Lakin 6-7 ay əvvəl Səfər Mehdiyevlə Kəmaləddin Heydərov arasında münasibətləri geniş ictimaiyyətə bəlli olmayan səbəblərdən pisləşibmiş. Bu səbəbdən də birinci müavinin Gömrük Komitəsində bütün işlərdən tam təcrid edildiyi də məlumatlarda əksini tapmışdı. Səfər Mehdiyevin Gömrük Komitəsinə sədr təyin edilməsindən sonra vəziyyət Kəmaləddin Heydərovun əleyhinə dəyişməyə başlayır.
Hazırda “fövqəlnazir”ə yaxın kadrlar bir-bir zərərsizləşdirilməkdədir. Belə ki, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl “dərman mafiyasına” qarşı keçirdikləri əməliyyatdan dərhal sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının əmisi oğlu Sadiq Abduyev vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Sonuncunun barəsində cinayət işi qaldırıldığı bildirilir.
Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə Kəmaləddin Heydərovun yaxın ətrafı arasında baş verən gərginliklə bağlı daha geniş məlumat verməyə çalışacağıq. Tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.