İclasda millət vəkili Nəriman Əliyevin «Nuh.az», «Bizimxeber.az», «Teref.info», «Arqument.az» və digər 6 sayta qarşı müraciətinin müzakirəsində adları qeyd edilən ilk iki saytın təmsilçiləri cavabdeh qismində iştirak ediblər. Məsələ ilə əlaqədar bildirilib ki, hər bir kütləvi informasiya vasitəsi haqqında bəhs etdiyi şəxsin mövqeyinin öyrənilməsinə maraq göstərməlidir.
Materiallarda mövcud tələb gözlənilməyib. Bu isə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın müvafiq prinsiplərinin pozulması deməkdir. Şikayətlər üzrə Komissiyasının tövsiyəsi budur ki, mövcud yanlışlıq aradan qaldırılsın.
Komissiya üzvləri onu da bildiriblər ki, şikayətçi tərəf Milli Məclisin deputatı kimi mühüm status daşıyır. Buna görə də barəsində yayılmış material həqiqətdən uzaqdırsa, dərhal bəyanat verməli, məsələ barədə cəmiyyəti doğru məlumatlandırmalıdır ki, müxtəlif informasiya vasitələri yanlışlığı təkrarlamasınlar. İndiki halda məsələyə önəm verilməməsi eyni məzmunlu materialın müxtəlif informasiya resurslarında yer almasını şərtləndirib.
Bundan başqa, Bakı şəhəri Nərimanov rayonunun sakini İlahə Nəbiyevanın «Primetime.az» saytına qarşı müraciətinin müzakirəsi zamanı bildirilib ki, ictimai həyatla şəxsi həyat anlayışları bir-birindən fərqlənir. Hətta ictimai status daşıyan şəxslərin də şəxsi həyatı ola bilər ki, hər bir kütləvi informasiya vasitəsi bunu mütləq qaydada nəzərə almalıdır. Şikayətçi İ.Nəbiyev hazırda fəaliyyəti dayandırılmış ANS telekanalında uzun müddət müxtəlif uşaq verilişlərinin aparıcısı olub. Bu mənada onun həyatı KİV üçün maraqlı olsa da, qabardılan məqamın ictimai yükü şəxsi həyatdan irəli gələn məişət məsələlərinə söykənir. Buna görə də İ.Nəbiyevanın onun şəxsi həyatı barədə hər hansı KİV-in material yayımlamaması tələbi haqlıdır. Şikayətçinin mövqeyini haqlı edən daha bir xüsusiyyət odur ki, «Primetime.az» saytı konkret şəxs barədə digər şəxsin fikirlərini açıqlayarkən təqdimat qarşı tərəfin mövqeyinə aydınlıq gətirilmədən həyata keçirilib. Komissiya bütün bunları nəzərə alaraq rəyə gəlib ki, «Primetime.az»a şikayətçi İ.Nəbiyeva barədə yayımlanmış materialı saytdan çıxarmaq tövsiyə olunmalıdır. İclasda iştirak edən sayt təmsilçisi bunu qəbul edib.
Toplantıda həmçinin bildirilib ki, kütləvi informasiya vasitələri haqqında ölkə qanunvericiliyinin tələbləri əsas götürülməlidir. Yəni istinad nöqtəsi «Primite.az» saytı narazılıq doğuran materialı dövriyədən çıxarmaq barədə öhdəlik götürürsə, şikayətçi İ.Nəbiyeva barədə yayımlanmış oxşar məzmunlu materiallar «qafqazinfo.az», «milli.az», «showxeber.az», «emtv.az», «milliyol.az», «medianews.az» saytlarında da yer almamalıdır. Sözügedən saytlara həm qanunvericilikdən, həm də peşə prinsiplərindən irəli gələn bu tələbi yerinə yetirmək tövsiyə olunur.
İclasda «Xəzər Lənkəran» futbol klubunun «Futbol+» qəzeti ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, qəzetlə klub rəhbərliyi arasındakı narazılıq müxtəlif illərdə mövcud olmuş qarşılıqlı münasibətlərdən qaynaqlanır. Mövcud xüsusda konkret olaraq kommersiya maraqları ön plana gəlir. Bu mübahisələrin aydınlaşdırılması üçün digər hüquqi prosedurlar var. Ancaq hətta haqlı olsa belə heç bir KİV kommersiya marağının ödənilməməsini qarşı tərəf barədə tənqidi material dərc etmək üçün əsas kimi istifadə etməməlidir. «Futbol+» qəzeti rəhbərliyinə bu xüsusda tövsiyə verilib.
İclasda müzakirə edilən növbəti məsələ Azərbaycanın Ukraynadakı Səfirliyinin «Olke.az», «Bakıpost.az», «Moderator.az» saytlarına qarşı müraciəti olub. Sözügedən saytların təmsilçiləri ümumən məsələnin həssaslığı ilə bağlı fikirlərini səsləndiriblər. Onlar əlavə ediblər ki, narazılıq doğuran mövzuya müraciət heç bir qərəzdən qaynaqlanmır, yalnız əsl həqiqətlərin üzə çıxarılması məramına söykənir. Komissiya üzvləri müzakirələrdən sonra bunu məqbul qiymətləndiriblər. Eyni zamanda rəyə gəlinib ki, hər bir KİV hər hansı tənqidi material yayımlayarkən tənqid hədəfi kimi götürülən şəxsin mövqeyinin məhz həmin materialda öyrənilməsinə çalışmalıdır. Bu, peşəkarlığın ən mühüm şərtidir.
Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Validə Həsənovanın «Dəryaz» qəzetinə qarşı müraciətinin müzakirəsi zamanı isə vurğulanıb ki, materialda qeyd edilən məsələlər ciddi araşdırma tələb etdiyindən bununla əlaqədar Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında müzakirələr aparılmalıdır.
Eyni qərar Suraxanı rayon Hövsan qəsəbəsi 163 saylı uşaq bağçasının müdiri Pakizə Mahmudovanın «Ədalət tribunası» qəzetinə qarşı şikayəti ilə bağlı da verilib.
Neftçala rayon sakini Vurğun Şirəliyevin «Neytral» İnformasiya agentliyi (nia.az) ilə bağlı şikayətinin müzakirəsi gedişində isə aydınlaşdırılıb ki, sözügedən saytın narazılıq doğuran materialda tənqid hədəfi kimi seçdiyi şəxslərə münasibətdə ortaya qoyduğu mövqe yolverilməzdir.
Konkret olaraq qarşı tərəfin fikrinə aydınlıq gətirilməməsi, rəsmi təsdiqini tapmayan, sırf mülahizələrə əsaslanan fikirlərin gündəmə gətirilməsi peşə prinsiplərinin pozulmasıdır. «Neytral» İA-ya şikayətə səbəb olan materialı saytdan çıxarmaq, təkzib, yaxud qarşı tərəfin mövqeyinə aydınlıq gətirən yazı yayımlamaq tövsiyə olunub. / Bizimxeber.az/