Leonid Bronevoy: "Aktyorluq kişi üçün dəhşətli peşədir, çünki ürəyə yatmaq, xoşa gəlmək qadın xislətidir”
"Sakitcə qocalmaq və ləyaqətlə ölmək lazımdır”. Son müsahibəsində belə söyləyən Leonid Bronevoy vəfat etdi. "Leonid Sergeyeviç istənilən rolu ürəyindən, qəlbindən keçirirdi” - deyə Valentin Qaft xatırlayır: "Ona görə də əfsanəvi aktyorun ürəyi tab gətirmədi”. Rusiya prezidenti Vladimir Putin aktyorun ölümü ilə bağlı başsağlığı verib: «Bronevoyun ölümü «Lenkom» teatrı və bütün ölkə mədəniyyəti üçün böyük itkidir».
Rusiya mətbuatı aktyorun ölümü haqda yazır: "Tanımadığın insan dünyadan köçəndə təəssüflənirsən. Ancaq bütün şüurlu həyatın boyu səninlə bərabər olan bir insan həyatı tərk edəndə, bunu şəxsi ağrın kimi hiss edirsən. Sözsüz ki, bu gün bir çox tamaşaçılar – Leonid Bronevoyu sevənlər həmin ağrılı hissləri keçirirlər...»
Aktyorun uzun illər çalışdığı "Lenkom” teatrının direktoru qeyd edir: "Axır vaxtlar Leonid Bronevoy ağır xəstələnmişdi. Təəssüf ki, biz onu itirdik. Bu günlərdə isə onun 88 yaşı tamam olacaqdı”.
L.Bronevoyun ağır təbiəti vardı. Müsahibə verməyi o qədər də xoşlamırdı. Sözü üzə sərt deyirdi. Ancaq onu bağışlayırdılar – istedadına görə, müstəsna yumor hissinə görə... Onun sərt həqiqətinin işin xeyrinə olduğunu da bilirdilər. Bronevoyun baxışından yayınmaqdansa, onun yaxşı sözlərinə layiq olmağa çalışırdılar. "Bu gün artıq o, həyatda yoxdur. Səhnədən, teatrın divarları arasından guruldayan o səsi daha eşitməyəcəyik. Buna inanmaq olmur. Onun həyat, insanlar haqında düşüncələri bizə lazım idi” - deyə sənət dostları kədərlərini bölüşürlər. "Lenkom”un aktrisası Yelena Şanina "insan ömrünün sona yaxınlaşması bəzən öncədən məlum olur” - deyə xatırlayır: "Leonid Sergeyeviç qəfildən teatrın sürücüsündən ona dondurma almağı xahiş etdi. Bu, sadə, uşaq arzusu idi. Arxada çətin, əzablı günlər qalmışdı, indi isə sadəcə dondurma arzusu vardı. Bizim keçmiş direktor ölümündən qabaq qızardılmış kartof, Çexov isə şampan şərabı istəmişdi. Leonid Sergeyeviç isə dondurma...”
88 yaşlı L.Bronevoy uzunmüddətli xəstəlikdən vəfat edib. O, düz bir ay Moskva xəstəxanasında ölüm-olum mübarizəsi aparıb. "Leonid Sergeyeviç çoxdan xəstə idi. Hər dəfə də müalicəsi ilə bağlı vaxtı uzadırdı. Bir dəfə qastrol zamanı o, oteldə yıxıldı və çiynini sındırdı. 5 il əvvəl isə doğma Kiyevdə qastrol zamanı infarkt keçirib xəstəxanaya düşdü. Orada əməliyyat olundu, həkimlər onun həyatını xilas etdilər. Bu enerjisi ona bir neçə il bəs etdi. Hətta bundan sonra da Leonid hər axşam sevimli «Lenkom»un səhnəsinə çıxmaqda davam etdi” - deyə teatrın direktoru qeyd edir: "Sonra Leonid müalicəsini Moskva xəstəxanalarında davam etdirdi. Ayaqlarında problem yarandı. Nə etmək olar: yaş, xəstə orqanlar... Qışda evdən çıxanda ona şəpit geyinmək lazım gəlirdi. Çünki ayağına başqa ayaqqabı olmurdu”.
Xalq düşməninin oğlu
L.Bronevoy 1928-ci il dekabrın 17-də Kiyevdə doğulub. Nüfuzlu yəhudi ailələrində olduğu kimi, onu da David Bertin adına Konservatoriyanın skripka sinfinə göndəriblər. Ancaq 8 yaşında həmin xoş həyat bitir. Atası inqilabdan sonra sovet hökumətində vəzifə sahibi idi. 1936-cı ildə Leonidin atası Solomon Bronevoy trotskiçilikdə günahlandırılaraq cəzalandırılır. Bundan sonra onun valideynləri ayrılırlar. «Valideynlərim kristal kimi təmiz insanlar idi. İndi bu cür adamlar tapmaq çətindir, hətta gülməli səslənir. Onlar işıqlı ideyalara, inqilaba inanırdılar. Atama "NKVD”-də işləməyi təklif etdilər. Anam ona "sən vəkillik xətti üzrə işlə. O zaman adamlar səni müdafiə edər. Ancaq "NKVD”-də səni başqa işlərlə məşğul olmağa məcbur edərlər. Sən də müdafiəsiz qalarsan” - deyə məsləhət görsə də, atam qulaq asmadı. 1935-ci ildə o, işdən qovuldu və həbs olundu. 1954-cü ildə atam azad olsa da, ailəsinin yanına qayıtmadı, Rostovda yaşadı. Atam 2003-cü ildə bəraət alanda, artıq həyatda yox idi. Təbii ki, atama görə bizim də həyatımız çətin keçdi... Mən təkcə müharibə dövrünün uşağı olmadım. Həm də repressiya illərinin sərtliklə əzdiyi uşaq idim. Bu acıları isə daha çox sonralar anlayacaqdım...”
Leonid Bronevoyun şöhrətə gedən yolu da asan olmayıb. O, aktyorluğa çarəsizlikdən gəlmişdi. Dəfələrlə öz pərəstişkarlarına "mən kinoda, teatrda təsadüfi adamam” deyirdi. Əslində diplomat və ya jurnalist olmaq istəyirdi. Amma Daşkənd Ali Teatr Məktəbi yeganə yer idi ki, orada valideynlər haqda anket doldurmaq lazım gəlmirdi: "Axı 1937-ci ildə atamı «xalq düşməni» adı ilə həbs etmişdilər. Nəticədə bütün ailə Kirov vilayətinə sürgün olunmuşdu. Yalnız 1941-ci ildə bizə qayıtmağa icazə verilmişdi. Hərbi vəziyyətə görə ailəmizi Qazaxıstanın Çimkent şəhərinə təxliyə etmişdilər. Burada mən 10 saylı məktəbdə oxudum və çörəkçi yanında şagird, kukla teatrının tikiş sexində fəhlə və s. işlərdə işlədim”.
L.Bronevoy 1950-ci ildə A.N.Ostrovski adına Daşkənd Bədii-Teatr İnstitutunu bitirdikdən sonra A.S.Puşkin adına Maqnitoqorsk Dram Teatrının aktyoru kimi səhnəyə çıxır. Sonra N.Qorki adına Orenburq vilayətinin Dram Teatrında işləyir. 1953-cü ildə V.İ.Nemiroviç-Dançenkonun adına Moskva Bədii Teatrının məktəb studiyasının 3-cü kursuna daxil olur. İki il sonra Qroznı Dram Teatrının aktyoru kimi çalışır. Daha sonra İrkutsk, Voronej, Moskva dram teatrlarında səhnəyə çıxmaqla 7 teatr dəyişir. 1988-ci ildən çalışdığı «Lenkom» Teatrı isə ömürlük həyatını bağladığı iş yeri olur.
L.Bronevoy tamaşaçıların pərəstiş etdiyi görkəmli aktyor idi. «Pokrov darvazası»ndakı Velyurov, «Məhəbbət disturu»ndakı həkim, «Həminki Münhauzen»dəki hersoq və əlbəttə ki, «Baharın 17 anı»ndakı Müller... Hətta onun oynadıqları baş qəhrəmanlar olmasa da, rolları həmişə parlaq və xarizmatik olurdu. Leonid Bronevoy 50-dən çox filmdə rol alıb. Bütün karyerası boyu bircə dəfə baş rolda oynamasa belə, Rusiya kinoaktyorları arasında onun məşhurluğuna tay ola biləcək aktyor tapmaq çətin idi.
Həyatın dərsləri
«Baharın 17 anı» filmi ekranlara çıxan kimi, şan-şöhrət də filmlə bərabər gəldi. Amma əvvəlki illərdə əyalət teatrlarında sərgərdan həyat tərzi və pulsuzluq ondan əl çəkmirdi. Balaca qızını yedirtmək üçün pulla domino oynayır, əlavə qazanc üçün akkordeonda çalır, hətta başqalarının repertuarlarını mənimsəməyə məcbur olurdu. O, moskvalı Valentina Blinova ilə evli idi. Onunla Qroznı teatrında işləyərkən tanış olmuşdu. Həyat yoldaşı xərçəng xəstəliyindən vəfat edəndən sonra o, 4 yaşlı qızını tək böyütməli oldu. Bəxtini sınamaq üçün Moskvaya gələndə, gələcək xalq artistini paytaxtın heç bir teatrında qəbul etmədilər. Məşhurluq isə onun həyatına 45 yaşında gəldi. Tale ona qarşı o qədər də mərhəmətli deyildi. Sınaq və tələfat illəri aktyora çox dərslər öyrətmişdi. «Mən xoşsifət insanları heç vaxt sevməmişəm. Mən onlara etibar etmirəm. Kim ki həmişə qaşqabaqlı, acı gülüşlüdür - o insanlara etibar edirəm» - deyə Leonid Bronevoy etiraf edirdi: "Xoş sifətlər çox vaxt səmimi olmur. Onların təbəssümünün arxasındakı niyyətlərə şübhə edirəm. Mənə həyatı sərtlik öyrədib. Onun acılarından dərs almışam. Bu təcrübəmdə səhv edəcəyimə inanmıram”.
Onun xarakteri soyadı kimi sərt idi. Bəzən mehriban, səmimi ola bilirdi, ancaq birdən sanki göyün üzünü bulud alırdı. Hətta bir çox aktyorlar onunla səhnəyə çıxmağa ehtiyat edirdilər. Belə vəziyyətdə o, səmimiyyətlə etiraf edirdi: «Heç kimi incitməməyə çalışıram, ancaq hamını sevməyə borclu deyiləm. İllər boyu mənə ətrafımla sadə davranmaq ona görə mümkün olub ki, məndə aqressiya üçün az güc qalıb”. Bu fikirlər, heç şübhəsiz, ağır keçən həyatın dərsləri idi.
"Bir rolun aktyoru”
«Mən bu peşəni dəhşətli hesab edirəm, ona görə ki, ürəyə yatmaq, xoşa gəlmək qadın xislətidir. Təyyarəçi uçur – ona bəyənilməsi heç də vacib deyil, şaxtaçıya da, poladəridənə də bu, lazım deyil. Amma artistin, bəstəkarın mütləq bəyənilməsi lazımdır. Bu peşədə qadın xisləti gizlənir, bu, kişilər üçün deyil» - deyə aktyor söyləməkdən çəkinmirdi. O, teatra təsadüfi düşdüyünü dəfələrlə tamaşaçılarına söyləsə də, onlar hər çıxışdan sonra Bronevoyu gurultulu alqışlarla yola salırdılar. Tamaşaçıları çaşdırmaq olmaz...
«Siz isə Ştirlis, xahiş edirəm, qalın» sözləri bütün ölkənin dilində əzbərə çevrilmişdi. O vaxtdan onu «Bir rolun aktyoru» adlandırırdılar. Ancaq bu, Bronevoya qarşı ədalətsizlik idi. "Məni küçədə görəndə «Baxın, Müller gəlir» - deyirdilər. Hərdən bu mənə toxunurdu. Mən o filmə qədər 20-dən artıq rolda oynamışdım. Teatrda isə 100-dən çox rolum vardı. Ancaq tamaşaçılar məni yalnız «Baharın 17 anı» ilə tanıyırdılar. Sonralar başa düşdüm ki, bu cür hallar aktyorların həyatında olur. O yüzlərlə rol oynasa da, bir rolla tanınır”.
"Siz isə... xahiş edirəm, qalasınız”
2012-ci ilin 17 sentyabrında teatrın Kiyevə qastrolu zamanı 83 yaşlı aktyor ağır infarkt keçirərək reanimasiyaya düşür. Şəhər mərkəzində onu ürəyindən əməliyyat edirlər. «Lenkom»un səhnəsinə isə o, 20 aydan sonra - 2014-cü ildə qayıdır. A.P.Çexovun «Albalı bağı» əsəri əməliyyatdan əvvəl və xəstəxanadan çıxdıqdan sonra onun oynadığı tamaşa olur.
Ukrayna hadisələri aktyoru narahat edirdi. «Biz yoldaşımla Kiyevdən Maydan hadisəsindən iki gün əvvəl - vaxtında köçmüşdük» - deyə danışırdı: "Mən həmişə Putin tərəfdarı olmuşam. Mən Kremldə olanda Vladimir Vladimiroviçə dedim ki, əgər lazım gələrsə, kömək etməyə həmişə hazıram. Əgər söz verdimsə, həmişə onu tuturam. Sözün düzü, hazırkı kiyevli siyasətçilərə necə münasibət bəsləsəm də, heç vaxt onları camaat qarşısında tənqid etməmişəm. Mən Ukrayna televiziyasına, aparıcı Qordona müsahibə vermişəm. Ona dedim ki, Ukraynanın indiki vəziyyəti məni çox düşündürür. Orada insanlar, çoxlu uşaqlar ölür. İstənilən savaş yaxşı heç nəyə gətirmir. Mən Kiyevə çox minnətdaram - oradakı həkimlər demək olar ki, məni ölümün pəncəsindən qurtardılar. Amma indiki Kiyevdə artıq məni görmək istəmirlər, mən də üz vurmayacağam”.
L.Bronevoy Rusiya teatrları üçün çox işlər gördü. O, "Lenkom”un tikintisindən tutmuş, inkişafına qədər çalışdı və bu mənada əsil nümunəyə çevrildi.
L.Brenovoy vəfat etdi... Kədərli və ironiyalı təbəssümü, həmişə azca qrimlənmiş üzü, daha heç zaman eşidilməyəcək monoloqları, birbaşa üzə söylədiyi sərt həqiqətləri və dərhal sitata çevrilən ən sadə cümlələri yaddaşlarda qaldı... "Siz isə... xahiş edirəm, qalasınız” - sözləri də onu aramızda saxlaya bilmədi...