Xəbər verdiyimiz kimi bu ilin noyabrın 17-də Nizami rayonu, Şərq küçəsi, məhəllə 40/85-də- "Azərsutikinti” xəstəxanasının qarşısında yerləşən şam meşəliyində 17 il əvvəl qanunsuz tikilmiş 10 ev Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 100-ə yaxın polis cəlb olunmaqla sökülüb. Söküntüdən sonra təxminən 2 hektar meşə ərazisi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən bölünərək hasarlanır.
Əməkdaşlarımız bu məsələni araşdırıb və məlum olub ki, ərazidə qanunsuz məskunlaşmış sakinlərə hər hansı kompensasiya verilməyib. Digər tərəfdən "qanunsuz sakinlərdən” azad edilən şam meşəliyi çox güman ki, daha sanballı müştərilərə satılmaq üçün hissələrə bölünür və hasarlanır. Hasarlama işlərini Suraxanı rayon İcra Hakimiyyətinin məmurları sifariş verib.
Həmin hadisədən bəhs edən "Bakıda 2 hektarlıq meşə necə "azad olundu", ərazini kim ələ keçirdi…” başlıqlı araşdırma virtualaz.org saytında dərc olunandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıb və ərazidə azı 8 şam ağacının kəsildiyi müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə virtualaz.org saytına nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.
R.Mirzəyevin sözlərinə görə, hazırda ərazi nəzarətə götürülüb. "Həqiqətən Suraxanı və Nizami rayonunun sərhədində yerləşən şam meşəliyində 2,5 hektar ərazidə hasarlanma işləri aparılır. Hasarın keçdiyi ərazilərdə 18-20 diametrlik 8 şam ağacı kökündən çıxarılıb. Ağacların kəsilməsi ilə təbiətə 5190 manat zərər vurulub. Fakt cinayət tərkibli olduğundan toplanmış materiallar Suraxanı rayon Prokurorluğuna göndərilib”, -Mirzəyev əlavə edib.
Sektor müdiri onu da deyib ki, mövcud qanunvericiliyə görə torpaq sahəsi mülkiyyətçiyə verilmədən ekoloji ekspertizadan keçirilməlidir. Ərazinin nəzarətə götürülməsi ilə bağlı icra orqanlarına məlumat verilib. Sakinlər tərəfindən salınan meyvə bağlarının məhv edilməsinə gəldikdə, sektor müdiri şikayətçilərin məhkəməyə müraciət etmələrini məsləhət görüb: "Ərazi nəzarətdə saxlanılacaq. Artıq ağacların kəsilməsi faktı ilə bağlı araşdırma aparılır”.
Virtualaz.org Bakıda yaşıllıq sahələrinin kommersiya obyektlərinin, yaşayış binalarının tikintisi məqsədi ilə məhvinin geniş vüsət aldığı bir vaxtda bu nadir şam meşəliyinin sonrakı aqibətini diqqətdə saxlayacaq. İndiki halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə müdaxilə etməsi əlbətdə, müsbətdir. Lakin bir məsələ var ki, ərazini satmaq üçün hasarlayan elə Bakı şəhər rəhbərliyinin göstərişi əsasında Suraxanı rayon məmurları olduğu halda toplanan materiallar da həmin rayon prokurorluğuna göndərilib. Əslində bu məsələyə daha yuxarı instansiyada araşdırılmalıdır. Əks halda şam meşəliyinin bir müddət sonra xəlvəti satılması qaçılmaz olacaq. Çünki bu ərazi Abutalıbovun göstərişi ilə təmizlənib və hasarlanır...