Milli Qəhrəmanın qızı - Ölkəmə atam qədər faydalı olmaq istəyirəm
Maraqlı17 fevral 2024 20:34
"Bakalavr təhsilini xaricdə almaq istəyirdim. Lakin maliyyə baxımından bunu reallaşdırmaq mümkün deyildi. Atam o vaxt mənə söz verdi ki, səni magistratura təhsili üçün mütləq xaricə göndərəcəyəm. Ailəmə yük olmaq istəmirdim, bunun çətinliyini də anlayırdım. Atam isə deyirdi ki, "ürəyini buz kimi saxla, atan həll edəcək”. Bakalavrı bitirəndə xaricdə təhsil üçün dövlət proqramı elan edildi və atamla arzumuz reallaşdı. İnanıram ki, atam yenə də yanımda idi və bu məsələni o həll etdi. Çünki mən bütün çətin anlarımda onun varlığını möcüzəvi şəkildə hiss edirəm”.
Bu sözlər Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevaya aiddir. O, İngiltərənin nüfuzlu universitetlərindən olan "Warwick Business School”un magistr pilləsini uğurla başa vurub və vətənə qayıdıb. Təhsili, uğurları, bu yolda çətinlikləri, məqsədləri ilə bağlı hər addımda atasına layiq övlad olmağa çalışan şəhid qızı ilə söhbətləşdik.
"Kaspi” qəzetinin əməkdaşının Gülnarə Mirzəyeva ilə söhbətini təqdim edirik.
"Humanitar fənləri bəzən valideynlərim oxuyur, mən dinləyirdim”
Hərbçi ailəsində böyüdüyü üçün üç məktəb dəyişib. Orta təhsilinə Naxçıvanda başlayıb, Beyləqanda davam edib, Bakıda bitirib. Ali təhsilini isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti iqtisad fakültəsində, sənayenin təşkili və idarə olunması ixtisası üzrə davam etdirib və fərqlənmə ilə bitirib.
Uşaqlıq illərindən danışan həmsöhbətimiz deyir ki, ailəsi onların təhsilinə çox önəm verib. Hətta çətinlik çəkdiyi humanitar fənləri ata-anasının səsindən dinləyib, öyrənib: "Humanitar fənləri öyrənə bilmirdim və sevmirdim. Yadımdadır ki, atam saatın neçə olmasından asılı olmayaraq, işdən gələn kimi anamla birlikdə tarix kitabını açır, cümlə-cümlə oxuyurdular ki, öyrənə bilim. Onlar oxuyurdu, mən dinləyirdim. Təhsillə bağlı nədə çətinlik çəkirdiksə, ailəvi oturub, iclas edib, həll edirdik”.
"Atam heç vaxt işini evə gətirməzdi”
Hərbçi ailəsinin sərt qayda-qanunlarının olduğunu deyirlər. Gülnarə deyir ki, onların ailəsi ilə bağlı da hamı elə düşünüb: "Atam heç vaxt işini evə gətirməzdi. Nə qədər yorğun, gərgin olsa da, bizə onu hiss etdirmirdi. Münasibətlərimiz tam fərqli idi. Şəhid olandan sonra əsgərləri, zabit yoldaşları onun haqqında bizə danışırdılar, mən bəzən təəccüblənirdim ki, atamdan danışırlar? Təbii ki, bilirdim çox nizam-intizamlıdır. Amma mənə qarşı o qədər yumşaq idi ki... Evdə tam fərqli insan idi. Hərbçi ailəsinin əsas çətinliyi odur ki, onlar ailələrindən uzaq olurlar. Atam şəhid olmazdan əvvəl biz beş il idi ki, bir evdə deyildik. Ancaq bayramlarda, tətillərdə hər fürsətdə atamın yanına gedirdik. Hər gün danışırdıq, amma tez-tez görmürdük”.
"Qardaşımın statusunu oxuduqda, kövrəldim”
Yuxarıda da qeyd etdiyimiz kimi, həmsöhbətimiz məktəbi bitirdiyi il İngiltərəyə Elm və Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə gedib. İlk dəfə ailəsindən uzaq olduğu üçün orada bir müddət çətinlik çəkdiyini deyir. Qardaşının onun haqqında yazdığı statusu oxuduqda isə qürur hissi ona bütün çətinliklərini unutdurub: "Həm ailəmdən uzaq idim, mühit fərqli idi, həm də dərslər çətin idi. Amma ailəmin, qardaşımın dəstəyini həmişə hiss edirdim. Qardaşımla münasibətimiz hər bacı-qardaşda olduğu kimi idi. Həmişə sözlərimiz çəp düşür, dalaşırdıq. Amma onun mənim haqqımda yazdığı statusu oxuduqda, kövrəldim. Mənə elə gəlir ki, o sözlər qardaşımla münasibətlərimdə tam başqa mərhələnin başlanğıcıdır. "Qürur duyuram səninlə və unutma ki, sənin üstündə atanın kölgəsi, yanında ailən dayanıb” yazmışdı. Bu statusa qədər şıltaq bacı-qardaş olduğumuzu düşünürdüm. Amma bu statusla onu arxamda dağ kimi, eynən atam kimi hiss etdim”.
"Öz məsuliyyətini özün dərk etməlisən”
Xaricdə təhsillə Azərbaycan təhsilini fərqləndirən müsahibimiz vurğulayır ki, təhsildən əlavə, İngiltərədəki qrup dərsləri gələcək fəaliyyəti üçün yaxşı təcrübədir: "Fərqli qruplara bölünür, təqdimatlar, məqalələr hazırlayırdıq. Bu, çox faydalıdır. Çünki biz məzun olandan sonra gələcək iş yerimizdə hər hansı komandanın parçası olacağıq. Təhsil pilləsində komanda işini inkişaf etdirmək çox faydalıdır. Dərslər bizim təhsil sistemimizdən çox fərqlidir. Müəllimlər tələbkardır, amma əsas yük sənin üstündədir. Müəllim dərslərini izah edir, sualınıza cavab verir və işi bitir. Öz məsuliyyətini özün dərk etməlisən. Ən əsası, sənə uşaq kimi deyil, yetkin insan kimi davranır, fikirlərinə əhəmiyyət verirlər”.
"Dadlı plovun həsrətini çəkirdim”
Gülnarənin qürbətdə ən böyük çətinliyi yeməklərlə bağlı olub. Nənəsinin, anasının dadlı yeməklərinin həsrətini çəkib: "Londonda ən çox yeməklərimiz üçün darıxırdım. İngiltərə təbiəti, tarixi binaları ilə məşhur olsa da, mətbəxlərini sevmirdim. Hətta Azərbaycan restoranında belə, həmin dadı almırdıq. Milli yeməklərimiz üçün çox darıxırdım. Plovu çox sevirəm və dadlı plovun həsrətini çəkirdim. Gələn kimi anam mənə plov bişirmişdi”.
"Bu, mənim atamın qarşısında olan borcumdur”
Xaricdə təhsil alan gənclərin bəziləri orada iş tapıb, karyeralarını əcnəbi ölkədə davam etdirməyi arzulayırlar. Gülnarə deyir ki, onun heç vaxt belə planı olmayıb: "Atam həmişə deyirdi ki, biz hərbçiyik, ölkəni səngərlərdə qoruyuruq, siz də öz peşənizlə bu ölkəyə xidmət etməlisiniz. Atam bu vətən uğrunda canını verib. Mən də bu vətəndə xidmət etməli, ölkəm üçün faydalı olmalıyam. Bu, mənim atamın qarşısında olan borcumdur. Öz ölkəmə ən az atam qədər faydam olsun istəyirəm”.
Milli qəhrəmanın qızı olmaq...
Gülnarə deyir ki, Milli Qəhrəmanın qızı olmaq həm fəxr, həm də çox böyük məsuliyyətdir: "Atam bizimlə sərt davranmırdı, amma onun övladı olduğumuzun məsuliyyətini dərk edirdik. O, Milli Qəhrəman olduqdan sonra bu nizam-intizam davam etdi. Artıq tək deyildik və bilirdik ki, xalqın da gözü üzərimizdədir. Atamın adına layiq övlad olmaq borcumuzdur. Nə xoş mənə ki, onun arzularını reallaşdırıram. Mən fəxr edirəm ki, elə bir atanın qızıyam, ümid edirəm ki, həmişə onun adını layiqincə yaşadacağam”.
Oxşar xəbərlər
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2024 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
Xəbər lenti
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
Video & Fotoqalereya
Video
Fotoqalereya