Nərimanov Şaumyana niyə yalvarmışdı: Dəhşətli məktublar...
Mədəniyyət3 oktyabr 2019 13:19
Yazıçı Kənan Hacının "Hacı İsgəndər" romanından bir hissəni təqdim edirik:
...Hacı İsgəndər bu məktubu 1920-ci ilin noyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Ruhulla Axundova yazmışdı. Azərbaycanda artıq Sovet Hakimiyyəti qurulmuşdu. Cümhuriyyət süqut etmişdi, hökuməti quranların bəzisi qaçıb canını qurtarmış, ələ keçənlər isə qətlə yetirilmişdi. Cümhuriyyət qurucularının ailələri Sibirə və uzaq məmləkətlərə sürgün edilmişdi. Ermənilərin əlinə fürsət düşmüşdü, Hacı İsgəndər kimilərini bir-bir həbs edib güllələyirdilər. Hacı İsgəndəri bir neçə dəfə Xüsusi şöbəyə aparıb dindirmişdilər. Hacı eyni suallara cavab verməkdən zinhara gəlmişdi. Onu sorğu-sual edənlər ermənilər idi. Ondan soruşurdular ki, silahlı dəstələr yaratmaqda sənə kimlər kömək edirdi? Hacı İsgəndər heç kəsin adını çəkmirdi, "dəstələri özüm yaratmışam, günahsız insanları ermənilərin vəhşiliyindən qorumaq üçün döyüşmüşəm və özümü heç nədə günahkar bilmirəm" deyirdi. Hiddətdən rəngi qaralan erməni müstəntiq qarşısındakı bu dəmir iradəli adamı güllələmək üçün fürsət gəzirdi. Qarşısında qaya kimi adam oturmuşdu, müstəntiq Hacı İsgəndərin zəhmi qarşısında özünü itirmişdi, sözünü-danışığını itirmişdi. Tezliklə bu adamdan xilas olmaq istəyirdi, ona tapşırılmışdı ki, bu adamı dindirib cinayətkar kimi istintaqa təhvil versin. Canını dişinə tutub suallar verirdi, amma Hacı İsgəndər dəmir məntiqi ilə onun suallarını göyə sovururdu. Müstəntiqi soyuq tər basmışdı, tez-tez kitelinin cibindən yaylıq çıxarıb üzünün tərini silirdi. "Delo"nu hirslə bağlayıb seyfə tulladı və ayağa qalxdı.
"Gedin, gedin, xahiş edirəm. Çağıranda yenə gələrsiniz. Gedin".
Hacı İsgəndər ayağa qalxıb istehza ilə əllərini arxasında tutub pəncərədən çölə baxan müstəntiqi süzdü.
"Vallah, sizə lap yazığım gəlir. Bacarmadığınız işi sizə tapşırıblar. Gərək bağışlayasınız, sizə kömək edə bilmirəm...".
Müstəntiq əsəbdən yumruqlarını sıxdı, amma geri çevrilmədi. Hacı İsgəndər otaqdan çıxandan sonra çevrilib yumruğunu var gücü ilə masaya çırpdı.
***
Sovet Azərbaycanında görkəmli ictimai xadimlərin, vətən fədailərinin qara siyahısı Kremldə hazırlanırdı. Ruhulla Axundov bu soyqırımın qarşısını almaqda aciz idi. Hacı İsgəndərin məktubu Ruhulla Axundova çatanda məktubu üç dəfə oxudu, ayağa qalxıb kabinetində gəzişməyə başladı. Dişi bağırsağını kəsirdi, ermənilərin məkrinə yaxşı bələd olsa da, səsini çıxara bilmirdi. Onu şovinizmdə ittiham edib partiyadan xaric edə bilərdilər. Ruhulla pəncərədən tutqun payız axşamına baxa-baxa dərin xəyala daldı. O fəlakətli günlərin acısı hələ də ürəklərdə qövr edirdi. Ruhulla xatırlayırdı: Ermənilər Bakının mərkəzində azərbaycanlıları qanına qəltan edəndən sonra Abşeron kəndlərinə daraşdılar. Təpələrdə top qurub evləri atəşə tutdular. Camaat Maştağaya, Buzovnaya, Şüvəlana üz tutdu. Həmin vaxt Hacı İsgəndər Təmənis tərəfdə səngərlər qazdırıb düşmənə qarşı müqavimət göstərir, şücaətlə döyüşürdü. Onun adı hər yerdə vahimə saçırdı. Ruslar, ermənilər Bakının dörd bir tərəfini kabus kimi gəzib-dolaşan bu xalq qəhrəmanının əlindən dincliyini itirmişdi, gecələr yorğan-döşəklərində belə, rahat yata bilmir, hər dəqiqə tər-qan içində diksinib oyanır, qapı-pəncərənin möhkəm bağlanıb-bağlanmadığını dönə-dönə yoxlayırdılar.
Ruhulla bir neçə gün bundan əvvəl doğulduğu kəndə, Buzovnaya getmişdi. Cümə məscidinin yerləşdiyi məhəllədən dəmiryol stansiyasına piyada qalxdı. Qatar Qızılqum stansiyasından keçəndə atasıyla bu tərəflərə sarı qum aparmağa gəldiyi illəri xatırladı. Atası üzünü qarşıdakı təpəyə tutub salavat çevirərdi. Sonralar bildi ki, vaxtilə həmin təpədə Abşeronu ermənilərin hücumlarından qorumuş türk əsgərlərindən bir neçəsi dəfn olunubmuş.
Rusiyanın Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissarı Stepan Şaumyan və Bakı Sovetinin sədri Prokofi Caparidze daşnaklarla əl-ələ verərək martın 30-da Bakını azərbaycanlılardan təmizləməyə başladılar. Üç gün ərzində şəhərdə on beş min azərbaycanlı öldürüldü. Erməni quldur dəstələri Bakı komissarlarının tərk-silah etdikləri müsəlman məhəllələrinə soxulur, evləri yandırır, uşaqları valideynlərinin gözü qarşısında oda atır, südəmər körpələri süngüyə keçirirdilər. Qızları, gəlinləri hörüklərindən bir-birinə bağlayıb eybəcər hala saldıqdan sonra diri-diri basdırırdılar. Nə idi bu biçarələrin günahı?!
Şaumyan və Caparidzenin istiqamətləndirdikləri "döyüş əməliyyatlarında" onların məsləkdaşları Arsen Əmiryan və Qriqoru Korqanov "şəxsi nümunə" göstərirdilər. Martın 30-da İsmailiyyə binasının yandırılması əməliyyatına Əmiryan başçılıq etmişdi. Şamaxıda və Qubada əllidən çox kənd Korqanovun bilavasitə iştirakı ilə talan edildikdən sonra yandırılmışdı.
Şaumyan və onun quldur dəstəsi mart hadisələri zamanı milli-demokratik qüvvələrin Bakıdan uzaqlaşmasına nail oldular. Üzeyir Hacıbəyli İrana getməyə məcbur oldu. 1918-ci il aprelin 1-də ermənilər Azərbaycanın böyük şairi Hüseyn Cavidin qaldığı "Təbriz" mehmanxanasının qapısını sındırıb içəri soxuldular. Mehmanxanadakı altmış nəfər müsafirin içində Hüseyn Cavid və bir nəfər də başqası tam təsadüf nəticəsində sağ qaldılar. Hüseyn Cavid məcbur olub Ənzəliyə yol aldı. Çünki həmin vəziyyətdə Bakıda qalmaq son dərəcə təhlükəli idi. Yaxşı ki, o vaxt Quzey və Güney Azərbaycan arasında tikanlı məftillər yox idi...
Mart hadisələrinin başlanmasına üç-dörd saat qalmış Nəriman Nərimanov öz evində Şaumyanın iştirakı ilə iclas çağırmışdı. Ruhulla Axundov da həmin iclasda iştirak edirdi. İndi pəncərədən qüssəli payız axşamını seyr edərkən həmin gərgin iclasda gedən söhbətləri xatırlayırdı. Nəriman Nərimanov təsirli nitqində qəfildən üzünü Şaumyana tutub dedi:
"Yoldaş, siz də, mən də müsəlmanların halını bilirik. Hərgah bir iğtişaş başlansa, ayaq altda qalan fəqir-füqəra olacaq ki, siz də, mən də onun yolunda işləyirik. Ona binaən mən sizdən təvəqqe edirəm, sizə yalvarıram, bu işi sülh ilə qurtarasınız".
Şaumyan Nərimanovu arxayın etmişdi, heç bir qırğının baş verməyəcəyinə inandırmışdı. Nərimanovun ən böyük səhvi bu iblisə inanmağı idi. Həmin dəqiqələrdə isə Şaumyan Naxçıvanda müsəlman qanına susamış Andronikə belə bir teleqram göndərmişdi:
"Xalq rəhbəri Andronikə.
Sizin şəxsinizdə əsl xalq rəhbərini öz tərəfimdən alqışlayıram. Sizin bayrağınız altında vuruşan bütün igid döyüşçülərə salamımı yetirin. Rusiya hakimiyyətinin güclənməkdə olan köməyinə arxalanan Bakı proletariatı Kürdəmir və Ağsu istiqamətlərində türk-bəy quldur dəstələrinə qarşı qəhrəmancasına mübarizə aparır. Bizə lazımi kömək göstərmək imkanınız olsa, buna şad olaram".
Əlbəttə, Andronik Şaumyanın xahişini dərhal yerinə yetirmişdi. Lakin daşnak dəstələri türk və Azərbaycan milli ordusunun vahid zərbəsi ilə darmadağın edildikdən sonra tayqulaq Andronik qorxusundan dünyanın o başına - Amerika qitəsinə, Kaliforniyaya qaçmışdı. Şaumyanın izi isə son illərdə deyildiyinə görə, Hindistana gedib çıxırdı.
Mart qırğını baş verdikdən bir neçə gün sonra çarəsiz və aldanmış doktor Şaumyana və Caparidzeyə məktub yazmışdı. Məktubda deyilirdi:
"...siyasi müharibə axırda milli müharibə yolu olubdur. Bu əhvalat Şura hökumətinə ləkə salıbdır, onu qara örtüklə bürüyür. Hərgah siz bu yavuq vaxtda qara örtüyü cırıb bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir".
Bütün bu acı, göynərtili xatirələr Ruhullanın ürəyini sıxırdı, ruhunu didirdi. İndi də xalqı qanına qəltan edən gavurlara qarşı döyüşən xalq qəhrəmanlarını aradan götürmək istəyirlər, deyə düşündü. İsgəndəri bu zatıqırıqların əlinə vermək olmaz, nə yolla olur-olsun, onu xilas eləmək lazımdır. Yoxsa girəvəyə salıb onu da güllələyəcəklər. Cəld masa arxasına keçib mürəkkəbli qələmi götürdü və qarşısına kağız çəkib yazdı:
"Maştağa rayon XDİK-ın İstintaq İdarəsinin rəisinə.
Sizdən təvəqqe edirəm ki, Buzovna qəsəbəsinin sakini, Sovet hökumətinin sadiq dostu, kənd camaatının ağsaqqal kimi hörmət bəslədiyi İsgəndər yoldaşı istintaqdan azad edəsiniz. O, xalq maarifinə xidmət etməklə Sovet quruculuğu işində fəal iştirak edən namuslu bir insandır, bolşeviklərin dostudur. Şura hökumətinin bu cür kadrlara gələcəkdə çox böyük ehtiyacı olacaqdır".
AK(b) PMK-nin
şöbə müdiri Ruhulla Axundov.
Yazdığını diqqətlə oxudu və qol çəkib möhür vurdu. Köməkçisini çağırıb məktubun aidiyyəti yerə göndərilməsini tapşırdı. Köməkçisi otaqdan çıxandan sonra kresloya söykənib dərindən nəfəs aldı.
Oxşar xəbərlər
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 2024 21:42
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Deputat: Niyə müharibə əlillərinə mənfi cavab verilir?
21 noyabr 2024 13:55
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
5 noyabr 2024 10:37
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
1 noyabr 2024 16:37
Xəbər lenti
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
Video & Fotoqalereya
Video
Fotoqalereya