- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
Mənim kəndim - “Sinəmdən bir sərinlik keçdi, sonra bildim ki, o gürzə ilanıymış” - Qulu Məhərrəmli
Modern.az saytında kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” layihəsinə davam edirik. Bu dəfə tanınmış jurnalist, media eksperti, professor Qulu Məhərrəmli özünün anadan olduğu, uşaqlığının keçdiyi Zəngilan rayonunun Babaylı kəndi və ora ilə ayrılığın kövrək məqamlarından danışıb:
Yaddaşın cığırları ilə...
- Zəngilanın Babaylı kəndində doğulmuşam. Kəndimizin təxminən 300 il yaşı var. Üç əsr əvvəl Arazın o tayında bizə yaxın Qaradağlar mahalındakı eyni adlı yurddan köçüb gəlmiş üç qardaş bu kəndin əsasını qoyub. Buralar vaxtilə Nadir şahın silahdaşlarından biri olmuş Məmməd bəy Cavanşirin (qonşuluqdakı Məmmədbəyli kəndi onun adınadır) torpaqları imiş. Kəndimizin bünövrəsini qoymuş həmin o üç qardaş mövsüm vaxtları gəlib bəyin taxıl zəmilərində, xırmanında işləyirmişlər. Bəy onların işgüzarlığını və insanlığını bəyənib, təklif edib ki, gəlin, sizə yer-yurd verim, burada məskunlaşın, kənd salın, daha hər dəfə gedib-gəlməyin. Beləcə, bizim kəndin əsası qoyulub. Mən həmin qardaşlardan kiçiyinin – Əhmədin nəslindənəm.
Təxminən 50-60 evi olan kəndimiz çox maraqlı coğrafi ərazidə yerləşir. Füzulu və Cəbrayıldan gələn şosse yolu bizim kəndin içindən keçib Qubadlı və Laçına gedir. Kənd irili-xırdalı çoxlu təpələr üzərində yerləşir, arxasında boz yamac və dərələr, qarşısında isə göz işlədikcə uzanan böyük bir vadi var. Həkəri və Bərgüşad çayları o vadidə, bizim kənddən bir az yuxarıda qovuşur, 5-6 km-dən sonra isə axıb Araz çayına tökülür.
Yadımdadır, camaat kənddə pambıq əkər, bostan becərər, heyvan saxlayardı. Çox kasıb, amma yaxşı bağlı-bağatlı, bir də toz-torpaqlı yolları olan bir kənd idi. Gün çıxanda və bir də qüruba enəndə, sanki kənd bir az sirli görünürdü mənə. Kəndimizin o şəkli indi də təsəvvürümdədir və tez-tez də yuxularıma gəlir.
Atam rəhmətə gedəndən bir il sonra, 7 yaşımda böyük qardaşımla məni oxumaq üçün Şuşaya - internat məktəbinə apardılar. Bu, mənim doğma kəndlə ilk ayrılığım idi. Amma sonradan 4-5-ci siniflərdə oxuyanda tətil zamanı Şuşadan qayıdanda, elə bil hər dəfə başqa bir kəndlə qarşılaşırdım.
Atası Məmmədqulu kişi və anası Mirvari xanım...
İlk qazanc
- Haradasa, 6 yaşım olardı. Kolxoz sədri hərdən “Villis” maşını ilə tarlaya, camaata baş çəkərdi. Onun sürücüsü Gurşad kişinin mən yaşda olan uşaqları bir-biriylə güləşdirmək kimi şakəri vardı. Bir dəfə “Top söyüd” deyilən yerdə məni başqa həmyaşıdımla güləşdirdi. Uşaq çəlimsiz idi, bir dəqiqəyə arxasını yerə vurdum. Sürücü əmi cibindən bir şax göy “5-lik” çıxarıb mənə verdi. Deyəsən, ürəkli güləşməyim ona xoş gəlmişdi. Odur ki, məndən bir az cantaraq bir uşağı çağırıb yenidən güləşdirdi. 5 manat məni çox ruhlandırmışdı, həm də camaat baxırdı deyə, elə bil özümdə əlavə güc hiss edirdim, təbii ki, fənd-zad bilmirdik, eləcə tutaşırdıq. Girəvəyə salıb məndən bir az böyük olan uşagın iki ayağını qamarlayıb yerə yıxıb üstünə çıxdım. Bu, elə adamı yıxmaq kimi bir şey idi. Gurşad kişinin kefi kökəldi, təzədən bir “5-lik” də verdi. Daha orada dayanmayıb sevinə-sevinə evə tərəf götürüldüm, pulları anama çatdırdım...
Kənd lövhələri: acılı-şirinli çalarlar
- Kəndimizin çox mehriban, olduqca səmimi, istiqanlı və dürüst adamları var idi, onlarda həmişə bir doğmalıq duyurdum. Hamı bir-birinə sevgi göstərirdi. Əlbəttə, arada su və ya çəpər üstündə dava-dalaş da olurdu, amma iş dava həddinə gedib çıxmırdı. Ağsaqqal-ağbirçək var idi və onların sözü hər yerdə eşidilirdi. Kasıblıq idi, amma insanların mərdliyi də varıydı. Heç kim o birindən bir parça çörəyini əsirgəməzdi.
Evimiz kənddəki adi evlərdən biriydi. Torpaq döşəməli, divarları suvaqsız ev... Rəhmətlik atam daş gətirib həyətə tökmüşdü ki, təzə ev tiksin, bünövrə də qazılmışdı, amma əcəl ona imkan vermədi. Həmin daşlar işğal gününəcən həyətimizdə idi...
Kənddə hər evin yaxşı bostanı, bağ-bağatı olardı. Ən yaxşı əncirlik bizim həyətimizdəydi. Əncir yetişən kimi qohum-əqraba gəlib vedrə-vedrə yığıb aparardı. Sanki hər şey ümumi idi. Kimin bostanında yaxşı qovun-qarpız olardısa, başqaları rahatca gedib o məhsuldan evinə apara bilərdi.
Hə, bir də kəndimizin qənşərindən axıb-keçən qobuda və çaylarda yaxşı balıq olardı. Balığı təkcə qarmaqla deyil, əllə də tutardıq. Məsələn, “Şirə” deyilən və dupduru suyu olan kanalın suyunu baş tərəfdən lilləndiridik ki, balığı əllə rahat tuta bilək. Həkəri-Bərgüşüd çayının çox dadlı balığı olurdu, “göy balığ”ın dadı indi də damağımdadır. O “Şirə” dediyim şirin suyun qıraqlarında “qıcı” deyilən qəribə, acı ot bitərdi, əla süfrə göyərtisi idi.
Kənddə yaşayanlar bunu bilir: bizdə də heyvan nobatı olardı. Biz də tez-tez mal-qara növbəsinə gedərdik. Naxıra getməyin də qəribə qaydası vardı: səhər tezdən mal-heyvanı Quru dərə deyilən yerə sürməliydik. Mal-qara bir az orada otlardı. Günortaya yaxın heyvanları pambıq tarlalarının arası ilə çaya gedən iki-üç kilometrlik yolla aparıb suvarır, sonra axşamacan çayın qırağında otarardıq. Amma naxırı o yolla aparmaq xüsusi məharət tələb edirdi, gərək, elə sürət seçəydin ki, mal-heyvan pambıq tarlasına daraşmasın. Çay kənarında yayda mal otarmağın bir ayrı ləzzəti var idi. Çünki heyvanlar yaxşı otlayandan sonra yatardı və bu, çayda doyunca çimmək üçün əla fürsət verirdi.
Doğulub, boya-başa çatdığım evimiz...
İnsanlıq mənzərələri
- Əvvəldə kəndimizin insanlarından danışdım. Yenə də danışaq: təsəvvür elə, bir nəfər daş qaldırıb ev qaralamaq istəyirdi. Həmən az qala, bütün kəndin cavanları, əli iş tutanları o həyətə köməyə axışardı, biri daşdan yapışardı, biri xərəkdən. Biri daş qaldırardı, biri qum ələyərdi... Belə idi bizim insanlar... Onlar heç bunun adına xeyirxahlıq da deməzdilər. Sadəcə, düşünürdülər ki, bu, elə belə də olmalıdır, vəssalam.
Kəndimizdə dəyirman yox idi. Dəni Cəbrayılın Qumlaq kəndinə aparar, orada üyüdərdik. Həə, burada bir haşiyəyə çıxım: güneyliləri ilk dəfə elə oradan gördük. Uşaq idim, “ikiyə bölünən vətən”, “Araz həsrəti” kimi ifadələr nədir, bilməzdim. Amma görürdüm ki, o tərəfdəkilər kimdirsə, elə bizimlə eyni dildə danışırlar. Bəzən bizdən giley də edərdilər. Deyərdilər, Şura hökuməti sizi dinsiz edib, oruc tutmursuz, namaz qılmırsız, yeməyi qəzet üstündə yeyirsiz.. Nə bilim, onlar da belə düşünürdülər. Sərhədyanı ərazi idi, əsgərlər qoymazdılar ki, çox yaxınlaşıb onlarla söhbətləşək.
Hə, qayıdaq dəyirmana. Deməli, böyüklər bizə tapşırırdılar ki, dəyirmanın dabanı deyilən bir qurğuya nəzarət edək. O nizamlı olmalı idi ki, dəni narın üyütsün. Yerində azacıq hərlənsədi, kəpək üyüdücəkdi. Böyüklər buna xüsusi nəzarət edərdilər. Un üyüdülüb böyük təknəyə töküləndən sonra onu çuvala, ya da kisəyə yığardıq. 12-13 yaşım olardı, 50 kq-lıq un kisəsinə gücüm çatmazdı. Bax, onda həmin kənddəki birlik, canıyananlıq burada özünü göstərərdi. Kişilər köməyə yetişərdi. Kisəni mənlə birlikdə sürüyərdilər...
Kənddə ot biçini də az qala xüsusi bir mərasim idi. Qışa ot tədarükünü öz biçənəyimizdən biçərdik, amma heyvanların gündəlik otunu gərək ordan-burdan, o cümlədən kolxoza aid sahələrdən biçəydin. Bunu da çox vaxt qadağan edirdilər, həm də o sahələr qorunurdu. Pambıq sahələrində də yaxşı ot olurdu, amma gərək ota lap tezdən-alaqaranlıqda getməli idin ki, “uğur” qazana biləsən. Səhərin sübh çağında biçdiyimiz o şehli otun qoxusunu hələ də unuda bilmirəm.
Bir də o uşaqları... Kəndimizdəki tay-tuşlarımı... Şuşada ümumi internat məktəbində oxuyurdum. Mənə başqalarından daha “intiligent” biri kimi baxardılar. Oxuduğum kitablar, baxdığımız filmlər haqda onlara xüsusi şövqlə danışardım. Hamısı da heyrətlə dinlərdilər. Sübh çağının şehli otu ilə onlar arasında bir bilsən, nə qədər yaxınlıq, oxşarlıq, doğmalıq vardı... İndi hamımız yaşlanmışıq, bir yerə yığışanda o günləri həsrətlə xatırlayırıq.
“Kəndimizdəki “super-marketlər”...”
Kolxozdan adambaşına günlük əməkhaqqı verilərdi, haradasa, 40-50 manat... Amma əməkgününə taxıl da bölərdilər. Hərdən kəndimizə avtodükanlar gələrdi, “lafqa” deyərdik ona. O gələn kimi kənddə qəribə bir canlanma yaranardı. Qadınlar, uşaqlar ona tərəf tələsərdilər. Kimin nəyi var idisə, “lafqa”nın yanında bilinərdi. Kimi parça alardı, kimi maqazin çörəyi... O qədər məhsullar olardı ki, onda.. O yadımdadır ki, yazıq anam heç o səyyar dükana tərəf getməzdi, biz də işimizi bilərdik.
Unudulmaz tələbəlik illəri...
İlanlı xatirələr
- Atamı çox erkən itirmişəm, 6 yaşımda. Amma haqqında hər zaman qohumlardan, dostlarından eşitmişəm. Özüm də onunla oturub-durmuş qohumlardan xahiş edərdim ki, mənə atam haqqında danışsınlar. Atamın bəzən çox mehriban olan, bəzən də çox qaşqabaqlı çöhrəsini güclə xatırlayıram. Həm qorxmaz, cəsarətli, həm də bir az əsəbi və əldən isti adam olub. Deyilənə görə, kimə bir yumruq vursaymış, həmin adam bir həftə özünə gəlməzmiş...
Biz tərəflərdə ilan-çayan çox olardı, hər dəfə də ilanlarla bağlı kənd adamları arasında qorxunc nağıllar dolaşardı. Mən uşaqlıqda heç bir ilandan qorxmazdım, təkcə “uçan ilan”ın adını eşidəndə dizlərim əsirdi, düzdür, mən elə bir ilan görməmişdim, amma deyirdilər ki, “uçan ilan” var və adamı pis çalır. Sadəcə, ilanın uçmağını təsəvvür edə bilmirdim.
İlandan qorxmamağı atamdan götürmüşdüm. Uşaq idim, bir gün evdə ailəliklə süfrə başında əyləşmişdik. Anam hərəmizin qarşısına qatıqla çörək payımızı qoymuşdu. Birdən evin damından yekə bir ilan düz süfrənin ortasına düşdü. Əvvəlcə, nə baş verdiyini anlamadıq. Sonra atam tez çarığını götürüb ilanın başından basdı.
Bir dəfə də atam biçənəkdə olanda, anam yemək və termosda çay qoydu ki, ona aparım. Atam yeməkdən sonra biçənəyin qırağındakı kiçik tut ağacının kölgəsində uzanıb dincini alırdı. Mən də yanında uzanıb başımı onun qolunun üstünə qoymuşdum. Bir də gördüm ki, sinəmin üstündən nəsə sərin bir şey keçdi. İstədim tərpənim, amma atam barmağı ilə sus işarəsi verdi ki, tərpənməyim. Həmin “sərinlik” sinəmdən ötüb getdi. Elə o keçən kimi atam dərhal “ilan” deyərək sıçrayıb ayağa qalxdı və yerdən bir ağac götürüb ilanın düz ortasından yuxarı qaldırdı. İlan da nə olsa yaxşıdır, gürzə...
İtki universitetləri
Atamın ölümünü, qadınların ağlaşmasını, əmilərimin hönkürtülərini indi də xatırlayıram. O zaman mənim 6, qardaşımın isə 8 yaşı vardı. Amma o zaman nələrin baş verdiyini dərk etmirdim. Heç nə mənə çatmırdı. Qardaşım məndən iki yaş böyük olduğundan bu hadisə ona daha pis təsir etmişdi. Onu heç cür sakitləşdirə bilmirdilər, mən sadəcə qardaşımın ağlamağına görə ağlayırdım. Görünür ki, nə baş verdiyini o, yaxşı başa düşürdü.
Əziyyətimizi daha çox anam çəkib. Biz iki böyük qardaş Şuşada oxuduq. Amma bizdən kiçik iki qardaşı çətinliklə böyütdü. Gah pambığa gedərdi, gah bağ-bostanı tək canı ilə əkib-becərirdi, gah kolxoz işlərini görərdi. Ot biçini vaxtı dəryazla ot biçə bilmirdi, bəzən bu işə əmilərim kömək edərdi, Amma qurumuş otu özü bağlayardı. Hər dəfə də biz tətildən qayıdanda mənlə qardaşımı bacardığı qədər yaxşı yola salardı, üst-başımızı təzələrdi...
Xeyri də bir, şəri də...
- Kəndin toylarının da, yaslarının da qəribə aurası olardı. Toylarımızda dava düşməzdi. Çünki əvvəllər içki verilmirdi, israfçılıq yox idi, yalnız bir cür xörək olardı. Qoç, qoyun, cöngə kəsilərdi. Heç pul salmaq deyilən bir adət də yox idi. Yemək yedikdən sonra qonaqlar ortaya salınan süfrənin ortasına 3 manat, 5 manatdan qoyardılar ki, toy yiyəsinə kömək olsun.
Allah uzaq eləsin, hüzr mərasimlərində də kənd yenə bir olardı. Kiminsə qapısında yas düşəndə gələnlər əllərinə keçəndən - qənddən, çaydan, yuxadan gətirərdilər ki, məclis sahibinə güc düşməsin... Belə idi o kənd.. Xeyirdə də, şərdə də bir..
"Novruzdan da danışaq..."
- Hələ mən kəndin Novruzunu demirəm. Novruzla bağlı ən çox yadımda qalan o idi ki, ilaxır çərşənbədə anam biz 4 qardaşı sübh tezdən oyadar, yaxınlıqdakı arxın üstünə aparardı. Suda əl-üzümüzü yuyar və suyun üzərindən atlanardıq.
Ailələr olardı ki, onlar şəhərə kənddəki evlərini boş saxlayardılar. Novruzda gənc oğlanlar, qızlar, əsasən də yeni evlənən gənc ailələr əllərinə keçəndən - yağdan, düyüdən, götürüb həmin evə toplaşar, qazan asardılar. Səhərə qədər deyib-gülmək, çal-çağır olardı. Qızlar, gəlinlər zarafatlaşar, bayatı deyib, holavar söylərdilər. Səhərə qədər kimsə evinə getməzdi. Sahibsiz evdə də qazan asılardı, ocaq yanardı. Bizim üçün Novruz elə bu demək idi. Həm də Arazın o tayına yaxın idik axı... Ona görə də oradakı güclü Novruz havası bizə də təsir edərdi. Novruzu belə şən keçirərdik. Musiqi alətimiz olmazdı. Hərə ev əşyasında nəsə dınqıldadardı. Amma bir zurnaçı Süleyman kişi var idi ki, onu yalvar-yaxarla həmin evə gətirərdik. Süleyman kişi zurnanı pülüyən kimi meydan daha da canlanardı.
Bu o zamanlar idi ki, kəndimizdə nə klub var idi, nə də başqa mədəniyyət yeri... Bunlar sonradan oldu. Sonradan kəndimizdə kino da göstərdilər. Yaşlı adamlar, xüsusən də kolxozun aratçıları (suvarları) kino başlar - başlamaz yuxuya gedərdilər. Arvadları dümsükləsə də, xeyri olmazdı. Bilmirəm niyə, amma o kinolardan ən çox bu epizod yadımda qalıb.
Sonra kitabxana açıldı kənddə. Gedib kitab götürər oxuyardıq. Qaytaranda kəndin kitabxanaçısı aldığımız kitab haqqında bizi sual –cavab edərdi.
Yaddaş zərbələri
- Kəndlə bağlı iki epizod var ki, onları da unutmaq olmur. Elə biz yaşda olan Xalidə adlı yeniyetmə qızı kənd yolunun üstündə yük maşını vurmuşdu. Qız dərhal ölmüşdü, amma qanı yola axmışdı. Mən hər dəfə o yoldan keçəndə vahimələnirdim.
Bir Əziz kişi də vardı, çox zarafatcıl adam idi. Atı onu belindən salıb öldürmüşdü. Kənddə hamıya pis təsir edən bir hadisə olmuşdu bu. Amma ən dəhşətlisi isə dəfn günü adamlar qəbristanlıqdan qayıdandan sonra həmin atın Əziz kişinin qəbrinin üstünə gedib dayanmadan kişnəməsi idi...
"Bizim Qüdrət"
- Qüdrətdən də danışım bir az... Bizim Qüdrətdən... Həm əmim nəvəsi, həm də uşaqlıq dostum, kəndimizin ən güclü, ağıllı, saf uşaqlardan biri də o idi. Ağdərə döyüşlərində böyük şücaət göstərmişdi. “BTR”i aşdığından ağır zədələnmişdi. Ömrünün sonuna kimi əlil arabasına möhtac oldu, amma heç ruhdan düşən adam deyildi, maşın sürərdi, alış-veriş bacarardı. Ömrünün son günləri onun yanında tez-tez olurdum, yataqdan qalxa, heç hərəkət edə bilmirdi. Axırıncı aprel döyüşləri günündə rəhmətə getdi. Yadımdadır, televiziyadan bu hadisələri izləyirdi, nə baş verdiyini məndən də soruşurdu. Deyirdim ki, bizim ordu, hücuma keçib, xeyli əraziləri işğaldan azad ediblər. Təbii ki, özüm də bir az üstünə qoyurdum. Onda onun gözlərində qəribə bir işıq yaranrdı...
Son söz əvəzi – "Biz yenə qayıdacağıq"
- 1991-ci ilin iyununda Bakıdan gedən Zəngilan ziyalıları rayonun icra hakimi Tofiq Mehdiyevlə birlikdə kəndlərə baş çəkdilər. Mən o heyətdə idim. Onda Mehrinin Nüvədi kəndinə də getdik. İnsanlarla danışıb, ürək-dirək verdik. Amma barıtın, qanın qoxusununq qarşısını almaq mümkün deyildi.
Zəngilan işğal olunmazdan iki-üç ay əvvəl sonuncu dəfə kəndimizdə, evimizdə oldum. Onda Azərbaycan-Ermənistan parlament nümayəndələrinin silsilə rəsmi görüşləri keçirilirdi. Həmin görüşlərdən biri də Qubadlıda olanda AzTV-nin əməkdaşı kimi danışıqları mən işıqlandırırdım. Bax, onda fürsətdən istifadə edib, bir gün əvvəl evimizə də getdim, bir gecə də qaldım. Elə bir zaman idi ki, artıq insanlar hər şeyi başa düşürdülər.
Yeddi il bundan əvvəl mənə az qala, Zəngilana getmək nəsib olacaqdı. Amma ABŞ beynəlxalq institutun təşkil etdiyi görüş çərvivəsində Yeravana qədər gedə bildik. Zəngilan və Şuşaya getmək müəyyən səbəblərdən alınmadı...
Amma nə zamansa, bu mümkün olsa, mən ilk olaraq kəndimizin qəbiristanlığına getmək istərdim. Atamın, qohumlarımın məzarlarını ziyarət edərdim. Sonra da birbaşa həmin balıq tutduğum çayın kənarına yollanardım. Çünki uşaqlığımızı və o illərin saf insanlarını orada qoyub gəlmişik...Elmin Nuri
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 2024 15:32
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 2024 13:04
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 2024 21:02
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 2024 14:02
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 2024 12:13
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 2024 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 2024 23:54
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41
- Prezidentin doğum günüdür
24 dekabr 00:08
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 22:05
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 21:02
- ŞOOK - Minimum aylıq əməkhaqqı artırıldı- Sərəncam
23 dekabr 20:14
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 18:34
- 43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim - diplomu saxta çıxan Abdıyeva
23 dekabr 14:02
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 12:59
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 12:47
- İlham Əliyev Roma Papasına məktub göndərdi
23 dekabr 12:13
- İrfan Sapmaz Heydər Əliyev və Elçibəylə gizli söhbətlərini ABŞ -da yayınlamağa başladı
23 dekabr 12:00
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48