Bunu AzNews.az-a açıqlamasında Pərvin Səfərov özü deyib. O, bildirib ki, Azərbaycandan əlini üzdüyü üçün şansını Türkiyədə axtarmalı olub:
“Videogörüntüm Türkiyə mediasında və televiziyalarında yayımlandı. Ordan da mənə durmadan təkliflər gəldi. Bütün Türkiyə mənim ifamı sosial şəbəkədə paylaşırdı. Xahiş ediblər ki, bu yarışmaya Pərvin Səfərovu dəvət edin. Elə oldu ki, “Eşqiya dünyaya hökmdar olmaz” serialının qəhrəmanı da mənim ifamı bəyəndiyini dedi. Sonra “O səs Türkiyə” yarışmasının təşkilatçıları facebookda mənə yazdılar, telefonumu istədilər və yarışmada iştirak etməyimi istədilər. Mənim üçün yeganə şans yarandı. Mən də Azərbaycandan əlimi üzdüyümə görə bir baş Türkiyəyə getdim. Hazırda çoban kimi təqdim olunan Pərvinin səsi Türkiyə səhnəsindən gəlir. Çox istədim ki, Bakıda qalam, sənətimə burda dəyər verilə, amma olmadı. İrəli getmək üçün verilən vədlər sadəcə söz oldu”.
Pərvin Səfərov qeyd edib ki, türkiyəlilərin Azərbaycan milli musiqisinə marağı sonsuzdur: “Çox sevinirəm, həyatım dəyişdi. Çoxlu dəvətlər gəlir. Hər kəs də Türkiyədə qalmağımı istəyir. Dəqiq düşünüb qərar verməliyəm. Təbii ki, Türkiyəni seçəcəm. Amma məni qıran odur ki, bu günə kimi ailəmin qazanc yeri və məni gerçəkdən sənətə həvəsləndirən qoyunlarımdan ayrılacam. Qoyunlar kənddə qalacaq, evimizin ruzisidir”