türkiyənin Qars Universitetində professor Sədaqət hoca tərəfindən saxlanılırdı. Mehmet bəy həmin sənədləri ona notarius vasitəsi ilə vermişdi, özü isə Avstraliyada yaşayırdı. O da düşünür ki, nə zamansa, dünyadan köçə bilər, ona görə, bu məsələnin araşdırılmasında bir azərbaycanlı olsun. Mehmet bəy bir dəfə Azərbaycana müraciət edib, Zeynəb nənəmi axtarıb. Burdan ona bildiriblər ki, Zeynəb adlı adam yoxdur. O da fikirləşib, yəqin, o vaxtı Zeynəb ermənilər tərəfindən öldürülüb. Beləcə, bir müddət bu söhbət unudulub. 2018-ci ildə Sədaqət hoca özü Bakıya gəlib mənimlə görüşdü və həmin sənədləri Mehmet bəyin tapşırığına əsasən mənə təqdim etdi. Həmin sənəd ən etibarlı sənəddir. Çünki orada Əhmədin, Xəlilin və Zeynəbin atası Nəbi, anası isə Həcərdir. Mənim atam Qubadlının işğaldan azad olunma xəbərini eşidəndən bir müddət sonra rəhmətə getdi.
O, rəhmətə getməzdən əvvəl Mehmet bəy ilə söhbət edəndə deyirdi ki, onun enerjisi məni uzaqdan özünə cəlb edir, çünki o, eynilə atamın atasına oxşayır. Yəni qan çəkmək məsələsi. Beləliklə, biz Nəbinin oğlu Əhmədin Türkiyədə olan ailəsini, oğlanlarını tapdıq. Keçən ilin sonunda bizim kanallardan biri məni efirə qonaq çağırdı, mən orada danışan zaman İrandan verilişə çoxsaylı zənglər gəldi. Onlar Xəlilin törəmələri idi. Zəng vuranlar ağlayırdılar, deyirdilər, biz illərdir Zeynəbin, Əhmədin nəslindən olan qohumlarımızı axtarmışıq.
Əhmədin nəvəsi Mehmet Elturan
- Əhmədlə Xəlil bir yerdə Türkiyəyə gedirlərsə, niyə ayrı düşürlər?
- O vaxtı Xəlil də Türkiyədə ailə qurur, qardaşı ilə bir-birinə qız alıb verirlər. Təzədən qohum olurlar ki, nəsil itməsin. Ancaq sonradan o, Xəlil İranın Maku şəhərinə köçür. Əhməd Türkiyədə qalır. Əhmədin Mehralı adlı oğlu varmış. Mehmet Elturan Mehralının oğludur. Xəlilin oğlu Ziyadın isə Bəhram adlı oğlu olur.
- Zeynəbin törəmələri kimlərdi?
- Zeynəb burada Əlabbas adlı bir oğlanla ailə qurur. Onun oğlu dünyaya gəlir - mənim babam Əliş. Beləliklə, babam Nəbi ilə Həcərin nəvəsi, atam nəticəsi, mən və bacı-qardaşım isə kötücələri sayılırıq. Bir maraqlı fakt da deyim. Xəlil bacısının həsrətini çox çəkdiyi üçün sonradan doğulan qızının adını Zeynəb qoyub.
- Həcər xanım, bir çox mənbələrə görə guya Həcər erməni ilə ailə qurub. Bu haqda nə bilirsiniz?
- Mən balaca olandan bu söz-söhbətləri eşitmişəm. Hətta, yadıma gəlir, rəhmətlik atam o barədə yazan jurnalisti tapmış, məhkəməyə vermişdi. Çox uzun proses getdi. Sonralar bu məsələnin kökünü araşdıranda məlum olmuşdu ki, bu məsələ Gürcüstanda hansısa bir erməni soyadlı jurnalistin çıxartdığı söz-söhbətdir. Ordan da bu məlumat Azərbaycana ötürülüb. Bu barədə heç bir yerdə fakt yoxdur. Bu, həm də ona görə mümkünsüzdür ki, ermənilər Nəbidən çox Həcərdən qorxublar. Qorxduqları qadınla necə evlənə bilərdilər?
Xəlilin nəvəsi Bəhram Dolkhani
- Qaçaq Nəbi haqda çəkilən “Atları yəhərləyin” filmində siz dediyiniz faktlar niyə verilməyib?
- Filmin rejissoru Şeyx Əbdüllə görüşmüşəm. Mən gözləyirdim ki, o, mənim danışdıqlarımı eşidən zaman desin ki, mən bunları bilmirdim. Gözlədiyimin əksinə oldu. Dedi, mən bilirdim ki, bu nəsil gec-tez üzə çıxacaq. Mən bilən, o vaxt filmin digər rejissoru Həsən Turabov mənim babamın yanına gələrək ondan üzr istəyib. Deyib, filmdəki təhriflər Moskvadan göstərişi əsasında məcburiyyətdən oldu. Fikir verirsinizsə, filmdə Həcərin uşağı tələf olan kimi mövzu qəfil dəyişir. Hamı elə bilməli idi ki, Həcərin uşağı olmayıb. Hətta Şeyx Əbdül mənə dedi ki, o filmdən bir çox kadrlar, misal üçün, Nəbinin erməniyə şillə vurması kadrı çıxarılıb. Bir maraqlı fakt da deyim; film çəkilən zaman Şeyx Əbdülün qızı dünyaya gəlir, o, qızının adını Həcər qoyur.
- Həcər xanım, sizcə Nəbinin ölümü necə olub? Onun dostu Şah Hüseynin arvadının sözü ilə öldürüldüyü haqda rəvayət dolaşır.
- Bu barədə mənim əlimdə kifayət qədər fakt yoxdur. Bildiyimə görə, Nəbi Rusiyanın tapşırığı ilə tutulmuş xəfiyyələr tərəfindən öldürülür. Onu həbs etmək mümkün deyilmiş. Amma onun namus üstündə öldürülməsi faktı yalandır. Belə bir şey olmayıb. Bu xəbərin heç bir əsası yoxdur. Rəvayət olsa belə, bir məntiqi olmalıdır. Şah Hüseynin nəslindən bir adam varmı ki, çıxıb desin, mənim babam Nəbini nənəmin fitvası, yalanı ilə öldürüb? Mənim bildiyimə görə, Nəbi öldürülən zaman Şah Hüseyn subay imiş.
- Bu hadisədə Şah Hüseyn iştirak etməyib?
- Onu mən detallı şəkildə deyə bilmərəm, çünki, yenə deyirəm, əlimdə faktlar yoxdur. Amma göstərişin Moskvadan verildiyi və buradakı casuslar tərəfindən icra olunduğu bilinir. Bu Şah Hüseyn də ola bilər, başqası da.
- Nəbinin qəbri hardadır?
- Əhmədin törəmələrindən məlumat əldə edə bilməmişik, amma Xəlilin törəmələrinin dediyinə görə, onun məzarı İranda - Lorni adlanan yerdədir. Həcərin məzarı isə Qubadlının Aşağı Mollu kəndindədir.
- Siz Əliş babanızı görmüsünüz?
- Uşaq olanda görmüşdüm. Mənim babam Qubadlı işğal olunan zaman öz evini tərk etməyib, orda qalıb və şəhid olub. Babam Qubadlıda müxtəlif vəzifələrdə çalışıb, heç vaxt özünə sığışdırmayıb ki, erməni gəlib onun torpağını alsın. O, öz tüfəngi ilə xeyli sayda erməni öldürüb.
Zeynəbin oğlu Əliş kişi
- Babanız Həcəri görüb?
- Yox, babam heç anasını düz-əməlli görməyib. Babam körpə olanda anası Zeynəb dünyasını dəyişib.
- Həcərin qəbri hal-hazırda Qubadlıdadır və o qədər də zədələnməyib?
- Həcərin qəbri haqda məlumat işğaldan əvvəl Qubadlı ağsaqqalları tərəfindən yazılı şəkildə yerli orqanlara bildirilib. Bundan sonra onun qəbri bərpa olunub. Ona görə, Həcərin qəbri indiyə qədər yaxşı vəziyyətdə qalıb. Həmin qəbrin yerini də, işğaldan sonra ora gedib çəkiliş edən insanlara mən demişdim. Ümumiyyətlə, Nəbi ilə Həcərin övladlarının törəmələrindən çox böyük nəsil yaranıb. Onlardan ən böyüyü Xəlilin nəslidir.
- Həcərin qızı Zeynəbin şəkilləri var?
- Təəssüf ki, yoxdur. Amma Həcərin şəkilinin tapılma ehtimalı var. Xəlilin nəslində onun şəkli olmalıdır. Biz bu barədə araşdırmalar aparırıq.
- Həcəri necə təsvir edirlər?
- “Atları yəhərləyin” filmində fikir vermisinizsə, Nəbi arabaya əyləşəndə başına papaq qoyur. Nəbini öz kəndçiləri belə tanımır. Çünki Nəbi də, Həcər də camaat arasında çox az olub. Onlar əsasən Zəngəzur dağlarında, Naxçıvanda, Ordubadda, Təbrizdə yaşayırdılar. Döyüşən insanlar idilər. Dağlara çəkilirdilər. İndi hərdən mənə Qarsdan, Təbrizdən, Naxçıvandan yazırlar, deyirlər, bizim babalarımızı, əmilərimizi zamanında Nəbi ölümdən xilas edib, ona görə, bugünkü gündə bizim kəndlərimizdəki adamlar artıb, çoxalıb. Nəbini bu gün də insanlar çox sevir.
- Həcərin nədən rəhmətə getməsi bilinir?
- O vaxtı Qubadlıda vəba xəstəliyi yayılıb. Həcər də vəba xəstəliyinə yoluxub və ondan rəhmətə gedib. O dövrdə nəinki Həcər, Qubadlıda çox adam vəbadan vəfat edib. Həcərin Naxçıvanda bacılarının törəmələrindən hal-hazırda yaşayanlar var. Orada yaşayan tarixçilərdən biri hal-hazırda Həcərlə Nəbi haqqında sənədli film hazırlayır. Həcərin qohum-əqrəbasının çoxu Naxçıvanda yaşayır, amma hələ onları axtarıb tapmamışıq. Söz-söhbətlər indi Həcərlə Nəbinin övladları barədə getdiyindən mən də araşdırmalarımı hələ ki, sırf bu sahədə aparıram. Nəbinin Mehdi adında bir qardaşı olub. Nəbi rəhmətə gedəndə Həcəri ona vermək istəyiblər. Deyib, mən Həcərə öz bacım kimi baxıram. Amma bütün bunlar dildə-ağızda dolaşanlardır, dəqiq fakt yoxdur. Mehdinin gənc yaşda dünyasını dəyişməsi isə dəqiqdir.
- Nəbi ilə Həcərdən hər hansı bir əşya qalıb?
- Bayaq dediyim kimi, bir xalça qalıb, bir də güzgü. Nəbinin bir mühafizəçisi olub o vaxt. Nəbi ona bir güzgü hədiyyə edib. Güzgünün kimdə olduğunu bilirəm, amma ondan almaq bir az düz çıxmır. Çünki o, illərdir həmin güzgünü qoruyub, saxlayıb. Mən, hətta müəyyən bir məbləğə həmin güzgünü almaq istədim, sonra gördüm, mənəvi bağlılıq məsələsi var, fikrimdən daşındım.
- Nəbinin, Həcərin zahiri görüntüləri haqqında sizə nələr gəlib çatıb?
- Deyilənə görə, Həcər qarayanız, ancaq şirin qız olub. Nəbi də o qədər hündürboy deyilmiş. Onun törəmələri Nəbiyə çox oxşayır. Hər halda, məndəki şəkillərdən bunu görmək olur. Mənim babam da, atam da o qədər hündürboy deyildi. Həcərə həm də Dəli Həcər deyirmişlər. Silahdan çox yaxşı istifadə edirmiş. At belində gedə-gedə silahı çox dəqiq atırmış.
- Bəs sizcə o, əlisilahlı, əhatəsində kişilər, üç uşaqla dağlarda necə yaşayırmış?
- Həcər və Nəbi ilə bağlı faktları yalnız onlarla silahdaş olan adamlar biliblər. Nəbi öldürüləndən sonra onun silahdaşlarının da bəzilərini öldürüblər. Həcərin yanında Gülər adlı qadın varmış. Onun bacısı qızı Həcər haqqında məlumatlı imiş. O, deyirmiş, mənim xalam Həcərlə çiyin-çiyinə döyüşüb. Deyirmiş, Həcər varlı, Nəbi kasıb ailənin övladı idi. Həcərin atası rəhmətə gedəndən sonra onlar ailə qurublar. Nəbi Həcəri qaçırdıb. Bəlkə də varlı qızını qaçırdığı üçün filmdəki kimi onun toyuna gəlməyiblər. O xanımın dediyinə görə Nəbi döyüşlərə Həcəri aparmaq istəmirmiş, Həcər deyirmiş, sən hardasan, mən də orda olacam.
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 2024 13:16
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 2024 15:00
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 2024 13:22
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- Sumqayıt hadisələrinə görə EDAM OLUNAN Əhməd Əhmədovun bacısı DANIŞDI - VİDEO
20 noyabr 2024 19:31
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07