Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda daha bir tarixi abidə bərpa ediləcək
Mədəniyyət5 mart 2021 12:14
Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb.
Qaynarinfo xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Vatikanda səfərdə olub.
Səfər zamanı Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi imzalanma mərasimini Vatikanla Azərbaycan arasında münasibətlərdə əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd edilib ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyur. Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə nəzər salan kardinal üç mühüm mərhələ barədə məlumat verib və diqqətə çatdırıb ki, ilk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası həyata keçirilib və bərpadan sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ictimaiyyət üçün açılış mərasimi olub. İndi artıq ictimaiyyət möhtəşəm freskaları, restavrasiya olunmuş həmin katakombaları ziyarət edə bilir.
İkinci mərhələ Müqəddəs Sebastian Bazilikasında yaradılmış muzey olub və sarkofaqların restavrasiya edilərək qorunduğu muzeyin təşkilində Fondun prezidenti Mehriban Əliyeva yaxından dəstək göstərib. Hazırkı üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilya katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir.
Kardinal diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsası qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərarası dialoqun inkişafına öz töhfəsini verir:
"Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın xristian mədəni irsinə böyük qayğı ilə yanaşması çox diqqətəlayiq bir məqamdır”.
O, Azərbaycan nümayəndə heyətinin tərkibində ölkədəki bütün dini icmaların nümayəndələrinin də təmsil olunmasını dini müxtəlifliyə verilən yüksək qiymət kimi dəyərləndirib. Yeni əməkdaşlıq razılaşması Roma şəhərindəki katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinin əlavə olunması ilə nəticələnəcək. 2025-ci ildə Roma şəhərində Roma katolik kilsəsi üçün xüsusi əhəmiyyət daşıyan və hər 25 ildən bir qeyd edilən "Müqəddəs il” yubiley tədbirləri keçiriləcək və "əbədi şəhər”ə dünyanın hər tərəfindən turist və zəvvarlar axışacaq. Bu isə bərpadan sonra açılacaq Komodilya katakombalarına çox sayda ziyarətçinin gəlməsinə imkan verəcək:
"Ona görə də biz Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk və onu öz mədəni icmamızın tərkibində görürük, çünki Fond da bizim kimi həm mədəni, həm də dinlərarası dialoqun inkişaf məqsədlərini diqqət mərkəzində saxlayır”.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb. O, təxminən bir il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Vatikana səfər etdiyini, burada görüşlər keçirildiyini qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacla əməkdaşlığı sayəsində dünya mədəni irsinin qorunması üzrə layihələrin həyata keçirilməsinə nail olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu uğurlu münasibətləri daim diqqətdə saxladığı qeyd edilib. Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın məktubu kardinal C.Ravaziyə təqdim edilib.
Məktubda bildirilir ki, birgə səylərimiz Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirir. Bu səylər qlobal səviyyədə daha çox ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoqa konkret və praktik töhfəmizi əks etdirir.
Qeyd edilir ki, Azərbaycan Heydər Əliyev Fondunun fəaliyyəti ilə ötən illər ərzində mədəni irsin bütün elementlərinin bizim üçün eyni dərəcədə əziz olduğunu nümayiş etdirib. Xristian katakombaları coğrafi, mədəni və dini məhdudiyyətlərə baxmayaraq, dünya irsinin nümunələri hesab edilir və buna görə də həmin abidələr qorunmalı və təbliğ olunmalıdır. Beləliklə, Azərbaycan Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə səmərəli əməkdaşlığını davam etdirməyə hazırdır.
Məktubda bildirilir ki, Komodilla katakombalarının bərpası və mühafizəsi üzrə layihədə iştirak etməyimizə şərait yaradacaq digər bir müqavilənin imzalanması dünya mədəni irsinin qorunmasına möhkəm sadiqliyimizi bir daha təsdiqləyir. İki il ərzində həyata keçiriləcək layihənin tamamlanması bu əhəmiyyətli katakombaların ziyarətçilər üçün açılmasına şərait yaradacaq.
Daha sonra qeyd edilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və ətraf yeddi rayonuna otuz ilə yaxın davam edən hərbi təcavüzü və işğalı nəticəsində Azərbaycanın həmin ərazilərdəki misilsiz mədəni irsinə çox böyük ziyan dəyib. Ötən il Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları, nəhayət, işğaldan azad edildikdə həmin ərazilərdəki dəhşətli dağıntıların miqyasını görmək son dərəcə ağrılı idi. Yüzlərlə tarixi abidənin - muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə yeksan və talan edilməsi, təhqir olunması ilə bağlı gördüyümüz reallıq gözlədiyimizdən daha pis oldu.
"İndi bizim qarşımızda azad edilmiş bu torpaqların bərpa edilməsi kimi böyük bir vəzifə durur. Əminəm ki, bunun öhdəsindən uğurla gələcəyik. Dağıdılmış şəhər və kəndləri bərpa edəcəyik. Mənşəyindən asılı olmayaraq məhv edilmiş mədəni irsin hamısını bərpa etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çünki bu irs ölkəmizin qürur duyduğumuz mədəni müxtəlifliyini təcəssüm etdirir”, - deyə məktubda bildirilir.
Görüş zamanı Azərbaycan nümayəndə heyəti Vatikanda icra olunan layihələr zamanı beynəlxalq ekspertlərin cəlb olunduğunu qeyd edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarixi-mədəni irsin bərpasında Vatikan mütəxəssislərini yaxından iştiraka, öz fikir və tövsiyələri ilə bu prosesə töhfə verməyə çağırıb.
Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti Heydər Əliyev Fondu və Vatikan arasında əməkdaşlıq çərçivəsində görülmüş işlərin qısa məcmusu haqqında danışıb və üçüncü mərhələdə görüləcək bərpa işlərinə dair təqdimatla çıxış edib. F.Biskonti qeyd edib ki, ümumi uzunluğu yeddi kilometrə çatan Komodilla katakombalarının tarixi eramızın 4-cü əsrinə gedib çatsa da, onlar 15-ci əsrdə yenidən aşkarlanıb və qazıntı işləri 20-ci əsrdə aparıldı. Qəzalı vəziyyətdə olan katakombaların tavan hissəsinin konservasiyası işlərində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir texnologiyalardan istifadə edilir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli və Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycandakı dini tolerantlıq, multikultural mühit, eləcə də dini icmalar üçün yaradılmış şəraitdən danışıblar.
Nümayəndə heyəti daha sonra Roma şəhərinin səkkizinci rayonu ərazisində yerləşən Komodilla katakombaları ilə tanış olub. Roma şəhərinin səkkizinci rayonunun bələdiyyə sədri Amadeo Çiakkeri bu rayonun ərazisində yerləşən katakombanın tarixi əhəmiyyətini qeyd edib və bildirib ki, insanların sıx hərəkət etdiyi ərazidə yerləşən katakombanın Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası layihəsi sakinlərin sevincinə səbəb olub. Qeyd olunub ki, bərpa işləri bu tarixi abidəyə ictimaiyyət və turistlərin marağını artıracaq, eləcə də bu abidənin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin edəcək.
Müqəddəs arxeologiyası üzrə Pontifik Komissiyasının arxeoloqu Barbara Matsei Komodilla katakombasının olduqca həssas bir hissəsində indiyədək restavrasiya işlərinin aparılmadığını diqqətə çatdıraraq qeyd edib ki, bərpa işləri, eyni zamanda, təsvirlərin yaxından tədqiqi və analizi üçün unikal fürsət yaradacaq. Abidələrin strukturu zərif olduğuna görə bu işlərdə müasir texniki avadanlıq və metodlardan istifadə ediləcək, həmçinin rəsmlərin çəkilmə texnikası, istifadə edilən boya və digər materiallar da diqqət mərkəzində olacaq.
Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti ekskursiya zamanı Komodilla katakombasının tarixi barədə məlumat verib. Qeyd edilib ki, erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahına çevrilmişdi. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar dini və tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, qeyd edilib ki, ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib və Heydər Əliyev Fondunun göstərdiyi dəstək olmasaydı, katakombanın böyük arxeoloji dəyərə malik bu hissəsi uça bilərdi.
Nümayəndə heyəti, həmçinin Müqəddəs Sebastian katakombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzey və restavrasiya edilmiş sarkofaqlarla da tanış olub. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib. Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya olunmuş, eramızın 4-cü əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır.
Eyni zamanda, qeyd edilib ki, Roma şəhərində 60-dan çox katakomba mövcud olmasına baxmayaraq, onlardan cəmi bir neçəsi ictimaiyyət üçün açıqdır. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan işlər dini və mədəni irsin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır.
Sonra nümayəndə heyəti 4-cü əsrdə katakombanın üzərində inşa edilmiş Müqəddəs Sebastian Bazilikası ilə də tanış olub.
Həmçinin restavrasiya işləri 2020-ci ildə başa çatan Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı "Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinə baxış olub.
Beləliklə, Heydər Əliyev Fondu dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən növbəti layihəsinə imza atdı.
Oxşar xəbərlər
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 2024 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 2024 11:43
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 2024 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 2024 13:36
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 2024 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 2024 18:38
- Eks-Deputat öldü
25 dekabr 2024 18:17
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 2024 15:32
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 2024 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
Xəbər lenti
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya