NUH.az
Bakıda ağacların yandırılması ilə bağlı yeni faktın üstü açılıb.
“Ölkə.Az”-ın məlumatına görə, bir neçə həftə öncə Nərimanov rayonu, Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı ağacların məhv edilməsi ilə bağlı göstəriş verilib. Göstərişdən sonra ərazidəki ağaclar yandırılaraq, guya təbii şəkildə quruması mənzərəsi yaradılıb.
Ancaq ərazidə yaşayan sakinlər bu planı iflasa uğradıb. Məsələ ilə bağlı dərhal müvafiq dövlət qurumlarına, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət olunub.
Şikayətdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ərazi polis bölməsi nümayəndələri sözügedən yerə baxış keçirib.
Hadisənin baş verdiyini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
Nazirliyin mətbuat xidmətindən “Ölkə.Az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb:
“Əraziyə keçirilən baxış zamanı təxminən 600-700 kvadrat metr yaşıllıq sahəsində köküstə müxtəlif diametrli və iri gövdəli ümumilikdə 19 ədəd ağacın (16 şam və 3 ayland) yandırılaraq quruma dərəcəsinə qədər zədələndiyi məlum olub. Faktla bağlı təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunub”.
Məsələ ilə bağlı sakinlər tərəfindən ağacların yandırılması prosesinin göstərişini vermiş şəxs kimi adı hallanan Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun da mövqeyini öyrəndik.
O, “Ölkə.Az”-a açıqlamasında deyib ki, 5 il bundan öncə sözügedən ağaclar olan ərazidə yanğın hadisəsi baş verib:
“Guya ağacların mənim tərəfimdən yandırılması cəfəngiyyatdır. Bilirsiniz, vaxtilə o ərazidə qaçqınlar məskunlaşmışdı. Beş il bundan öncə qaçqınlar həmin ərazidən köçürülərkən, onların atdığı zir-zibillər yandırılmışdı. Bu zaman, yəni 5 il öncə o ərazidə yanğın hadisəsi baş vermişdi. Dərhal da FHN-nin yanğın söndürən maşınları gəlib yanğının qarşısını almışdı. Ola bilsin ki, ağacların kökündəki qaralmalar həmin yanğından qalıb. Ancaq orada heç bir ağac yanmayıb, qurumayıb. Orada ağacların hamısı yaşıldır. Biz orada iməclik də keçirtmişik. Mən mətbuatı da dəvət edirəm ki, gəlib həmin əraziyə baxsınlar”.