"Anam öləndə deyirdim, yaşaya bilmərəm, amma.." (MÜSAHİBƏ)
Dünya18 aprel 2020 15:59
Özbəkistanın Xalq artisti Nəsibə Abdullayevanın Qaynarinfo-ya müsahibəsi:
– Nəsibə xanım, pərəstişkarınız olan, amma sizin haqqınızda çox da məlumatlı olmayan hər hansı bir dinləyici dəqiq olaraq bilmir ki, siz azərbaycanlısınız, özbək, yoxsa iranlı? Gəlin oxucularımızı əvvəlcə bundan agah edək...
– Bu sualı mənə çox tez-tez verirlər. Mən isə heç bilmirəm, necə cavab verim... Çünki atam iranlıdır, amma Səmərqənddə anadan olub. Atamın atası, anası, babası İrandan çoxdan gəliblərmiş. Səmərqənddə çoxlu iranlılar yaşayan məhəllələr var. İranlı var, farsca danışır, iranlı var ki, özbək və Azərbaycan dili qarışıq, ləhcə ilə danışır. Tarixçilər deyirlər ki, onlar İran azərbaycanlılarıdır. Amma lap çoxdan gəliblər deyə, Azərbaycan dilini unudublar. Mənim öz ailəmdə də Azərbaycan dilini bilən olmayıb, özünəməxsus özbəkcə danışıblar. Anam isə tacik olub. Bilirsiniz, bizim Səmərqənddə Registan meydanı var, türk memarlığının nadir nümunələrindən biridir. Tarixdə yazılanlara əsasən, oradakı binaları o vaxt Əmir Teymurun İrandan, Azərbaycandan gətirdiyi ustalar, memarlar tikib. İndiyədək də Səmərqəndə məşhurluq gətirən həm də 3 ayrı mədrəsənin əhatə etdiyi o meydandır. Bəlkə də, Səmərqənddə yaşayan iranlıların kökü oradan gəlir.
– Bəs siz necə oldu ki, Azərbaycana gəldiniz və bu qədər populyarlıq qazandınız?
– Azərbaycan ailəsinə gəlin getmişdim, amma Səmərqənddə yaşayırdıq. Uşaqlarımın atası azərbaycanlıdır. Ümumiyyətlə, əvvəllər Azərbaycana qonaq kimi gedib-gəlirdik. 1980-ci illərin axırından isə Azırbaycana yaradıcılıq səfərləri etməyə, konsertlər verməyə başladım. Ondan qabaq da mahnılarımın lent yazıları necəsə Azərbaycana gedib çatmışdı. Mahnılarıma qulaq asıblar, amma kiməm, necə bir insanam, bilməyiblər. Bizim çox gözəl bir rəqqasəmiz var – Məlikə Ahmedova. O xanım mənim mahnılarıma rəqs edirdi. Onun videoyazıları Azərbaycanda göstəriləndə camaat elə bilirmiş ki, özü oxuyub, özü də rəqs edir. Mən Azərbaycan tamaşaçalarına minnətdaram. Onlar məni unutmurlar, dinləyirlər, dəyər verirlər. Mən onların sevgisini duyanda bununla fəxr edirəm.
– İndi isə elə təəssürat yaradılıb ki, sanki Azərbaycandan küskünlüyünüz var. İstəyərdim buna aydınlıq gətirək.
– Niyə elə olsun ki... Azərbaycan məni küsdürməyib, incitməyib. Bəlkə, Azərbaycanın küskünlüyü var bilmirəm. (gülür) Mənim Azərbaycana çox böyük məhəbbətim var. Olur ki, dostlar, tanışlar toy məclislərinə dəvət edirlər. Hər dəfə Azərbaycana getmək, oraları görmək, dənizə yaxınlaşmaq bizim üçün bayramdı. Bizim musiqi dəstəmizin üzvləri də hamısı özbək uşaqlarıdı. Onlar da Azərbaycanı çox sevirlər. Heç desən Amerikaya, İngiltərəyə gedirik, belə sevinməzlər.
– Bildiyim qədəriylə ailə qurduğunuz hər iki insan azərbaycanlı olub. Azərbaycanlı kişiləri sizə bağlayan, sevdirən nə olurdu? Yoxsa bu, təsadüfən olmuşdu?
– Təsadüfən olub. Çünki biz bir dəstədə işləməyə başladıq.
– Əvvəl başqa sənətçilərin mahnılarını ifa eləmisiniz. "Səndən nigaranam” mahnısını sizin ifanızda bəyənib dinləyirlər. Bəs indi də Azərbaycan mahnılarına müraciət edirsinizmi?
– Həmişə. Məhz Azərbaycana gedəndə Azərbaycan tamaşaçısı üçün yox, Özbəkistanda da, ümumiyyətlə, harada olur-olsun bizim repertuarımızda həmişə Azərbaycan mahnıları var.
– Bəs Azərbaycanda sevdiyiniz yer, adamlar kimlərdi? Tutaq ki, heç toy məclisinə çağırmasınlar, amma siz o adamlar üçün darıxasınız, onlara gedəsiniz...
– Azərbaycanda vaxtilə mənimlə illər ərzində yanımda olan, işləyən musiqiçilər var. Hələ də bizim dostluğumuz davam edir. Onlar üçün darıxıram və həmişə gedəndə görüşürük. Aygün Bəylər var. Həmişə telefonda danışırıq. Gedəndə qonağı oluruq. Azərbaycan ikinci evimiz kimidi.
– İstərdim, mahnıları doğma olan adamı Azərbaycan tamşaçısı bir az daha yaxından tanısın. Nəsibə xanım necə insandı, necə bir ailədə doğulub, necə yetişdirilib, dəyərləri nələrdi?
– Adi fəhlə ailəsində anadan olmuşam. Biz ailədə 7 uşaq olmuşuq. Bu 7 uşağın ən kiçiyi mən olmuşam. Musiqiyə olan məhəbbəti mən elə ailədən almışam. Atamın fəhlə olmasına baxmayaraq, çox gözəl səsi olub. Evdə həmişə özbək musiqi alətləri olub. İşdən gələndə çalardı, oxuyardı. Biz də bunları görə-görə böyümüşük. Bir qardaşım da tar çalardı. Atamın doğma dostları arasında da Səmərqənddə yaşayan azərbaycanlı musiqiçilər olub. Hətta atamın və anamın toyunda Azərbaycan musiqiçiləri ifa ediblər. Gəlini də Azərbaycan musiqisi ilə gətiriblər. Həmişə yeni plastinka çıxanda atam necə olsa, tapıb gətirərdi. Özbək musiqisi ilə Azərbaycan musiqisi paralel gedirdi ailəmizdə. Hamımız çox sevirdik Azərbaycan musiqisini. Dəyərlərə gəldikdə isə Nəsibə üçün ən böyük dəyər insanlıqdı. İnsanın əldə edə biləcəyi var-dövlət həqiqi dostlarının olmasıdı. Mənim övladlarım, nəvələrim mənim dəyərlərimdi.
– Sizi həyatda üzən nələr olur?
– Həyatdı da, insanı incidən hər şey ola bilər. İnsanı həyatda incidən də, sevindirən də elə insan olur. Mən hesab edirəm ki, insanı sözlə incidən olanda çalışasan ki, bunu ürəyində saxlamayasan, tez barışasan və unudasan.
– Yaradıcı adamlar çox həssas olurlar. Siz bu incikliyi necə yaşayansınız? Mahnı oxumaq sizi yüngülləşdirir, yoxsa oxumaq və ya heç kimi görmək istəmirsiniz?
– Bəlkə, bir-iki gün mənə yalnızlıq və sükunət lazım olacaq. Şikayət eləməyi xoşlamıram. Gərək məni rahat buraxsınlar ki, mən özümə gəlim. Fikirlərimi səhmana salım. Ondan sonra musiqi... Mən yığıram dəstəni və başlayırıq məşq etməyə. Elə bil bu dünyanı, səni incidən, incitməyən hər şeyi qoyursan bir qırağa, gedirsən başqa bir dünyaya. Mən elə bilirəm ki, yaradıcı insanlar, sənət insanlarının hamısı belədir. Necə deyim darıxandırlar. Musiqi üçün, mahnı üçün, yaradıcılıq üçün darıxırlar.
– Daim musiqinin içindəsiniz. Adi adamlar sıxılanda musiqiyə qulaq asır, yaxud kefi yaxşı olanda ona uyğun mahnıya qulaq asır. Bəs maraqlıdır ki, musiqinin içində olan adamlar olurmu ki, musiqidən baş götürüb qaçsınlar? Musiqinin sizi yoran vaxtı olurmu?
– Olur. Musiqinin yoran yox, bizim yorulan vaxtımız olur ki, elə məni rahatlatan şeyi də musiqidə tapıram. Amma həmin musiqi gərək mənim ifa etdiyim musiqi janrına yaxın olmasın. Operanı, teatrı çox sevirəm. Səyahətə getməyi çox sevirəm. Elə vaxtlarda sevdiyim şəhərləri gəzməyə gedirəm.
– Səyahətə tək çıxmağı xoşlayırsınız, yoxsa? Ümumiyyətlə, təkliyi sevənsiniz yoxsa adam içində olmağı?
– Təkliyi sevirəm və istəsəm ki, ətrafımda adam olsun, həmin adamlar qıraq adamlar olmur, ya ailəm, ya da yaxın dostlarım olur.
– Bizim sənətçilərimizlə söhbətləşəndə onlar bu uğura, məşhurluğa bu adı qazanmağa gələn yolun çox çətin olduğunu deyirlər. Sizdə necə olub, sizin ölkədə necədir sənətlə məşğul olmaq, uğur qazanmaq?
– İncəsənət olsun, başqa bir sahə olsun, həqiqi uğuru qazanmaq asan olmur. Onun arxasında zəhmət, çətinliklər var. Mən inanmaram, uğur adama asanlıqla gəlsin. Axşam yatsın səhər oyansın ki, hər şey istədiyi kimidi.
– Bir də var səhnədə, xalqın gözü qarşısında olmaq, bu sənətin gecəsi gündüzü yoxdu. Daim səhnədəsən, əhval-ruhiyyəyə baxmır.
– Düz deyirsiniz, amma biz özümüz seçmişik bu sənəti. Bunun hər tərəfini bilməliyik. Necə uğuruna seviniriksə, çətinliyinə də dözməliyik.
– Deyirsiniz ki, başqa musiqilərdə tapıram rahatlığı, kimləri dinləyirsiz yaxud şeirmi, nəsrmi oxuyursunuz?
– Şeiriyyat Şərqə məxsus bir şeydir. Mən klassik şeirləri çox sevirəm. Bizim buranın şairləri ilə yanaşı, Nəsimi, Füzuli mənim çox sevdiyim şairlərdi. Bizdən Nəvai, Babur, bizim xanım şairələrimiz olub bunların şeirlərini çox sevirəm. Musiqidə isə Rəşid Behbudov, Müslüm Moqamayev, Akif İslamzadə, Flora Kərimova, Zeynəb Xanlarovaya Özbəkistanda da qulaq asmayan ailə yoxdu.
– Çox sakit insan təsiri bağışlayırsınız. Bu görünüşün arxasında necə bir xarakter var? Məsələn, sizi özünüzdən nə çıxara bilər?
– İnsanın özü haqqında danışmağı çox çətin məsələdi, xüsusilə də xarekteri barədə. Demək olar ki, sakit insanam. Amma vəziyyət onu tələb edirsə, Allah qorusun, mənim yaxınlarıma zərər gələcək və incidərlərsə, bilirəm ki, o sakitlikdən heç nə qalmayacaq. Gərək olsa, canımı verərəm. Başqasından bir şey gözləməkdənsə, özümdən gözləyirəm hər şeyi. Özümə inanıram deyə bilmərəm, çünki hamımız yaradanın əlindəyik. Bu gündən sabaha nə olacağı bizə bağlı bir şey deyil. Hər vəziyyətdən çalışıram öz gücümə çıxım.
– Həm də anasınız, nənəsiniz. Həm sənətlə məşğul olmaq, həm uşaqlar, nəvələr... Onları bir ömrə necə sığışdırmısınız? Əksiklik yaşamısınızmı?
– Sənətə görə əksikliyi mənim uşaqlarım yaşayıblar. Analarını istədikləri vaxt yanlarında görə bilməyiblər. Kim deyirsə, ailəni də sənəti də bir ömrə sığdırıb hamısını eyni keyfiyyətdə aparmaq olar, buna mən inanmıram. Öz həyatımdan deyə bilərəm ki, mümkün deyil. Sənətdə uğur qazanmağım ona görə olub ki, vaxtımın çoxunu sənətə vermişəm. Buna görə uşaqlarım əksiklik yaşayıblar, bunu mənim üzümə demirlər, indi hiss edirəm bunu. Hiss edirəm, deyirəm ki, kaş uşaqlar körpə olanda onların yanında olaydım. Sənət çox böyük qurbanlar tələb edir.
– Az da olsa peşman olduğunuz vaxt olub?
– Yox, əgər mən hiss eləsəydim ki, sənətə görə uşaqlarımı itirmişəm, bəlkə, onda çox peşman olardım. Sənət və uşaqlar arasında seçim etmək lazım olsa, əlbəttə ki, mən övladlarımı seçərdim. Bilsəydim ki, mən sənətə görə onları və ya onların sevgisini itirməli olacam, o zaman peşman olardım. Amma peşman deyiləm. Sənəti də yürüdə bildim, uşaqları da. Böyüyüb elə övladlar çıxdılar ki, mən xoşbəxtəm. Nəvələr tamam ayrı məsələ. Atam-anam deyəndə ki, nəvəni övladdan da çox istəyirsən, mən inanmırdım. Cavan idim fikirləşirdim ki, necə olur övladından çox kimi istəyə bilərsən, ola bilməz. Nənə olanda başa düşdüm ki, valideynlərim düz deyiblər. Nə qədər övladını istəyirsən, övlad üçün canını verməyə hazırsan, nəvə olanda övlada olan məhəbbət qalır bir qıraqda. Fikirləşdim, analiz elədim ki, nəyə görə belədi. Özüm üçün belə bir cavab tapdım ki, övlad böyüdəndə cavan olursan. Analığın ya atalığın məktəbi yoxdu. Övladı böyüdüncə özün də böyüyürsən. Bütün çətinlikləri ilə bərabər onların böyüməyindən həm də həzz alırsan. Nəvənin qiyməti daha da yuxarıdı. Nəvəyə çatmaq üçün gərək çox zəhmət çəkəsən. Nə mənada zəhmət, bir şəxsiyyəti dünyaya gətirib, böyüdüb boya başa çatdırırsan ki, bir ata yaradırsan, bir ana yaradırsan. Ondan sonra bir mükafat kimi Allah sənə bu nəvəni verir.
– Məişətlə aranız necədir? İş-güc, bişirib-düşürmək...
– Aram yaxşıdır, təki vaxt olsun. Vaxtım olmur ki, həmişə hər işi özüm görüm. Gəlin də işləyir. Bizim köməkçilərimiz var. Amma ailənin ən çox sevdiyi yeməkləri ancaq mən özüm hazırlayıram. Ailə üçün bayram olur ki, mama bu gün evdədi. Nəvələr bağçadan, məktəbdən gələndə qapıdan deyirlər ki, bu gün yeməyi nənə bişirib. Deyirəm hardan bilirsən? Ya atası soruşur ki, hardan bildin? Deyirlər ki, yeməyin iyindən bildim. Azərbaycan plovu olsun, dolmalarımız olsun, qutabdı, düşbərədi, paxlavadı bunlar hamısı mənim hazırladığım şeylərdi.
– Nəsibə xanım, dini baxışınız necədi, bilmək olar?
– Dini baxış barəsində heç vaxt insanların arasında və ya müsahibələrdə danışmağı sevmirəm. İnsanın yaradanla şəxsi əlaqəsi var. İnsanın bu dini görüşlərini, dini hisslərini başqalarının içində ifadə etməyi düzgün hesab etmirəm.
– Yaradıcılıq sizə şövq verir, daha gözəl oxuyursunuz. Bəs sevgi işin harasında dayanır? Sevgisiz yaradıcılıq alınarmı?
– Bəzən yaradıcı insana dərd də lazımdı. Ürəyin ağrıyan zaman elə olur ki, bir əsəri elə ifa edirsən ki, sonra deyirsən, bəlkə, o hissdə olmasaydım ifa bu cür alınmazdı. Ona görə də sevgi olsun, ağrı olsun, dərd olsun, yaradıcı insana hissiyyat lazımdı.
– Elə bir mahnınız varmı ki, sizə daha doğmadı? Ağrılardan yaranıb...
– Belə bir mahnı var, amma deyə bilmərəm o mənim mahnımdı. Anam rəhmətə gedən vaxtda bizim cavan dünyasını dəyişən sənətkar dostumuzun xatirə gecəsi oldu. Onunla dostluq edənlər, onu ustad bilənlər mahnılarını oxuyurdular. Mənə 7 dənə mahnı gətirdilər. Gördüm ki, 7 mahnının içində qadın oxuya biləcək mahnı yoxdu. Birini seçdim. Sözlərinin bəzi yerlərini dəyişdirdim ki, qadının adından düzgün olsun. Studiyada hələ yazmamışdıq. Anam çox xəstələndi həmin vaxt. Mən hər şeyi atıb getdim Səmərqəndə. İki ay anamın yanında oldum. Ondan sonra rəhmətə getdi anam. Qayıtdığım zaman yoldaşlarım qorxa-qorxa dedilər ki, xatirə gecəsində çıxış edəcəksən. Əgər xatirə gecəsi olmasaydı, başqa bir konsert olsaydı insanın ürəyinə sığmaz şənlik, çörək qazanmaq. Qorxa-qorxa dedilər ki, birdən inciyər eləyər, mən nə dərddəyəm, siz məndən konsertdə ifa etməyimi istəyirsiniz. Nədənsə dedim ki, bizim vaxtımız çatacaq konsertə. Dedilər ki, vaxtımız var. Əgər gücün varsa, gedək studiyaya. Getdik yazdıq mahnını. Oxuduqca dərd gəldi, ağlamaq gəldi. Keçdi bu xatirə gecəsi. Səhnəyə çıxıb dostumuzun xatirəsinə mahnını oxuyarkən beynimdən bir fikir keçdi ki, dünyanın işinə bax, iki-üç həftə öncə mən elə bildim ki, dünya dağıldı və mən yaşaya bilmərəm. Anam əlimdə can verdi. Və həyat necə davam edir. O getdi, amma mən yaşayıram, səhnədəyəm. O gedib soyuq yerdə yatıb, amma mən oxuyuram, çıxmışam tamaşaçının qabağına. Necə oldusa, mahnını birtəhər qurtardım. Ağlaya-ağlaya çıxdım getdim səhnədən. Ondan sonra bir neçə ay mahnıya heç qulaq asa da bilmədim. Oxumaq da istəmədim. Sonradan özümə gəlincə başa düşdüm ki, o ağrı, başıma gələn o dərdlə mahnı da belə alındı. Orda bütün ağrı, məhəbbət var. Orda həyatın fəlsəfəsi var. Qarışdı hamısı.
– Bəs xoşbəxt günlərinizin mahnısı?
– O qədər çox mahnı oxumuşuq ki, yada salmaq çətindi. Deyəsən, "Bəri gəl". Mən, ümumiyyətlə, lirik mahnıları çox sevirəm. Amma tamaşaçı üçün hər cür mahnıları oxumalıyıq. Onlar şənlənə də bilsinlər, oynaya da bilsinlər, hüznlənə də bilsinlər.
– İnsan kimi, ana kimi, nənə kimi dost kimi sənətçi kimi xoşbəxt olmaq başqa, amma biri də var qadın kimi xoşbəxt olmaq...
– İnsan kimi, sənətçi kimi o qədər xoşbəxtəm ki, qadın xoşbəxtliyi nədir, heç bilmirəm. Fikir də vermək istəmirəm. Bəlkə, kiməsə elə gəlir ki, bu qadının əksikliyi budu. Amma mənə görə, məslək sahibi kimi, ana kimi xoşbəxtlik ən böyük xoşbəxtlikdi.
– Nəsibə xanım, maraqlıdır, özünüzə tərtib elədiyiniz bir çərçivə varmı?
– Özümün qoyduğum çərçivələr var, amma kənardan çərçivə qoyulanda məndə nə isə baş verir. Mənə çərçivə qoymaq istəyən varsa, o çərçivəni elə təqdim eləməlidir, mən elə hiss etməliyəm ki, bu, mənim özümün özümə qoyduğum çərçivədi.
– Son olaraq demək istədiyiniz bir şey varmı?
– Azərbaycana və Azərbaycan insanlarına demək istədiyim budur ki, mən onlara çox-çox minnətdaram ki, illər boyu bu məhəbbəti, bu istiliyi saxlayıblar. Mənim də onlara olan məhəbbətim çox böyükdü. Həmişə də belə olacaq. Azərbaycanı da, Azərbaycan insanlarını da çox sevirəm.
– Ürəyinizdə qalan, oxumaq istədiyiniz Azərbaycan mahnısı var?
– Belə mahnılar çoxdu, onları, əlbəttə, oxuyacam…
Oxşar xəbərlər
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 2024 13:22
- Deputat: Niyə müharibə əlillərinə mənfi cavab verilir?
21 noyabr 2024 13:55
- Dünyanın ən hündür və qısaboy xanımları bir arada - Fotolar
21 noyabr 2024 11:56
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- Onun evindən bir qılınc, iki tapança çıxmışdı... - Hüseyn Cavidi, Mikayıl Müşfiqi kim satmışdı?
18 noyabr 2024 23:35
- Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
18 noyabr 2024 19:50
Xəbər lenti
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08
Video & Fotoqalereya
Video
Fotoqalereya