Qulu Məhərrəmli: “Jurnalistika ruh, vicdan və ləyaqət tələb edir…”
Tanınmış jurnalist və publisist, media eksperti, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmlinin İlkxeber.org saytına müsahibəsi
“Azərbaycan mətbuatı həqiqəti və xalqın ictimai ideallarını ifadə etdiyi dövrlərdə güclü olub”
– Qulu müəllim, Azərbaycan jurnalistikasının dünəni, bu günü, sabahı haqqında sizin fikirlərinizi bilmək maraqlı olardı. O vaxt baş verənlər mətbuatda necə təqdim olunurdu, bu günkü təqdimat nə dərəcədə qənaətbəxşdir, sabaha gedən yol nələr vəd edir?
– Çox geniş sualdır, cavab ciddi təhlil tələb etsə də, bəzi şeyləri demək olar. Jurnalistikanın dünəni bəllidir və 140 illik tarixə rentgenlə baxanda mətbuatımızın mənzərəsi aydın görünür. Dünənə münasibətdə bunu deyə bilərəm ki, Azərbaycan mətbuatı həqiqəti və xalqın ictimai ideallarını ifadə etdiyi dövrlərdə güclü olub. Bu gücün mənbəyi azadlıqda və xalq ideallarına bağlılıqda idi. Xüsusən, XX əsrin 20-ci illərinə qədər mətbuat, həqiqətən xalqın ictimai tribunası rolunu oynayıb. Bəlkə də xəbərçilik istiqaməti aktiv və differensial olmayıb, amma fikir, ideya, milli axtarış və əhalini maarifləndirmək baxımından cəmiyyətin önündə dayanıb.
28 may işğalından sonra bolşeviklər milli mətbuatın azadlığını və gücünü əlindən alaraq onu ideoloji alətə çevirdilər. Sovetlərin totalitar sistemi üçün qəzetlər, daha sonra radio və televiziya təbliğat-təşviqat vasitəsi idi. Amma o dövrdə cəngəllik içində çiçək kimi görünən “Qobustan” jurnalı da çıxırdı. M.S.Qorbaçovun “yenidənqurma”sı və aşkarlıq siyasəti başlayanda xalq hərəkatı geniş vüsət alanda, qadağanlar üzərinə işıq seli düşəndə mətbuat yenidən xalqın sözünü deməyə, ölkənin və cəmiyyətin üst-üstə yığılıb qalmış problemlərini çözməyə başladı. Həmin dövrdə cəmiyyətin informasiya aclığı, medianın həmin aclığı ödəmək üçün çalışması, ictimai müzakirələrin və tənqidin artması, medianın sosial-mədəni gücə çevrilməsi göz qabağında idi.
– Bəs mətbuatımızın həmin gücü indi niyə yoxdur?
– Bunun min bir səbəbi var. Ötən əsrin 90-cı illərinin ortalarına qədər Azərbaycanda müstəqil mətbuat, demək olar ki, özünün ən yaxşı dövrünü yaşayıb və media Azərbaycanın müstəqilliyinin, eləcə də demokratiyanın real, göz qabağında olan konkret nailiyyəti kimi qiymətləndirilib. Vəziyyətin dəyişdiyi 2000-ci ilə qədər media özünü birtəhər saxlaya bilib. Amma o tarixdən sonra mediada ciddi böhran da başlayıb və bugünədək davam edir. Mətbuat Şurası və KİVDF kimi xoş niyyətlə yaradılmış qurumlar həmin böhranın qarşısını ala bilməyiblər. Bu böhranın acınacaqlı nəticələrinin ortada olduğu bir vaxtda mətbuatımızın gələcəyi ilə bağlı nikbin nəsə düşünmək və demək gülünc olardı.
– SSRİ dövründə Azərbaycan mətbuatı tam olaraq sözünü deyə bilirdimi?
– Mən bir az əvvəl sovet dövründə xalqın düşüncəsindəki işığı uzun müddət saxlaya bilmiş “Qobustan” jurnalının adını çəkdim. Mədəniyyət və incəsənət toplusu olmasına baxmayaraq, burada qoyulan problemlərə yanaşma tərzi, dil, üslub, mövzu məsələsi digər sovet nəşrlərindən ciddi şəkildə fərqlənirdi. 1988-ci ildən sonra Azərbaycanda azadlıq yelləri əsməyə başladı. Bu yenilik havası daha çox Məmməd İsmayılın rəhbərlik etdiyi “Gənclik” jurnalında, fəaliyyətinin yüksək dövründə “Molodyoj Azerbaydjana” və 80-ci illərin axırlarında gözəl yazıçımız Bayram Bayramovun rəhbərlik etdiyi Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” qəzetlərində hiss olunurdu. Sabir Rüstəmxanlının redaktorluq etdiyi həmin qəzet xalqın düşüncəsinə vurulmuş köləlik zəncirlərini qırmaqda ciddi rol oynadı.
– Hər halda bu nəşrlərdə çalışanlar Sovet mətbuatının peşəkarlıq məktəbini keçmişdirlər…
– Ruh, vicdan, milli təəssübkeşlik olmasa, dediyiniz o peşəkarlıgın bir qəpiklik əhəmiyyəti yoxdur. Bəli, Sovet mətbuatı müəyyən mənada peşəkar idi, amma azad deyildi. Mətbuat yalnız azad, müstəqil olduğu halda cəmiyyətə, ictimai düşüncəyə fayda verə bilər. Partiyanın əlində təbliğat aləti olan sovet mətbuatı daha çox kommunizm ideyalarını yayırdı, imkan verilmiş səviyyədə tənqid də edə bilirdi. Ayrı-ayrı adamlara deyil, mücərrəd də olsa ümumi maraqlara xidmət edirdi, hətta bəzi faydalı işləri də vardı. Məsələn, o dövrdə elm, mədəniyyət, sənət, təhsil məsələləri yaxşı işıqlandırılırdı. Azərbaycan dilinin inkişafına, ədəbi normaların qorunmasına ciddi diqqət göstərirdi, ədəb qaydaları və etik ölçülər sərt şəkildə qorunurdu. Amma bunlarla yanaşı, sovet dövrünün mətbuatına azad, xalq iradəsinin ifadəçisi demək olmazdı.
– Sizcə, bu gün bizdə mətbuat azadlığı varmı? Vardırsa, bəs niyə ötən həftə Dünya İqtisadi forumu Azərbaycanı mətbuat azadlığı reytinqinə görə 140 ölkə arasında 133-cü yerdə olduğunu elan edib.
– Bu, çox məyusedici statistikadır, çünki istənilən ölkədə mətbuat azadlığı demokratiya və insan haqlarının vəziyyətinin göstəricisidir. Bu gün Azərbaycanda mətbuat azadlığı sahəsində ciddi problemlərin olduğunu danmaq olmaz, 10-15 il əvvəllə müqayisədə bu sahədə hüdudlar daralıb. Görünür, dediyiniz qurum son illərdə ölkədə müstəqil və tənqidçi qəzetlərin qapadılmasını, bir neçə jurnalistin və blogerin həbs ediloməsini, bəzi saytların bloklanmasını əsas götürərək mətbuat azadlığı indeksinə görə Azərbaycanın gerilədiyini bildirib. Amma bu sahədə vəziyyət ümidsiz də deyil, internetin geniş imkanları və sosial şəbəkələr bu sahədəki boşluqları hələlik doldura bilir.
Bir də sizə deyim ki, əslində dünyanın çox yerlərində söz və mətbuat azadlığına gizli və ya aşkar basqılar var. Yəni istər avtoritar, istərsə də demokratik hakimiyyət olsun, heç biri öz üzərindəki icimai nəzarətçi olan medianı sevmir. Xüsusən korrupsiyaya bulaşmış hakimiyyətlər müstəqil və “hər şeyə başını soxan” jurnalistlərdən zəhləsi gedir. Ona görə də baxın, son ildə qonşuluğumuzdakı ölkələrdə, eləcə də Avropada nə qədər jurnalist öldürülüb, nə qədər qələm adamı başqa ittihamlarla həbsxanalara atılıb. Yəni korrupsiya artdıqca, hakimiyyət hərisliyi çoxaldıqca, ictimai nəzarəti qəbul eləməmək iddiası da artır və belədə jurnalistika üçün problemlər də çoxalır.
– Belə iddia var ki, mətbuat söz azadlığından sui-istifadə edir, buna görə də azadlığı məhdudlaşdırmaq lazımdır. Belə yanaşmaya necə baxırsız?
– Belə yanaşmanı, sadəcə rədd edirəm. Belə iddialar öz işinin öhdəsindən gələ bilməyən, hakimiyyətdən sui-istifadə edən, dövlət pulunu oğurlayan, xalqın nəzarətindən qorxan, rüşvətə və korrupsiyaya qurşanmış əliəyri məmurlardan qaynaqlanır. Həqiqi media qurumunun bir amalı olmalıdır: cəmiyyəti düzgün məlumatlandırmaq, insanları olaylardan agah etmək, nöqsanları tənqid etmək, toplumdakı fərqli düşüncələrə yer verməklə sosial harmoniya yaratmaq. Görün, hələ yüz il əvvəl dahi Üzeyir Hacıbəyli mətbuat səhifələrində yer almalı olan mövzuları necə gözəl müəyyənləşdirib: Vətən abadlığı, millət səlamətliyi və dövlət intizamı. Siz deyin, bu həyati vacib mövzuların hansı bizim mətbuatda prioritetdir? Əlbəttə, heç birisi. Ona görə də cəmiyyəti dürüst məlumatlandıran, geniş mənada dövlətçiliyə, azərbaycançılığa, millətətə, onun əxlaqına, düşüncəsinə, ictimai ideallarına xidmət edən media qurumlarının olmaması çox kədərlidir.
– Konkret olaraq hazırda Azərbaycan mətbuatında mövcud problemlər nədən ibarətdir?
– Problemlər çoxdur və onları təxminən belə qruplaşdırmaq olar. Əvvəla, dediyimiz kimi mətbuatda azadlığın sərhədləri daralıb, ikincisi, peşəkarlıq aşağı düşüb, üçüncüsü, adamlarda vicdanla işləmək həvəsi sönüb. Dördüncü, adi xəbərdən tutmuş reportaja qədər hiss olunur ki, çox həvəssiz işlənib, axtarış eşqi yoxdur, o cümlədən, materialın təqdimatı haqqında fikirləşməyiblər. Beşincisi, iqtisadi çətinliklər içində boğulan jurnalistika mənəvi cəhətdən də zədələnib, əxlaq pozulub, indi bu platforma çoxları üçün pul qazanma və başgirləmə yerinə çevrilib. Və ən ciddi nöqsanlardan biri media qurumlarının jurnalistika ilə deyil, təbliğatla məşğul olmasıdır. Xüsusən TV və saytlar təbliğat və piar vasitəsinə çevrilib. Jurnalistlər hadisə yerlərinə getmir, mətbuat konfranslarında canlı iştirak etmirlər, suallar verə bilmirlər. Yaxşı jurnalistlərimiz var, amma bütövlükdə mediamızda dovşan kimi qorxaq reportyorlar dəstəsi yetişib, yalnız təbliğat aparır, amma tənqid etməyə, araşdırmaya girişməyə qorxurlar. Dediklərimin hamısını birləşdirəndə təəssüf ki, göz önündə bizim jurnalistikanın çox kədərli mənzərəsi canlanır.
– Uzun illər Azərbaycan televiziyasında çalışmısınız. Televiziyadakı fəaliyyətinizi necə şərh edərdiniz?
– İndi mən özüm haqqında nə deyim ki? Bəli, uzun illər dövlət televiziyasında çalışmışam, reportyorluqdan başlayıb oranı siyasi icmalçı və departament rəhbəri kimi tərk etmişəm. Babat verilişlərim, canlı reportajlarım, maraqlı layihələrim, sənədli filmlərim olub. Bundan başqa həmin TV və radionun tarixini yazmışam. Məncə, geri boylananda hər halda jurnalistikaya və o televiziyanın inkişafına müəyyən töhfələrim olub.
Hesab edirəm ki, televiziya sözün həqiqi mənasında, bu xalqın ictimai düşüncəsinin inkişafında çox böyük rol oynaya bilər. ABŞ, Avropa TV-lərinin, xüsusən Böyük Britaniya televiziyasının təcrübəsi bunu aşkar şəkildə sübut edir. TV bəzilərinin düşündüyü kimi, zövqsüz, əyləncə və bayağı şoular üçün deyil. Yaxşı düşünülmüş proqram siyasəti olan televiziya milləti, xalqı, dəyərləri formalaşdırır.
– Amma təəssüf ki, bu gün bizim televiziyalar həmin missiyanı yerinə yetirə bilmir.
– Təəssüflənmək lazımdır ki, bizim telekanallar, o cümlədən də mənim vaxtilə çalışdığım, indi adicə günün proqramını belə düzgün qura bilməyən dövlət televiziyası bu ideallardan çox uzaqlaşıb. Televiziyanın əvvəlki cazibəsi qalmayıb, standartlar itib, peşəkarlıq aşağı düşüb. Adam hətta ən maraqlı mövzuların belə cılız təqdimatına heyfsilənir. Özəl telekanalların işi isə Allaha qalıb, onların ekranı, sanki yaxşı tərbiyə almamış adamlar yığnağına çevrilib. Şou proqramlardakı həngamələr, nəzakətsiz davranışlar, kobud danışıqlar az qala normaya çevrilib. Bunların hansı məqsədə xidmət etməsi anlaşılmır. Təəssüf ki, büdcədən maliyyələşən TV-lər özəllərə münasibətdə effektli rəqabət yarada bilmir. Axı dövlət hər il AzTV-yə 40-50 milyon, ictimai televiziyaya 15-18 milyon manat pul xərcləyir, amma onun muqabilində televiziyalar bu cəmiyyətə nə verir, hakimiyyətə hansı dividenti gətirir? Məqsəd hakimiyyətin fəaliyyətini işıqlandırmaqdırsa, fikrimcə, televiziyalar bunu çox bayağı şəkildə edir, yəni müasir tamaşaçının qavrayıb-qəbul etmədiyi bir tərzdə təbliğat aparır. Anlamırlar ki, yeni təqdimat, cazibədar yanaşma olmadığı üçün verlişlərin çoxu darıxdırıcıdır. Bu səbəbdən də bizim auditoriya öz marağını başqa telekanallara – həm də başqa ölkələrin telekanallarına baxmaqla ödəməyə çalışır. Söhbət peyk və kabel televiziyalarından, transmilli kanallardan gedir. Bizdə ingilisdilli auditoriya genişlənir, hər beş-altı gəncdən biri bu dili bilir və bu adamlar AzTV də daxil olmaqla kif basmış kanalların bayağı verilişlərinə deyil, Avronyusa, BBC-yə, CNN-ə baxırlar.
– Bir də əyləncə və şoular artıb bizim telekanallarda…
– Adam şou aparıcılarının ədəbsizliyi və savadsızlığı haqqında danışmaqdan lap yorulur. Ekranlarda nə qədər əyləncə göstərmək olar? Nə qədər köhnə, primitiv formada konsertlər təqdim edilə bilər? Nə zamana qədər eyni tip şoular vermək olar? Bunlar hamısı tamaşaçının zövqünü korlamaq, onun düşüncəsini gərəksiz və zərərli mesajlarla yükləməkdir. Ona görə də hesab edirəm ki, televiziyalarımızın da, mediamızın da ciddi problemləri sistemli və düşünülmüş şəkildə yenidən qurulmalıdır. Cərrahi müdaxilə daha effektli olardı, başqa variant yoxdur.
– Vaxtilə, dövlət əhəmiyyətli tədbirlərdən canlı yayımlar aparırdınız, bunun öhdəsindən gəlmək çətin deyildi ki?
– Ümumiyyətlə, televiziyada asan iş olmur, hər şey peşəkarlıq və yüksək hazırlıq tələb edir, dediyiniz canlı yayımlar da o cümlədən. Mənim jurnalist təcrübəmdə belə yayımların ayrıca yeri var. Yəqin ki, çoxlarının yadında olar. 90-cı illərin ortalarından başlayaraq AzTV-də canlı yayımlar çoxalmışdı, beynəlxalq simpoziumlar, konfranslar keçirilirdi və bunların əksəriyyəti canlı translansiya edilirdi. Təbii ki, belə yayımı aparmaq ciddi məsuliyyət, hazırlıq, həssaslıq, duyum tələb edir. Problemlə bağlı dərin məlumatın olmalıdır, həm də iqtisadiyyatı, siyasəti, mədəniyyəti yaxşı bilməlisən, şəxsiyyətləri tanımalısan. Təbii ki, həm də yaxşı psixoloji hazırlığın, aydın nitqin, fiziki möhkəmliyin də olmalıdır.
– Fiziki möhkəmlik deyəndə nəyi nəzərdə tutursunuz?
– Elə sözün birbaşa mənasında yaxşı fiziki sağlamlıq ona görə lazımdır ki, bəzən saatlarla sürən canlı yayıma dözə biləsən. Məsələn, bir dəfə 20 yanvar günü nəzərdə tutulurdu ki, dövlət başçısı Heydər Əliyev gəlib Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra canlı yayım dayandırılacaq. Bu da təxminən bir saat çəkməli idi. Lakin prezidentin ziyarəti bitdikdən sonra sədrdən tapşırıq gəldi ki, translyasiya şərhlə yaxşı alınır, ona görə canlı yayımı davam etdirməliyik. Onda səyyar TV stansiyasının kabinəsində oturub bu reportajı fasiləsiz apardım, təxminən 7 saata yaxın ayağa durmadan, fasilə vermədən danışdım. Arada işarə etdim ki, mənə bir stəkan çay versinlər, çünki hava çox soyuq idi və mən artıq üşüyürdüm. Eləcə də “İpək yolu” ilə bağlı Gülüstan sarayında keçirilən konfransdan, Roma papasının, E.Şvardnadzenin Azərbaycana səfərinin maraqlı canlı yayımı da yadımda qalıb. AzTV-dən gedəndən sonra mənim üçün maraqlıydı ki, görəsən belə canlı yayımlar necə veriləcək. Bir dəfə 20 yanvarda translasiyaya ötəri baxdım, gördüm ki, aparıcı kağızı qoyub qarşısına asta-asta oxuyur. Onun cümlələri görüntü ilə, kadrda olanlarla heç bir əlaqə yarada bilmirdi, çünki belə yayımlarda söz-təsvir kontrapunktunun nə demək olduğunu bilməyən sədr ona deyib ki, bu vərəqdəki mətndən kənara çıxma. Belə olmaz, axı bu yaradıcılıqdır. Kameranın önündə bəzən maraqlı hadisələr baş verir, gərək onlara münasibət bildirəsən. Belə inzibati yanaşma isə reportajı öldürür, tədbirin təqdimatına xələl gətirir. Şərhçinin səsi əlavə bir məlumatdır. Və o məlumat görüntü ilə birləşib yeni məna yaradır. Təbii ki, belə translyasiyalarda şərhçinin peşəkarlığı ilə yanaşı, həm də yaxşı rejissor və zövqlü operator işi tələb olunur.
– Jurnalistikada “zirvə nöqtəsi” varmı? Məsələn, Qulu Məhərrəmli deyə bilərmi ki, mətbuatda əlindən gələni etdi, fəxri titula, mükafatlara layiq görüldü, bir sözlə zirvəyə çatdı?
– Jurnalistikada hansısa zirvə yoxdur, istedad, duyum, üslub, peşəkarlıq var. Fərqli görmə, yanaşma, fərqli düşünmə, bunları fərqli formada təqdim etmə var. İndiki şəraitdə bizdə nə fəxri ad, nə orden-medal, nə də başqa mükafatların heç biri peşəkarlıq və nüfuz göstəricisi deyil və ola da bilməz. Hansısa münasibətə görə əməkdar jurnalist adını almış şəxslər var ki, iki cümləni dalbadal yaza bilmir.
Fəxri ad fərqləndirmək üçündürsə, ən layiqlilərə verilməlidir, amma təəssüf ki, həmişə elə olmur. Mən indi də təəssüflənirəm ki, vaxtilə “Azərbaycan gəncləri” qəzetində bir-birindən gözəl materiallar yazmış, daha sonra başqa media qurumlarında vicdanla çalışmış mərhum Möhləddin Səməd kimi peşəkar, klassik jurnalistə ad vermədilər, çünki özünü gözə soxan, kiməsə yarınan, kiminləsə alver edən deyildi.
Bu gün tanıdığımız çox istedadlı jurnalistlər var ki, yazılarını oxuyur, verilişlərinə baxırlar, amma bəzi məmurların zövqünü oxşamadığı üçün onlara layiq olduğu diqqər göstərilmir. Amma yaxşı jurnalist belə mənasız şeylərə görə ruhdan düşməməlidir. Bütün vicdanlı qələm sahibləri bilir ki, jurnalist dünyada yeganə peşə sahibidir ki, ondan insanlara, cəmiyyətə yalnız doğrunu, həqiqəti söyləmək tələb olunur. Bu prinsiplə fəaliyyət göstərirsənsə, həm də öz şəxsiyyətini, ləyaqətini qoruyub təmsil elədiyin peşəyə nüfuz qazandırıb onu şərəfləndirsənsə, sən ən böyük peşəkarsan.
– Deməyinizdən belə çıxır ki, jurnalistikada xarakter, şəxsiyyət böyük rol oynayır?
– Təkcə jurnalistikada yox, bütün sahələrdə – siyasətdə, elmdə, təhsildə və s. şəxsiyyət ciddi rol oynayır. Jurnalistika bir sistemdir, cəmiyyətin bir elementidir, ona görə çox vaxt bu sahə içərisində olduğu rejimin rəngini, xarakterini özünə hopdurur. Amma rənglər tündləşəndə şəxsiyyətlər buna müqavimət göstərə bilir. Bu mənada hər jurnalistika məhsulu öz rəhbərinin xasiyyətini daşıyır. Məsələn, “Əkinçi” H.B.Zərdabinin, “Molla Nəsrəddin” Mirzə Cəlilin, “Füyuzat” Ə.B.Hüseynzadənin, “Həyat”, “İrşad” Ə.Ağoğlunun və Ü.Hacıbəylinin xarakterinin məhsulu idi. Bu gün də hər bir qəzet öz rəhbərinin yaxşı və ya naqis xarakterini ifadə edir.
– Adamların çoxunda sual yaranır: axı necə olur ki, adətən, mənfi imicin daşıyıcısı olan bir telekanalda sizin kimi böyük mütəxəssis və parlaq şəxsiyyət yetişir?
– Əvvəla, onu deyim ki, AzTV haqqında bu cür düşünənlər ciddi yanlışlığa yol verirlər. Bu televiziya xalqımızın ümumi mədəniyyətinin bir parçası olub və onun tarixində o qədər parlaq şəxsiyyətlər yetişib meydana çıxıb ki, biz onlarla heç müqayisə edilə bilmərik. Belə yanaşmasaq biz Rauf Kazımovski, Kərim Kərimov, Firudin Ağayev, Hacı Hacıyev, Nuhbala Quliyev, Bünyad Məmmədov, Mailə Muradxanlı, Əhməd Xaspoladov, Valid Sənani, Bəhram Gözəlov, Rauf İsmayılov, Eldar Baxış, Tariyel Vəliyev, Valid Sənani və başqa yaradıcı şəxsiyyətlərin ruhunu incitmiş olarıq.
Teleradio tarixində önəmli yer tutmuş bu insanlar heç vaxt unudulmaz. O ki qaldı mənə, həmin telekanalda qeyri-adi heç nə eləməmişəm. Sadəcə həmişə peşə prinsiplərini üstün tutmağa, ləyaqəti qorumağa, bir də daxili azadlığımla vəzifə borcum arasında tənasübü qorumağa çalışmışam. Təbii ki, hadisələrin bir az mürəkkəb dövründə çalışanda tamaşaçılar ekrandan tanıdıqları insanların davranışlarına daha həssas və tələbkar yanaşırlar.
– Qulu müəllim, bütün dünyada “frilanserlər” adlandırılan müstəqil jurnalistlər var. Bizdə bu sahədə vəziyyət necədir?
– Bizdə də sayları az olsa da belə müstəqil jurnalistlər var. Seymur Kazımov, Aynur Elgünəş, İzolda Ağayeva, Gülər Mehdiyeva, Aytən Fərhadovanın yaradıcılığına bələdəm. Jurnalistikanın gələcəyi müstəqil mətbuatla, həm də həmin dediyimiz frilanserlərlə bağlıdır. Çünki bu jurnalistlər peşəkarcasına xəbər toplaya bilir, hər hansı bir problemlə bağlı müstəqil araşdırma apara bilirlər.
Frilanserlər xaricdə qəzet və saytlarla müqavilə əsasında çox ciddi araşdırmalar aparırlar. Təəssüf ki, bizdə bu sahə axsayır. Qəzetlər indi elə vəziyyətdədir ki, tənqid yazmaqdan, xüsusən araşdırma aparmaqdan qorxurlar. Halbuki bəzən buna ciddi ehtiyac olur. Məsələn, Beynəlxalq bankın rəhbəri C.Hacıyevin Böyük Britaniya şirkətlərinə pul axıtmasını bizim jurnalistlər vaxtında araşdırıb üzə çıxarsaydılar ölkəmizin büdcəsinə xeyli xeyir vermiş olardılar. Başqa misal: bir müddət əvvəl AzTV sədri A.Alışanovun qaldırdığı məhkəmə iddiası ilə bağlı prosesdə keçmiş biznes şəriki onu qətldə günahlandırmışdı. Adam məhkəməyə verdiyi ifadədə hansısa xanımın harda və necə, kimin iştirakı ilə öldürülməsi barədə ittiham irəli sürmüşdü. Məhkəmə bəlli səbəblərdən bu ittihama əhəmiyyət verməyə bilər. Amma yaxşı jurnalist qrupu lazımıydı ki, bunu araşdırsın, doğru və yalanı üzə çıxarsın, bilmirəm, bəlkə də gizli araşdıranlar var.
Deməyim odur ki, bu gün heç kimdən asılı olmayan müstəqil jurnalistlərə, ciddi ehtiyac vardır. Hazırda internet jurnalistlərin yaradıcılığını stimullaşdırır. Yollarını kəsməsələr gələcəkdə həmin müstəqil qələm sahibləri Azərbaycan jurnalistikasının ləyaqətli simasına çevrilə bilərlər.
– Neçə illərdir BDU-da dərs deyirsiniz. Pedaqoji fəaliyyət sizin üçün nə deməkdir?
– Dərs demək mənim üçün jurnalist peşəsinin bir başqa formada uzantısıdır. Futboldakı oynayan məşqçi kimiyəm, həm GünAz TV-də proqram aparıram, həm də tədrislə məşğulam. Tələbələrə televiziya jurnalistikasının əsaslarını öyrədirəm. Yəni indiyə qədər TV yaradıcılığı sahəsində az-çox qazandığım təcrübəni, auditoriyada tələblərəçatdırmağa çalışıram. Pedoqoji iş həm də tələbələrlə, gələcək jurnalistlərlə ünsiyyət deməkdir. Hiss edirəm ki, tələbələr praktikadan gəlmiş müəllimlərə bir az fərqli yanaşırlar. Onların dediklırinə daha çox önəm verirlər. Onlarla daha çox sual-cavab edir, daha çox öyrənmək istəyirlər. Bu mənada özümü auditoriyada müəllim kimi yaxşı hiss edirəm.
– Tələbələrinizin bilik səviyyəsi sizi nə dərcədə qane edir, aralarında jurnalist kimi ümid verənlər varmı?
– Tələbələr müxtəlif kurslarda müxtəlif cür olur. Jurnalist peşəsini canı-dildən sevib gələnlər də var, bu sahəyə təsadüfən düşənlər də. Mənim işim jurnalistikaya maraq göstərib gələnlərlədi. O biriləri birtəhər oxuyub dörd ili yola verirlər, bilirlər ki, jurnalistikada olmayacaqlar. Həm də görürlər ki, jurnalistika təkcə yaradıcılıq deyil, həm də ruh, vicdan, ləyaqət məsələsidir. Yəni yaradıcılıqla bunları birləşdirəndə sən jurnalistikada nüfuzlu şəxsə, peşəkara çevrilirsən. Bunlar olmayanda birtəhər başını girələyirsən. Jurnalistikada həmin keyfiyyətləri birləşdirmək hər adamın işi deyil. Ona görə də tələbələrin hamısının parlaq jurnalist olacağını güman etmək sadəlövhlük olardı. Tutaq ki, auditoriyada 30 nəfər var, onlardan 5-i yaxşı jurnalist olsa, bizim üçün yaxşı nəticədir. İndi əsas məsələ həmin kiçik sayı artırmaqdır.
Müsahibəni apardı: Səid Əhmədli
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 2024 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 2024 23:55
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 2024 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 2024 20:13
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 2024 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 2024 15:32
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
23 dekabr 2024 20:14
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41
- Prezidentin doğum günüdür
24 dekabr 00:08
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 22:05
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 21:02
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
23 dekabr 20:14
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59