Bakı Zooloji Parkının direktoru Azər Hüseynovun "Report"a müsahibəsi
- Hazırda zooparkda neçə heyvan növü və ümumilikdə, neçə heyvan var?
- Bu gün zooparkda 150 növ və min başdan yuxarı heyvan var. Mən 1995-ci ildən burada işləyirəm. Təyin olunduğum vaxt zooloji parkda 60 növ və 200 baş heyvan çeşidi var idi. Ötən iki onillikdə biz heyvanları 2 dəfədən çox növ artırmışıq, baş sayı isə, demək olar ki, 4-5 dəfə artıb.
- Zooparkın genişləndirməsi layihəsi var idi. Hazırda həmin layihə nə yerdədir?
- Hesab edirəm ki, yaxın bir-iki ildə zoopark öz simasını dəyişəcək. Əsasən də, heyvanların şəraiti yaxşılaşdırılacaq. Park tikiləndə 45 hektar ərazisi olması nəzərdə tutulmuşdu. 1980-ci illərdə müəyyən səbəblərdən layihə tam həyata keçirilmədi və 42 hektar əvəzinə 10.2 hektar ərazi istifadəyə verilib. Bir vaxtlar zoopark yaddan çıxmışdı. Vəhşi heyvanların saxlanma yeri bir-birinə çox yaxın idi. Göürünür, tələsik tikiblər. Sonralar biz özümüz müəyyən qəfəslər tikmişik. Demirəm ki, tam standartlara cavab verir, ancaq əvvəlki illərlə müqayisə olunanda indi vəziyyət daha yaxşıdır. Əsas məqsəd olan heyvanlarımızın yerini rahatlaşdırmaqdır. Əlavə yerlər alınsa, yeni növlərin gətirilməsini də nəzərdə tutacağıq.
- Ötən il zooparka, ümumilikdə, neçə heyvan gətirilib?
- 2017-ci ildə afrika faunasının erkək yallı qoyununu, dişi lama, iri yapalaq, quzğun və s. daxil olmaqla Daşkənddən 5 növ, Moskvadan da bir cüt dağıstan turu, göyqulaq qırqovul, xalçaya bənzər piton olmaqla 4 növ gətirmişik. Bunların hamısı əməkdaşlıq ilə gətirilib. Biz artan heyvanları mübadilə edirik.
- Ötən il ərzində zooparkda heyvan tələfatı olubmu?
- İki dəvəquşundan bala almışdıq, biri çox zəif idi deyə tələf olub. Tovuzquşunun balası doğulandan ayaqları qüsurlu idi. 6 ay işçilərimiz onu müalicə etsə də, nəticə ala bilmədik. Ayağında qüsur olan amerika qara ayımız var. Biz iki ildir ki, onu nümayiş etdirmirik, ancaq onun üçün rahat yer hazırlamışıq. 30-dan yuxarı yaşı var. Bəzi avropa zooloji parklarında belə hallarda onu iynə ilə öldürürlər. Ancaq biz belə edə bilmirik, nə qədər ömrü varsa, qulluq edirik.
- 2017-ci ildə zooparka dövlət tərəfindən nə qədər vəsait ayrılıb?
- Yemləmə üçün 88 min, əməkhaqqı olaraq isə, təxminən, 100 min ayrılıb. Özümüz də, təxminən, 140 min manat qazanmışıq. Qazandığımız və ayrılan vəsait yemlərin alınmasına, kommunal xərclərin ödənməsinə, zooparkın saxlanmasına, avtombillərin saxlanılmasına sərf olunur. Çalışırıq qənaət ilə xərcləyək, ancaq heyvanlarımızı yaxşı yemləyirik. Buna görə də nəcib maral, tovuzquşu, dəvəquşu, muncak cırtdan maral, oxatan kirpi və canavardan bala alınıb.
- 2018-ci ildə zooparka ayrılan vəsait nə qədərdir?
- Hesab edirəm ki, ötən ilki səviyyədə nəzərdə tutulub.
- Büdcədən ayrılan vəsait üçün sizin təklifiniz olubmu?
- Bilirsiniz necədir, siz bir az dərinə gedirsiniz. Sizə bir məsəl deyim, gerisini siz anlayarsınız: İnsan var ki, ailəsini yeməyinə min manat, o gedir qara kürü, ləbləbi alır. Biri də var insan 300 manat ilə öz ailəsini dolandırır. O gedib almanın 5 manatlığını yox, 1 manatlığını alır. Biz isə yemləri topdansatış yerlərindən alırıq və kifayət qədər də yaxşı qidalandırırıq. Bəzi heyvanlara diri yeməklər verilməlidir, məsələn siçan kimi. Bəziləri elə bilir ki, biz gedib tələ qurub ordan-burdan siçan tuturuq. Küçədəki siçovulda çox xəstəliklər ola bilər, gərək heyvanlara təmiz yem verilsin.
- Bəs kənardan sizə ianələr olurmu? Məsələn heyvansevərlər tərəfindən...
- İşlədiyim müddətdə heç kimdən əl uzadıb kömək istəməmişəm. Bəzi təşəbbüslər olub.
Bir dəfə Qanlıgöldə yerləşən bir məktəbin uşaqları öz aralarında pul yığıb yardım etmişdilər. 2310 dollar idi. Həmin pulun üstünə əlavə edib filaminqonun evini tikdik.
İDEA İctimai Birliyinin dəstəyi ilə pələngin, iquananın evi tikilib, dovşanlar üçün yer yaradılıb və digər işlər görülüb.
- Zooparkın ən kiçik və ən böyük heyvanının gündəlik qidalanması üçün nə qədər pul xərclənir?
- Məsələn, tısbağa ayda 3 manatlıq yeyir. Piton ilanı 4 dovşan yesə, ayda 20 manat xərci olur. Şir qışda hər gün 8 kq, yayda isə 6 kq ət yeyir. Ay ərzində, təxminən, 300-400 manat arası edir. Dəvəyə ot veririk, bu da gü
nü 2-3 manat edir. Ayıya isə düyü, qarabaşaq sıyığı və meyvə-tərəvəz veririk. Hətta ayı o qədər yeyir ki, qış yuxusuna getmir.
Foto: Firi Salim