Səməd Vurğunun qızı Aybəniz: Həqiqətlər, yalanlar...
Maraqlı26 fevral 2020 13:03
Hər bir qadın çiçəkdir, nəvazişdir, sevgidir, əfsanədir. Sonunda da fəza boyda xatirədir.
Bugünkü fəzamız Aybəniz Vəkilovadır. Səməd Vurğunun həyat eşqi, yeganə qız övladı Aybəniz.
Publika.az Vaqif Səmədoğlunun qızı Nigar Vəkilova ilə Aybəniz xanımı yad edir.
- Nigar, Səməd Vurğunun əziz qızı Aybənizin sizdən doğma xatirəsi qalmayıb. Gəlin, lap əvvələ qayıdaq...
- Valideynlərim ayrılanda çox kiçik idim. Yəqin təsəvvür edirsiniz, gənc qadın üçün iki azyaşlı uşaq böyütmək necə çətindir. Atamın evdə yoxluğu da məni şıltaqlaşdırırdı. Bəzən anam mənə qadağa qoyan kimi tez telefona cumub, atama zəng edirdim. Ağlaya-ağlaya gəl məni bu evdən apar, anam məni incidir deyirdim. Atam da bibimə zəng edirdi. Bibim qonşumuz idi. Tez gəlib, məni özü ilə aparırdı. Sakitləşdirib geri qaytarırdı. Bax, elə o illərdən aramızda qəribə məhəbbət yarandı. Artıq həftə sonlarını, tətilləri Aybənizlə keçirməyə başladım. Onunla birgə bağ evinə gedərdik. Çox vaxt atamla görüşlərim də Aybənizin evində baş tuturdu. İndi düşünürəm ki, yəqin atama olan aclığım məni ona daha yaxın edirdi.
Nənəm Xavər xanım varlı ailənin qızı olmuşdu. Öz zamanında ən bahalı qab-qacaqları cehiz gətirmişdi. Çoxunu da Aybənizin qızı Aygünə vəsiyyət etmişdi. Haradasa 5-6 yaşım vardı. Hər dəfə onlara gedəndə, servantda eksponat kimi qorunan həmin dəstləri götürüb, kuklalarıma çay süfrəsi açırdım. Nənəm illərdən bəri qoruyub saxladığı fosfor fincanları əlimdə görən kimi birinci bibimə hiddətlənirdi.
- Aybəniz, sənə deməmişəm, bu qab-qacağı uşağın əlinə vermə?
Həmişə də təmkinlə cavab verirdi.
- Dəymə, uşaqla işin olmasın.
- Və bu himayədarlıq ömür boyu davam etdi...
- O mənimlə şahzadə kimi, kult kimi davranırdı. Elə bir istəyim yox idi ki, Aybəniz yerinə yetirməsin. Gözəl geyinməyi, bəzək-düzəyi sevərdi. Çox zəngin bijuteriya kolleksiyası vardı. Rəfiqəmlə otağına girib pomadalarından dodağımıza çəkirdik, sırğalarını, üzüklərini gah taxırdıq, gah da sındırıb tökürdük. Sanki belə olmalı imiş kimi, səsini də çıxarmırdı. Həmişə onu Aybəniz deyə səsləyirdim. Hər dəfə də "Canbəniz” deyə cavab verirdi. Düşünürəm ki, mən onun həyatında heç vaxt yox deməyəcəyi, etiraz etməyəcəyi yeganə insan idim. Hətta qızı Aygün də bir çox məsələləri mənim vasitəmlə həll edirdi. Çünki bütün doğmalarımız əmin idilər ki, Aybənizdən xahişim də, tələbim də mütləq yerinə yetəcək. Bilirsiniz də bibimin nəvəsi Vurğun Vəkilov pianoçudur.
- Əlbəttə. Fransada yaşayır.
- Vurğun Aygünün oğludur. Hələ kiçik idi. Filarmoniyada ilk konserti təşkil olunmuşdu. Zala daxil olanda Aygün mənə dedi, dön bir bibinə bax. Aybəniz başqa sırada oturmuşdu. Boylanıb baxdım ki, çox qısa parik qoyub. Sanki başında kirpi oturub. Üzümü Aygünə çevirdim. Dedi evdən çıxana qədər yalvardım, çıxarmadı ki, mən belə gedəcəm. Yaxınlaşdım, görüşdük. Hal-əhval tutduq. Birdən dedi, Nigar, sənin indi mənə yaxınlaşmağının məqsədi nədir? Qulağına pıçıldadım ki, Aybəniz, bu parik sənə yaraşmır. Axı sən çox gözəlsən, buna ehtiyacın var?!
- Aygün dedi bunu?
- Yox. Zala girən kimi səni görəndə səksəndim.
Leyla, inan mənə, qalxdı, gedib pariki çıxardı. Gəlib, əyləşdi yerində.
- Aybəniz xanımın yanında ömür boyu güvənəcəyi, etibar edəcəyi kişi çiyni olmadı. Yalnız həyat onu tükətmirdi?
- Bilirsən, onun içərisində həm zərif ledi, həm də cəsur kişi yaşayırdı. Bir yandan çox sakit, təmkinli, baxımlı qadın, digər tərəfdən də Şüvəlanda yerləşən bağ evininin təmiri ilə özü məşğul olub, bütün ağır yükü öz çiyninə götürən güclü adam idi. 10 kişi ilə bir məclisə düşsün, onlardan çox əsalətli görünürdü. Səməd Vurğunun ev muzeyi onun sonsuz zəhməti nəticəsində ayaqda dura bildi. Bütün ağırlığı Aybəniz çəkdi. 1997-ci ildə Səməd Vurğunun 90 illik yubileyinə ümummilli lider Heydər Əliyev də gəlmişdi. Təsəvvür et, 5 dəqiqə öncə həyəcandan titrəyən Aybəniz bir anda rahat, sərbəst, sanki hər gün prezidentlə ünsiyyətdə olan qadına döndü. Heydər Əliyevə muzey haqda ətraflı məlumat verdi. Hər kəs də məmnun qalmışdı.
- İtici cəhətləri necə?
- Ziddiyyətli qadın idi. Sözü üzə deməkdən çəkinmirdi. Hər məkana görə davranmağı bacarırdı. Hansısa tədbirlərə gedirdik, zala daxil olan kimi məni unudub qonaqlarla hal-əhval tuturdu. Yaxınlaşıb ona müdaxilə edəndə, acı cavab verə bilərdi ki, sən mənim söhbətimi bölürsən. Amma heç vaxt inciməzdim, bilirdim ki, bu onun xarakteridir. Yaşa dolduqca eyni cəhəti özümdə də hiss edirəm. Çox qohumcanlı idi. Bütün bayramlarda, xüsusi günlərdə qohumları ilə zəngləşirdi. Ziyarətlərinə gedirdi. Xatırlayıram ki, tez-tez Hacı Zeynalabdinin qızı Sara xanıma yeməklər hazırlayıb aparırdı. Onu tək qoymamağa çalışırdı.
Səməd Vurğunun qızına olan vurğunluğu hamıya məlumdur. Lakin uzun illər belə bir şayiə dolaşıb ki, şair qızından küsülü köçmüşdü həyatdan.
- Aybəniz iki dəfə ailə qurmuşdu. İlk dəfə qoşulub qaçmışdı. O evlilikdən Aygün doğulmuşdu. Həyat yoldaşını çox sevsə də bu nikah pozuldu. İllər sonra ikinci dəfə ailə qurdu. Bu dəfə də muzeyin işləri, məsuliyyəti o qədər zamanını aldı ki, ailəsi diqqətdən kənar qaldı. Yenə uğursuzluqla nəticələndi. Amma bu yanlış məlumatdır. Səməd Vurğun dünyadan köçəndə, Aybəniz heç ailə qurmamışdı. Aygün 1958-ci ildə doğulmuşdu. Babam isə 1956-cı ildə rəhmətə gedib. Bu küsülülük mümkün deyil axı... Bu dedi-qoduları bibim dəfələrlə eşitmişdi, lakin önəm verməyəcək qədər güclü qadın idi.
- Amma sizi də qızından ayırmırdı...
- Bu insan bibi kimi yox, ana kimi, ata qədər, hətta onların cəmi boyda sevirdi məni. Bu məhəbbət qızı Aygündə də bəzən qısqanclıq doğururdu. Artıq 70-i haqlamışdı. Beynində durmadan böyüyən şiş aşkarlandı. Biz ona bu haqda heçnə deyib qorxutmurduq. Xəstəlikdən sonra 5-6 ay yaşadı. Demək olar, hər gün gedib baş çəkirdim. Bir dəfə Aygünlə mübahisəmiz düşdü. Dedim, bir də gəlməyəcəm. Amma necə gəlmə?! Doğmalarım, əzizlərimdirlər. 2 gün sonra yenə getdim. Aygün sevincək məni qarşıladı. Dedi, artıq heç kimi tanımır, xəbərin olsun. Girdim otağına. Özüm də ad günündən gəlmişdim. Biraz bəzəkli idim. Gözlərini mənə zilləyib baxır. Aygün də başının üstündə durub. Dedim, sən bilirsən ki, bu gün hamı sənə oxşadığımı dedi?
- Bilirəm.
- Sən heç bilirsən, mən kiməm? Əminəm ki, tanımadın. Axı çox dəyişmişəm.
(Aygün başını yelləyir ki, tanımır)
- Axmaq?
- Nə?
- Sən mənim gözəllər gözəlim Nigarsan.
Hamımız çox qəhərləndik. Qonşu otağa keçib hönkürdüm.
Bir neçə gün sonra Aybəniz dünyasını dəyişdi. Hamı göz yaşı tökürdü, hamı Aybənizə ağlayırdı. Təkcə mən susurdum. Nə baş verdiyini dərk etmirdim. Öz-özümə deyirdim, axı mən bu qədər qəddar ola bilmərəm. Nə baş verir ki, gözümdən bir damcı yaş axmır?! Son mənzilə Səməd Vurğunun ev muzeyindən yola salındı. Cənazəni muzeyə gətirdilər, bütün otaqları gəzdirdilər. Oradan da məzarlığa apardılar. Çünki bütün ömrünü o muzeyə həsr etmişdi. O məqamda atamla göz-gözə gəldik. Dedi, necəsən, Amatya? Dedim, mən dostumu itirdim. Və... o məqamda sanki yuxudan oyandım. Ağlayıb ürəyimi boşalda bildim.
- Kimliyindən asılı olmayaraq DOST itkisi ən acı yoxluqdur.
- Aybəniz həmişə yanımda idi. Hətta elçiliyimdə, qızımı birinci sinfə yazdıranda, ən vacib məqamlarımda məni tək qoymamışdı. Yadımdadır, elçiliyimdə anam ilk Aybənizə zəng etdi ki, sən də gəl. Hətta oğlan evinə razılıq vermək məqamında bir də dedi, Aybəniz razıdırsa, mən də razıyam.
- Aranızdakı məhəbbət ali duyğulardan ibarət olub.
- Mən də bacımın övladlarını çox sevirəm. Amma Aybəniz bir başqa idi. O mənə çox müqəddəs məhəbbət bəsləyirdi. Bizə həmişə birgə maraqlı idi. Ünsiyyətdən zövq alırdıq. İstənilən yaşda Aybənizlə, əsl DOSTumla söhbət mənim üçün maraqlı idi.
- Nigar, heç birimiz tam xoşbəxt sayılmırıq. Amma ayağımızın yerdən qopduğu bəzi məqamlar olur. Aybənizin ən xoşbəxt anlarını xatırlayırsınız?
- 70 illik yubileyində özünə bənövşəyi rəngdə çox gözəl milli libas tikdirdi. Dedi, mən heç vaxt gəlin paltarı geyinməmişəm. Demək bu günə qismətmiş. Çox gözəl idi həmin gün və məncə həyatının ən gözəl günlərindən biri idi. Bütün məclislərin qəlbi idi Aybəniz. Çox zəngin yumor hissi vardı. Onu həm də doğmalarına, rəhmətlik atasına olan sevgi yaşadırdı. Mənə məhəbbəti isə hüdudsuz idi. Amma hər zaman da etik çərçivəni qoruyurduq. Mənimlə uşaqlaşırdı, həyatımızı səhnələşdirirdi sanki. Eyni anda da çox tələbkar idi. Muzeydə hamı onun zəhmindən çəkinirdi. Universitetdə oxuyurdum, dedi, gəl bizim muzeydə təcrübə keç, sənə maaş yazım. Ertəsi gün yollandım muzeyə. İki gün səhərdən axşama qədər işsiz oturdum. Vaxtı ötürdüm ki, iş günü bitsin. Öyrənmək də istəmirdim. İkinci günün tamamında məni yola salanda dedi, sabah gəlmə. Səndə işləyən üz yoxdur. Dedim onu kim deyir? Dedi, mən deyirəm. Sən bura çay içməyə gəlirsən. Qayıtdım evə. Axşam zəng elədi ki, 3 aylıq maaşını verəcəm, işə gəlmə.
- Sizcə, heç ürəkdən aşiq olmuşdu?
- Birinci həyat yoldaşını çox sevmişdi. Amma Aygün atası haqda danışanda, etiraz edirdi ki, sus. Aygünsə çox emosional qız idi. Atasından hind filmlərinə xas diqqət, nəvaziş gözləyirdi. Gözləntisi doğrulmayanda da depressiyaya düşürdü. Aybəniz bu barədə çox güclü idi. Qızını xəyallardan ayırırdı ki, ya getmə, ya da mövcud münasibətlə barış.
- Ortaq cəhətləriniz var?
- Bayaq dediyim kimi, sözü acı olsa da üzə deməkdən çəkinmirdi. Atasını dəli kimi sevirdi. Anası Xavər xanımla yola getməzdi. Çox atacanlı idi. Amma heç unutmuram, xəstə yatağında ikən kürəkəni soruşdu ki, yanında kimin olmasını istəyərdin, Səmədin yoxsa Xavərin? Qəti cavab verdi ki, anamın. Bir də Aybənizin çox möhtəşəm dostları vardı. Bəziləri ilə indiyədək çox isti münasibətim var. Məşhur rus yazıçıları, şairləri onu çox sevərdilər. Robert Rojdenstvenskiy tez-tez zəng vurardı, söhbətləşərdilər.
- Dostunuz yuxularınıza gəlir?
- Hərdən gəlir. Həmişə də susur. Səhər çox böyük ümidlə, pozitiv əhvalla oyanıram. Amma rəhmətlik Aygünü görəndə, çox üzülürəm.
- Aygün xanımın dünyadan köçdüyünü bilmirdim.
- Təəssüf ki, o da 2015-ci ildə xərçəngdən dünyasını dəyişib.
- İkinizin daha çox xatirələrini dinləmək istəyirəm...
- Birdən zəng edirdi. Bu gün bizim günümüzdür, səni kafeyə dəvət edirəm. Geyinib, keçinib onu gözləyirdim. Hər dəfə mütləq çox sevdiyim tomat şirəsi alırdı mənə. Bir dəfə trolleybusa mindik. O da ucadan oxumağa başladı. Dedim, sakit ol, olmadı. İkinci dəfə dedim, susmadı. Sonunda dedim, Aybəniz, sən məni biabır edirsən. Çox kiçik idim. Sonralar bu xatirəmizi tez-tez yada salardıq...
Ay bənizli xatirələr...
- Rəfiqəmi aldatmışdım ki, bağımızda düyü bitir. Birlikdə gəldik düyü yığmağa. Dostumun paltarlarını geyindik, çantasını götürüb bostana istiqamət aldıq. Düyüdən başqa hər şey yığdıq bostandan və özümü göstərmək istədim. Tez evə qaçdım və dostuma dedim ki, nahara bizi yalnız "Xanımlar, buyurun evə gəlin. Yeməyiniz artıq hazırdır” deyə səsləsin. Nahar vaxtı yaxınlaşanda dostumun səsi gəldi – "Nigar, evə gəl”. Çaşıb qaldım, axı mən ona tapşırıq verdim ki, bizi necə çağırsın. Bir dəqiqədən sonra eşitdim "A yox e!!! Xanımlar, buyurun evə gəlin. Yeməyiniz artıq hazırdır. Nigar xanım, kompotu da içəcəksiniz”. Dönüb rəfiqəmin üzündə olan təəccübü görəndə özümü qazanclı hiss etdim. Nə qazandım? 7 yaşlı uşağın sözünə qiymət verən və onu yerə salmayan doğma müttəfiq.
Çox vaxt bağ evində birgə qalırdıq. Hər gün nahardan sonra mütləq yatmalı idim. Bütün uşaqlar kimi günün bu hissəsini sevmirdim və mümkün qədər vaxtı uzadırdım. Günlərin birində nahardan sonra yatağıma girib yuxudan əvvəl çay istədim:
- Mənə çayı mürəbbə ilə gətir.
- İlahi, şahzadə xanım yatağına çay buyurub! Əlbəttə!
Dostum çaydan sonra yatmağımın xatirinə tez mətbəxə tərəf cumdu. Bir neçə dəqiqədən sonra əlində məcməyi, oynaya-oynaya içəri girdi.
Məcməyidə büllur qabın içində ən çox sevdiyim çiyələk mürəbbəsi, qırmızı nəlbəkidə balaca Günəşə bənzəyən doğranmış limon, fincanda çay vardı.
Bu da çayınız, əla həzrətləri- deyib mənə tərəf gəlirdi. Gözəl üzünü təbəssüm bürümüşdü. Elə o məqamda simam dəyişirdi. Dram əsəri oxuyan aktrisa kimi soruşdum:
- Что ты мне принесла??? (Nə gətirmisən mənə?)
- Как это что? То, что вы просили Ваше величество, - чай с вареньем! (Neçə yəni? İstədiyinizi gətirmişəm, mürəbbəli çay) Dostum mənə təəccüblə baxdı.
- Я не такой чай просила, я тебя просила книжку «Чай с вареньем»!!!!!! (Mən bu çayı demirdim. "Mürəbbəli çay” kitabını istəyirdim!!!) Ürəyim az qalırdı partlasın.
- Bilirsən nə var??? Я тебе принесу эту книгу, но как тебе не стыдно?! Я заварила тебе чай, открыла банку твоего любимого варенья... Пей немедленно (Mən sənə kitabı da gətirəcəm, amma utanmırsan? Çay dəmləmişəm, sevdiyin mürəbbəni gətirmişəm. Tez iç.)
Əlbəttə çayı sevimli mürəbbəmlə içdim, kitabımı da oxudum. İllər keçib. Hələ də çiyələk mürəbbəsini lap çox sevirəm... Amma dadı çox dəyişib. Sanki o çiyələklərdən deyil....
Və nəhayət əfsanəvi dostumun ən sevdiyi xatirələrdən biri.
Yenə da bağımız. Yenə də günorta, yenə də o zalım gündüz yatmaq vaxtı. Ay başına dönüm, nə yatmaq? Yatmalısan deyirsə, yatmalısan. Özü də yanımda uzanıb yatdı. Mən də bu əzabdan qurtarmalıydım özümü və başladım dostumu söyməyə. Söyüşlər bitəndən sonra özüm də bilmədim necə yuxuya getdim. Oyananda gördüm ki, yenə də yanımdadır. "Heyif... Amma biz indi çantamızı yığıb gedirik şəhərə”, - dedi.
- Niyə axı?
- Çünki mən mürgüləyərkən pis sözlər eşitdim. Sən burda qalsan, pis sözlər eşidə bilərsən. Bəlkə sən bilirsən kim idi?
- Həəəə, bilirəm!
- Məncə, düşərgədə qalan tərbiyəsiz uşağın işidir... Amma sən narahat olma, mən ona deyərəm ki, daha evimizin yanına gəlməsin.
- Yox! Qoy gəlsin, amma söyüş söyməsin.
- Yaxşı!
- Və bir də sənə söz verirəm ki, gündüzlər yatacam. İndi qala bilərik bağda?
Təbii ki, şəhərə qayıtmadıq. Sonralar da hər il gedib qalırdıq. Dostuma verdiyim sözlərimdən birini tutdum – indi gündüzlər yatmağı xoşlayıram. Lakin o düşərgədə qalan uşaqdan əl çəkə bilmədim – hərdən söyüş söyürəm.
(gülürük)
Belə xatirələrimiz çox olub...
Məni fərəhləndirən, sındırmayan, sevən və sevməyi öyrədən dostum...
Mənimlə səmimi olduğuna görə, mənə həmişə hörmət etdiyinə, saf və sərhədsiz duyğularla yanaşdığına, səninlə bağlı bütün xatirələrə görə, mənə hər kəsin yanında "mənim gözəllər gözəli Nigarım” dediyinə görə bu gün sənə təşəkkürümü bildirmək istəyirəm. Bir anlıq da olsa, həmin günlərə qayıtmaq istərdim. Sənə "Aybəniz” dediyim an mənə "Canbəniz” deməyini eşitmək istərdim.
Bitməz məhəbbətlə, Nigar Vaqif qızı.
Oxşar xəbərlər
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 2024 20:12
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 2024 19:47
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Yeni həyat şəhəri – Ağdam
21 noyabr 2024 13:10
- Prezident onları hakim təyin etdi - Sərəncam
20 noyabr 2024 09:28
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu – YENİ MƏHKƏMƏ BAŞLAYIR
16 noyabr 2024 11:05
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 2024 21:16
- Sirri 1945 ildən sonra açıldı: Bu insanlar kimdir? (ARAŞDIRMA)
10 noyabr 2024 16:43
- SSRİ-yə qarşı qurulan məxfi təşkilat: İLDIRIM necə ifşa olundu? (VİDEO)
4 noyabr 2024 13:29
- Azərbaycanın yeganə qızlar məktəbinə direktor təyin edildi
4 noyabr 2024 12:20
Xəbər lenti
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
Video & Fotoqalereya
Video
Fotoqalereya